...

Azərbaycanlı deputatlar Ermənistanın işğalçılıq siyasətini Türkiyədə müzakirəyə çıxaracaq

Siyasət Materials 25 Aprel 2009 13:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / Trend , müxbir C.Babayeva /

Azərbaycan Parlamentinin deputatları Ermənistanın işğalçılıq siyasətini Türkiyədə müzakirəyə çıxaracaq.

Trend -un məlumatına görə, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) Parlament Assambleyasının Hüquq və Siyasi Məsələlər Komitəsinin aprelin 29-30-da Türkiyənin Manisa şəhərində keçiriləcək 33-cü iclasında azərbaycanlı deputatlar Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyondan artıq azərbaycanlının miqrasiyaya məruz qaldığını müzakirəyə çıxaracaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Milli Məclisin deputatları Mübariz Qurbanlı və Asəf Hacıyevin iştirak edəcəkləri iclasda bir sıra məsələlər, o cümlədən "Qara Dəniz Əməkdaşlığına üzv ölkələrdə miqrasiya: hüquqi aspektlər" mövzusunda məruzə müzakirə olunacaq və bu məsələ ilə əlaqədar tövsiyələr qəbul ediləcək.

Deputatlar həmçinin, Azərbaycan hakimiyyətinin miqrasiya sahəsində həyata keçirdiyi siyasətin əsas istiqamətlərini toplantı iştirakçılarının diqqətinə çatdıracaq.

QİƏT 1992-ci ildə yaradılıb. Hazırda Albaniya, Ermənistan, Azərbaycan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Serbiya, Türkiyə və Ukrayna təşkilatın daimi üzvləridir.

QİƏT-də müşahidəçi dövlətlər isə Avstriya, Belarus, Xorvatiya, Çexiya, Misir, Fransa, Almaniya, İtaliya, Polşa, Slovakiya və ABŞ-dır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti