...

ABŞ hərbçiləri hələ də Qəbələdəki radarla bağlı qərarın qəbul edilməsinə ümid edirlər - ABŞ-ın sabiq müdafiə naziri

Siyasət Materials 4 İyul 2009 13:06 (UTC +04:00)
ABŞ hərbçiləri hələ də Qəbələdəki radarla bağlı qərarın qəbul edilməsinə ümid edirlər - ABŞ-ın sabiq müdafiə naziri

ABŞ, Vaşinqton, 04 iyul / Trend , müxbir N.Boqdanova / 

Trend -un ABŞ-ın sabiq Prezidenti Bill Klintonun Administrasiyasında 1997-2001-ci illər ərzində müdafiə naziri olmuş Uilyam Koenlə müsahibəsi

- Barak Obamanın Moskvaya səfərindən sonra ABŞ və Rusiya arasında hərbi qarşıdurmanın azalmasına inanırsınızmı?

- Bəli, mən həqiqətən də hesab edirəm ki, bu, ABŞ və Rusiya üçün daha yaxşı münasibətlər qurmaq yolunda, həm də yalnız adıçəkilən iki ölkə üçün deyil, eləcə də regional və qlobal sülh və sabitlik üçün vacib əhəmiyyət daşıyan ilk addım olacaq. Mən bu görüşdən çox şey gözləyirəm.

- Son illərdə ABŞ-Rusiya danışıqlarında Raket Əleyhinə Müdafiə (RƏM) sistemləri ilə bağlı məsələ aktuallaşıb və sabiq Prezident Vladimir Putin Vaşinqtona Qəbələdəki Azərbaycan radarından birgə istifadəni təklif edib.

- Mən hesab edirəm ki, bizim ölkələrimiz bu cür problemləri öz potensialı hesabına həll etməyə qadirdirlər. Obama Administrasiyası Rusiya ilə münasibətlərdə praqmatik yanaşma qəbul etməlidir, çünki yeni və daha yaxşı rus-amerika tərəfdaşlığının qarşısında əsas maneə tərəflər arasında böyük inamsızlıqdır. ABŞ-ın əvvəlcədən təklif olunmuş mexanizm planından imtina etməsi səhv olardı.

Bildiyimə görə, ABŞ hərbçiləri hələ də Qəbələdəki radarla bağlı qərarın qəbul edilməsinə ümid edirlər. Azərbaycan ABŞ-ın hərbi sahədə prioritet tərəfdaşıdır və bundan sonra da olacaq. Bizim ölkələrimiz müxtəlif sahələrdə əməkdaşlıq üzrə böyük təcrübəyə malikdirlər.

Əlbəttə, mən danışıqların gedişi barədə dəqiq məlumata malik deyiləm. RƏM məsələsinə yanaşarkən Rusiya İrana münasibətdə ABŞ-ın mövqeyinə dəstək verdiyini nümayiş etdirmək üçün bir sıra addımlar atmalıdır (çünki ABŞ RƏM sistemi Rusiyaya qarşı deyil, İrandan gələn təhlükəyə qarşı yönəlib). Və belə addımlardan sonra Vaşinqton və Moskva arasında RƏM sisteminin yenidən təşkilatlandırılması ilə bağlı məsələ Rusiyanın da bu planlarda iştirak edə biləcəyi şəkildə müzakirə olunacaq.

- 2008-ci ilin avqustunda Gürcüstanda baş verən müharibədən sonra regionun bəzi ölkələri, o cümlədən Azərbaycan regiondakı silahlı qüvvələr balansının pozulacağından ehtiyat edir. Bu vəziyyətdən çıxış yolunu necə görürsünüz?

- Yaxınlarda Moskvadan səfərdən qayıtmışam. Məncə Rusiya Administrasiyası regional məsələlərin sülh yolu ilə həllində maraqlıdır. Bu həmişə nail olunması böyük səylər tələb edən məqsədlərdir. Vaşinqtonda ümid edirlər ki, ABŞ və Rusiya Strateji Silahlanmanın Azaldılması (SNV) haqqında yeni müqavilə imzalaya biləcəklər. Buna görə də bütün maraqlı ölkələr belə məsələlərdə praqmatik olmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti