Azərbaycan Prezidenti İlham Əliyev iyulun 7-də Belarusun Baş naziri Sergey Sidorskini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat yayıb.
Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib və əlaqələri inkişaf etdirmək, inteqrasiya olunmaq və əməkdaşlığı genişləndirmək üçün hər iki tərəfdə ümumi istəyin olduğunu vurğulayıb. Qısa vaxt ərzində birgə istehsal sahələrinin yaradılmasını yaxşı təcrübə kimi dəyərləndirən Prezident İlham Əliyev bu təcrübəni digər sahələrə də tətbiq etməyin zəruriliyini bildirib.
Dünyadakı mövcud iqtisadi və maliyyə böhranı şəraitində əməkdaşlığın əhəmiyyətini qeyd edən dövlətimizin başçısı ümidvar olduğunu bildirib ki, Belarusun Baş naziri Sergey Sidorskinin Azərbaycana səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi işinə xidmət edəcək.
Sergey Sidorski Belarus Prezidenti Aleksandr Lukaşenkonın salamlarını dövlət başçısına çatdırıb və bildirib ki, dünyadakı maliyyə böhranına baxmayaraq dövlətlərimizin başçılarının müəyyənləşdirdiyi uğurlu siyasət nəticəsində əlaqələrimiz inkişaf edir və bu siyasət əməkdaşlığımızın daha da genişlənməsi üçün yaxşı imkan yaradır.