...

Yəhudi qəsəbələri Fələstin-İsrail danışıqlarında Aİ üçün əsas problemdir – Avropa Fələstinliləri Konfransının başçısı

Siyasət Materials 14 İyul 2009 11:56 (UTC +04:00)
Yəhudi qəsəbələri Fələstin-İsrail danışıqlarında Aİ üçün əsas problemdir – Avropa Fələstinliləri Konfransının başçısı

Azərbaycan, Bakı, 14 iyul / Trend , müxbir Ü.Sadıxova /

Avropa Fələstinliləri Konfransının başçısı Məcid əl-Zir hesab edir ki, Avropa İttifaqının Fələstin dövlətinin yaranmasında atacağı ilk addım - Qərb sahilində yəhudi qəsəbələri ilə bağlı problemi həll etməlidir.

"Hamıya məlumdur ki, Qərb sahilində qəsəbələr qanunsuzdur. Buna görə də Avropa siyasəti ilk növbədə insanların beynəlxalq hüquqlarının birbaşa pozulması faktı sayılan qəsəbələrlə bağlı problemi həll etməlidir", - bu barədə Fələstin  Repatriasiya Mərkəzinin başçısı əl-Zir Londondan telefonla Trend -a bildirib.

Fələstin-İsrail sülhündə konkret addımlar atılması niyyətləri haqqında danışan Avropa İttifaqının xarici siyasət üzrə ali komissarı Xavyer Solana sülh danışıqlarının tamalanmasının tarixini təyin etməyi təklif edib. Sülh danışıqlarının tamamlanması üçün BMT Təhlükəsizlik Şurası nizamlanmanın parametrlərini özü müəyyən etməlidir və "Fələstini BMT-nin tamhüquqlu üzvü qəbul etməlidir". RİA Novosti xəbər verir.

Avropa Parlamentinin nümayəndələri və Fələstin təşkilatlarının üzvləri ilə görüşdə Solana bildirib ki, İsrail və Fələstinlilər yaxın zamanda müstəqil Fələstin dövlətinin yaranması ilə sülh prosesinin tamamlanması məqsədilə danışıqlar masası arxasına qayıtmalıdırlar.

Lakin İsrail XİN hətta münaqişənin danışıqlar yolu ilə həlli olmadıqda belə, Solananın Fələstini BMT-nin tamhüquqlu üzvü qəbul edilməsi təklifini qəbul etməyib.

"İsrail ilkin şərtlər olmadan sülh danışıqlarının dərhal bərpa edilməsinə hazır olduğunu bəyan edib. Danışıqlar üçün süni vaxt çərçivələrinin tətbiq edilməsi də daxil olmaqla, hər hansı bir yanaşma razılığın əldə edilməsi istiqamətində səylərə ziyan vurur", - İsrail XİN-in press-relizində deyilir, RİA Novosti xəbər verib.

Solana ilə görüşən Avropa nümayəndə heyətinin üzvlərindən biri əl-Zir hesab edir ki, "Avropa İttifaqının Fələstin xalqının işğal edilmiş ərazilərə geri dönməsi hüququnun bərpasında kömək etmək üçün iradəsi və istəyi var". Fələstinlilərin beynəlxalq hüquqlarını pozan Qərb sahilində qəsəbələr problemi Aİ-nin sülh prosesində iştirakında əhəmiyyətli olaraq qalır, deyə əl-Zir hesab edir.

İsrail tərəfindən 1967-ci ildə işğal edilmiş Qərb sahilində 121 yəhudi qəsəbəsi var. Həmin qəsəbələrdə 300 min israilli yaşayır.

Fələstinlilər İsrail tərəfindən Qərb sahilində qəsəbələrlə bağlı plan tam dayandırılmayana kimi danışıqlar masası arxasına qayıtmaqdan imtina edirlər.

"Aİ İsrailin qəsəbə siyasətinin sonrakı inkişafına mane olmalı, eyni zamanda hazırkı tikintiləri dayandırmağa məcbur etməlidir", - deyə əl-Zir bildirib.

Binyamin Netanyahu hökuməti gələcəkdə tikintilərin dayandırılması ilə razıdır, lakin hazırkı qəsəbələrin tikintisinin dondurulmasından imtina edir.

Avropa Fələstinliləri Konfransının başçısı əl-Zirin sözlərinə əsasən, Avropanın İsrailə təzyiqində əsas xətt - ticari və iqtisadi münasibətlərdir. İsrailin əmtəə mübadiləsinin 33 faizi Avropanın payına düşür ki, bunun da böyük hissəsi Aralıq dənizi vasitəsilə həyata keçirilir.

"Avropanın coğrafi yaxınlığı və iqtisadi əməkdaşlığı müstəqil Fələstin dövlətinin qəbul edilməsi məsələsində İsrailə təzyiqdə əhəmiyyətli rol oynaya bilər", - deyə əl-Zir qeyd edib.

Əl-Zirin sözlərinə əsasən, Solana ilə görüşdə Avropa nümayəndə heyəti İsrail ilə münasibətlərə yenidən baxılmasını tələb edib. Belə ki, Avropa konstitusiyasına əsasən, xarici əlaqələr insan hüquqları haqqında beynəlxalq qanunlara riayyət olunması zamanı həyata keçirilə bilər.

"Solananın bəyanatı Liberman və Netanyahu mövqeyinə ziddir. Avropa İsrailə təzyiq göstərməyə başlayıb, çünki bunu insan haqları haqqında Avropa qanunu, ictimaiyyət və fələstinlilərin hüquqlarını müdafiə edən təşkilatlar tələb edir", - deyə əl-Zir bildirib.

Xəbər lenti

Xəbər lenti