...

Rəsmi Bakı Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada keçiriləcək görüşündən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişlər gözləyir – xarici işlər naziri

Siyasət Materials 6 İyul 2009 16:45 (UTC +04:00)
Rəsmi Bakı Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada keçiriləcək görüşündən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişlər gözləyir – xarici işlər naziri

Azərbaycan, Gəncə, 06 iyul / Trend , müxbir V.Məmmədov /

Rəsmi Bakı Azərbaycan və Ermənistan prezidentlərinin iyulun ortalarında Moskvada keçiriləcək növbəti görüşündən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişlər gözləyir. Bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Biz Moskva görüşündə Azərbaycan və Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Minsk qrupunun həmsədrlərinin köməyi ilə müəyyən irəliləyişlər gözləyirik", - deyə Məmmədyarov Gəncədə jurnalistlərə bildirib.

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti danışıqları iyul ayının ortalarında Rusiya Federasiyası Prezidentinin mükafatı üzrə ənənəvi at yarışları çərçivəsində keçirmək niyyətindədir.

İki ölkə başçısının Qarabağ münaqişəsinin nizamlanması üzrə keçirilən beşinci görüşü iyunun 4-də Sankt-Peterburqda baş tutub. Əvvəlki görüş isə mayın 7-də Praqada keçirilib. İlk danışıqlar ötən ilin iyun ayında Sankt-Peterburqda, ikinci görüş 2008-ci ilin noyabr ayının sonunda Moskvada, üçüncü görüş isə bu ilin yanvar ayının 28-də Sürixdə baş tutub.

"ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun 10-da Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın növbəti görüşünün hazırlığı üçün bu məsələni Ermənistan rəhbərliyi ilə müzakirə edəcəklər. Bundan sonra həmsədrlər Yerevandan Bakıya gələrək regiona səfərlərini başa vuracaqlar", - deyə nazir bildirib.

Nazirin sözlərinə əsasən, münaqişənin nizamlanması üzrə müəyyən irəliləyişlər var, prezidentlərin Sankt-Peterbruqda baş tutan ötən görüşü ərəfəsində razılaşdırıla bilməyən məsələlər ilə bağlı işlər Moskvada davam etdiriləcək.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti