Azərbaycan, Bakı, 16 sentyabr / Trend , müxbir C.Babayeva /
Azərbaycanlı deputatlar hesab edir ki, Rusiyanın Dövlət Dumasının sədr müavininin Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər rəsmi Moskvanın maraqlarına ciddi zərbədir.
"Jirinovskinin səsləndirdiyi fikirlər yalnız Azərbaycanın deyil, Rusiyanın da milli maraqlarına ziddir. Əgər Rusiya ərazilərinin vaxtilə kimə məxsus olduğunu və vaxtaşırı orada baş qaldıran separatçılığı nəzərə alsaq, Rusiyadan bir şey qalmayacaq. Jirinovskinin uzaqgörən olmamasıdır ki, belə sərsəm və məsuliyyətsiz bəyanatlar verir", - çərşənbə axşamı Trend -a hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Aydın Mirzəzadə bildirib.
Trend -un arayışı: Rusiya Federasiyasının Dövlət Dumasının sədr müavini, Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovski "Novosti Armeniya" agentliyinə verdiyi müsahibəsində bildirib ki, Dağlıq Qarabağ əzəli erməni torpaqlarıdır və onlar həmişə bu torpaqlarda yaşayıblar. "Münaqişənin həlli ilə bağlı danışıqları 5-10 il də aparmaq olar, amma bunun hamısı Dağlıq Qarabağın Ermənistana birləşməsi və ya müstəqil dövlət kimi tanınması ilə nəticələnəcək", - Jirinovski bildirib.
"Dağlıq Qarabağla bağlı aparılan danışıqlarda müəyyən ilkin nəticələr və ya sülh müqaviləsinin bağlanması heç də uzaqda deyil. İlkin olaraq 5, sonra 2 rayon qaytarılır. Sonra isə status məsələsi müzakirə edilir. Maraqlısı budur ki, bu prinsipi Rusiya müdafiə edir. Belə çıxır ki, Jirinovski bu gün Rusiyanın dövlət siyasətinin kəskin əleyhinə çıxır, öz bəyanatları ilə Rusiyanın imicinə ciddi təsir edir", - deputat əlavə edib.
"Jirinovski dünənki günün siyasətçisidir. O, bu gün dünyanı idarə edən və sülhü qoruyub saxlayan ərazi bütövlüyü prinsipinin əleyhinə çıxır. Bu günün özündə Rusiya bu cür problemlərlə üzləşir. Yaponiyanın Kuril adalarına olan iddiası, Şimali Qafqazda vaxtilə gedən separatçılıq hərəkatı. Məgər bütün bunlar Jirinovskinin yadından çıxıbmı? Əgər o, həqiqətən də ermənilərin özünün müqəddaratının həll etməsində bu qədər maraqlıdırsa, o zaman Rusiyanın Stavropol, Krasnodar şəhərlərində və Moskvanın bir hissəsində müstəqil erməni dövlətinin yaradılması təklifi ilə çıxış etsin və Azərbaycan isə kənardan bu müstəqilliklərin nə verməsini müşahidə edərək müəyyən nəticəyə gəlsin", - Mirzəzadə deyib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ probleminin həllini Jirinovski kimi aqressiv insanlar deyil, Azərbaycan xalqı və onun etimad göstərdiyi Prezident həll edir.
"Dağlıq Qarabağda yaşayan ermənilərin hansı formada status alacağı gələcəyin işidir. Və ən əsası odur ki, status məsələsi yalnız Prezidentin dediyi kimi, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Başqa variant yoxdur", - deputat bildirib.
Mirzəzadə hesab edir ki, Jirinovskinin fikirlərinə Parlament səviyyəsində etiraz bildirilməsinə ehtiyac yoxdur. "Onun kimi insanların məsuliyyətsiz çıxışlarına ümumiyyətlə heç əhəmiyyət vermək lazım deyil", - deputat deyib.
Millət vəkili, Ana Vətən Partiyasının sədr müavini Zahid Oruc isə çərşənbə axşamı Trend -a açıqlamasında Rusiyanın Dövlət Dumasının sədr müavininin Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlərinin ciddiyə almaq lazım olmadığını deyib.
"İndiki gerçəklikdə biz Vladimir Jirinovskinin mövqeyini ciddiyə alıb rəsmi addımlar atsaq, bəyanatlar və parlament fraksiyalarında reaksiya versək, bu, onun mövqeyinə daha çox xidmət edəcək. Əlbəttə, parlamentarilər tərəfindən buna kəskin etirazlar bildirilməlidir. Yalnız ona görə ki, o partiya təmsilçisi kimi yox, Rusiya Dövlət Dumasının sədr müavini kimi bu mövqeyini səsləndirib", - çərşənbə axşamı Trend -a millət vəkili Zahid Oruc bildirib.
Oruc hesab edir ki, Vladimir Jirinovski öz fikirləri ilə bağlı məsələləri informasiya müstəvisində tənzimləməlidir. "Başqa bir formada münasibət bildirmək Jirinovskinin Ermənistanla birgə qurduğu planlarının daha çox işləməsinə, onun fikirlərinin daha çox tirajlanmasına, ictimailəşməsinə və hətta bir az beynəlxalq dairəyə çıxmasına səbəb olacaq", - millət vəkili deyib.
Millət vəkilinin fikrincə, Rusiya Dövlət Dumasının sədr müavininin mövqeyinin heç kəsə xüsusi təsiri yoxdur. "Azərbaycanlıları bu narahat edir, amma onun mövqeyinin beynəlxalq təşkilatlar tərəfindən qəbul olunması üçün hüquqi-siyasi çəkisi yoxdur. Vladimir Jirinovski o qədər ekstravaqant addımların, hərəkətlərin və bəyanatların müəllifi olub ki, ayrı-ayrı ölkələr sadəcə onun mövqeyini ciddiyə alıb rəsmi reaksiyalardan vaz keçiblər", - Oruc bildirib.
Trend -un arayışı: İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]