...

Azərbaycan Prezidenti İKT iştirakçılarını təbrik edib

Siyasət Materials 21 Aprel 2009 19:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel, Trend /

Azərbaycan Prezidenti İlham Əliyev İslam Konfransı Təşkilatına (İKT) üzv olan dövlətlərin hüquq-mühafizə orqanları rəhbərləri Konfransının keçirilməsi münasibətilə iştirakçıları təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Respublikasının Prezidenti İslam sivilizasiyasının sülh və tolerantlığı, bəşəri ideyaları və insan ləyaqətinə hörməti, humanizm və mərhəməti təşviq edən, milyonlarla insanı birləşdirən dəyərlər sistemi olduğunu bildirib.

İham Əliyev bildirib ki, "terrorizm, separatizm, silahların və narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri, qanunsuz miqrasiya, cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin leqallaşdırılması kimi cinayətlər transmilli xarakter daşıdığından dövlətlərin birgə dinc yaşamasına ciddi təhlükə yaradır. Buna görə də xalqlarımızın ümumi rifahına və inkişafına nail olmaq, təhlükəsizliyi təmin etmək məqsədi ilə sosial-iqtisadi, siyasi tədbirlərlə yanaşı, cinayətkarlığa qarşı mübarizənin səmərəli şəkildə həyata keçirilməsi vacibdir".
Azərbaycan Prezidenti əlavə edib ki, son on beş il ərzində həyata keçirilən fundamental islahatlar Azərbaycanın dinamik inkişafında və müasirləşməsində zəruri faktor olub. "Bununla yanaşı, Azərbaycanın qarşılaşdığı ən ağrılı problem Ermənistanın yürütdüyü təcavüzkar separatizm, etnik təmizləmə və terror siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin işğalı, bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsidir", - İlham Əliyev bildirib.

Azərbaycan Prezidenti əlavə edərək bildirib ki, işğal olunmuş ərazilərə Ermənistanın və qondarma separatist rejimin nəzarət etməsi narkotiklərin və silahların qanunsuz dövriyyəsinə, insan alveri, çirkli pulların yuyulması kimi cinayətlərin vüsət almasına şərait yaradıb.

İlham Əliyev İKT ölkələrinin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın təşviqi və dərinləşdirilməsinin transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin səmərəsini artıracağına əminliyini bildirib.

Xəbər lenti

Xəbər lenti