Azərbaycan müxalifəti daxilindəki böhran daha da dərinləşə bilər – partiya sədri

Siyasət Materials 24 Sentyabr 2009 17:37 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyasının rəhbəri təmsil olunduqları hərəkatın təsisçiləri olan iki partiya arasındakı narazılığın müxalifət daxilindəki böhranı daha da dərinləşdirəcəyini istisna etmir.
Azərbaycan müxalifəti daxilindəki böhran daha da dərinləşə bilər – partiya sədri

Azərbaycan, Bakı, 24 sentyabr / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanın müxalifət partiyasının rəhbəri təmsil olunduqları hərəkatın təsisçiləri olan iki partiya arasındakı narazılığın müxalifət daxilindəki böhranı daha da dərinləşdirəcəyini istisna etmir.

"Müsavat Partiyasının Ümid Partiyası qarşısında inadlı şəkildə şərt qoyması qəbulolunmazdır. Ancaq bu gün hərakat daxilində baş verənlər müxalifətdaxili böhranı daha da dərinləşdirir. Bu isə arzuolunmazdır", - cümə axşamı Trend -a "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

Trend -un arayışı: "Qarabağ və Respublika Uğrunda Hərəkat"da təmsil olunan Müsavat Partiyası Ümid Partiyasının seçki komissiyalarında olan üzvlərinin geri çağırılması şərtini irəli sürüb. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə bu şərtin qəbulunun mümkün olmadığını və hərəkat üzvlüyündən çıxa biləcəklərini istisna etməyib.

Cəlaloğlunun sözlərinə görə, iki partiya arasında yaranan problemin həlli üçün cəhdlər göstərilsə də,  bu, hələ də müsbət nəticə verməyib. "Biz tərəflərin heç birini haqlı hesab etmirik. Müsavat və Ümid rəhbərliyi isə tələblərində israrlıdırlar. Bu səbəbdən hazırda hərəkat daxilində ciddi problem yarandığını etiraf etmək lazımdır", - ADP sədri əlavə edib.

Onun fikrincə, narazılığın aradan qaldırılması üçün bütün imkanlar tükənməyib. "Bizim məqsədimiz hərəkatın bütövlüyünü saxlamaq və bu şəkildə bələdiyyə seçkilərində iştirak etmək, müxalifəti indiki böhran vəziyyətindən çıxarmaqdır", - Cəlaloğlu vurğulayıb.

"Qarabağ və Respublika Uğrunda Hərəkat"ı Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal, Demokrat, Müsavat və Ümid partiyaları 2009-cu il martın 18-də Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən referendum ərəfəsində təsis ediblər.

Sаğ təmаyüllü partiya olan ADP 1991-ci ildə Sərdar Cəlaloğlu tərəfindən təsis edilib. Partiya 2007-ci ilin yanvarınadək iqtidara qarşı radikal müxalif mövqedə olub. 2008-ci ilin yanvarında ADP-nin hakimiyyətlə dialoq qurulması ilə bağlı yeni siyasi kursu qəbul edilib. Buna etiraz olaraq keçmiş sədr Rəsul Quliyev və tərəfdarları ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti