...

Azərbaycan və Türkiyənin iş adamları hər iki ölkəni dialoqa çağırır

Siyasət Materials 7 Aprel 2009 15:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycan-Türkiyə İş Adamları Birliyi Türkiyə və Azərbaycan hökumətlərini aktiv və səmimi dialoqa cağırır. Bu barədə Birliyin Trend -a çərşənbə axşamı daxil olan bəyanatında bildirilir.

"Hazırda mövcud olan şəraitdən Ermənistan və onun tərəfdaşları olan bir sıra üçüncü ölkələrin və dairələrin öz mənfəətlərinə uyğun istifadə etmələrinə imkan verməyin, Azərbaycanın və Türkiyənin dövlət maraqlarının uzlaşdırılacağı siyasət yürüdün", - deyə bəyanatda vurğulanır.

Trend -un arayışı: Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma "erməni soyqırımı" iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Birlik bəyan edir ki, Türkiyə və Ermənistan sərhədlərinin açılması üçün əvvəlcədən müəyyənləşdirilmiş şərtlər yerinə yetirilməyincə, yəni Ermənistan qondarma "erməni soyqırımı" iddiasından və Türkiyəyə qarşı torpaq və təzminat iddiasından imtina etmədikcə, Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərinin işğalına son qoymadıqca və qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasını təmin etmədikcə sərhədlərin açılması yalnız Ermənistanın və onun havadarları olan bəzi üçüncü ölkələrin və dairələrin maraqlarına uyğun olacaq.

Birlik hesab edir ki, yuxarıda sadalanan şərtlər yerinə yetirilmədən Türkiyə və Ermənistan arasında sərhədlərin açılacağı halda hazırda Azərbaycan və Türkiyənin malik olduğu strateji üstünlüklər heçə enəcək, Azərbaycan və Türkiyə arasında siyasi, iqtisadi və sosial əlaqələrə, ölkələrimizin regiondakı geosiyasi nüfuzuna ciddi zərbə dəyəcək ki, bu da öz növbəsində hazırda malik olduğumuz regionda enerji resurslarına nəzarət imkanlarının zəifləməsinə gətirib çıxaracaq.

Azərbaycan-Türkiyə İş Adamları Birliyi yuxarıda deyilənləri nəzərə alaraq, hazırkı şəraitdə Türkiyə və Ermənistan arasında sərhədlərin açılmasına etiraz edir və bu addımın Türkiyəyə heç bir mənfəət gətirməyəcəyi fikrində olduğunu bildirir.

Birlik Türkiyə hökumətinin Azərbaycan və Türkiyə ictimaiyyətinin bu məsələdə haqlı narahatlığını diqqətə alaraq, sərhədlərin açılmasına daha həssas və diqqətli yanaşacağına, hər iki ölkənin dövlət maraqlarını əsas götürəcəyinə ümid edir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti