...

Türkiyə hakimiyyətinin davranışları Ermənistanla sərhədlərin açılmasının tərəfdarı olduğunu göstərir – Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun həmsədri

Siyasət Materials 8 Aprel 2009 18:53 (UTC +04:00)
Türkiyə hakimiyyətinin davranışları Ermənistanla sərhədlərin açılmasının tərəfdarı olduğunu göstərir – Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun həmsədri

Azərbaycan, Bаkı, 08 aprel / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun həmsədri hesab edir ki, Türkiyənin indiki hakimiyyətinin davranışları onların Ermənistanla sərhədlərin açılmasının ya tərəfdarı olduğunu, ya da beynəlxalq və ictimai rəyi öyrənmək istədiklərini göstərir.

"Sərhədlərin açılması üçün cəhdlər edildiyi hiss olunur. Amma Azərbaycan həm dövlət, həm də cəmiyyət səviyyəsində buna etiraz edir", - çərşənbə günü Trend -a Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun həmsədri, Azərbaycan Atatürk Mərkəzinin prezidenti Nizami Cəfərov bildirib.

Trend -un arayışı: Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

Cəfərovun sözlərinə görə, sərhədlərin açılmayacağına hələ də ümid etmək olar.

"Çünki dəfələrlə həm Türkiyə Prezidenti, həm də Baş nazir deyiblər ki, Ermənistanla sərhədlər Dağlıq Qarabağ problemi həll olunmadan, Azərbaycanın ərazi bütövlüyü təmin olunmadan, Ermənistanın "soyqırım"la bağlı və digər iddialarından əl çəkməyənə qədər açıla bilməz", - millət vəkili əlavə edib.

Onun fikrincə, Ermənistana indiyə qədər bu iddialarından əl çəkmək üçün imkan və şanslar verilsə də, hələ də heç bir müsbət nəticə yoxdur. "Bunu nəzərə alaraq demək olar ki, sərhədlərin açılması mümkün deyil", - Cəfərov deyib.

Dostluq Qrupunun həmsədri Türkiyə Böyük Millət Məclisindəki (parlament) həmkarları ilə uzun müddətdir ki, sərhədlərin açılmasının qarşısının alınması üçün müzakirələr aparıldığını da söyləyib.

"Bu məsələ həmişə bizim nəzarətimizdədir. Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədri Mustafa Kabakçı ilə daima bununla bağlı müzakirə aparmışıq. O, dəfələrlə deyib ki, Ermənistanla sərhədlər yalnız Azərbaycanın ərazı bütövlüyü təmin olunandan sonra açıla bilər. Kabakçı bu gün də həmin fikirdədir", - Cəfərov bildirib.    

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti