Azərbaycan, Bakı, 23 noyabr / Trend , müxbir A.Hüseynbala/
Azərbaycanda məntəqə seçki komissiyalarının seçki günü rolu və vəzifələri ilə bağlı treninqlər keçirilir.
"Bu treninqlərin keçirilməsində məqsəd seçki komissyalarının üzvlərinin maarifləndirilməsidir", - Trend -un məlumatına görə, bazar ertəsi keçirilən tədbirdə Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov bildirib.
Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Məmmədovun sözlərinə görə, bələdiyyə seçkilərinin yüksək səviyyədə keçirilməsi üçün komissiya üzvləri Seçki Məcəlləsini hərtərəfli öyrənməlidirlər. "Seçkilərlə bağlı MSK-nın təlimatlarından da istifadə etmək sərfəlidir", - MSK katibi əlavə edib.
Məmmədov deyib ki, treninqlər 4 gün davam edəəck. "Bakıdan sonra ölkənin müxtəlif bölgələrində də maarifləndirmə treninqləri keçiriləcək", - o vurğulayıb.
MSK katibi bələdiyyə seçkilərinin yüksək səviyyədə keçirilməsinə hərtərfli hazırlıq getdiyin qeyd edib. "Bizim açıq və şəffaf seçkilər keçirilməsi ilə bağlı kifayət qədər təcrübəmiz var. Ona görə də bələdiyyə seçkiləri ilə bağlı proseslərin müşahidə edilməsi bütün beynəlxalq təşkilatlar üçün də açıq olacaq", - Məmmədov xatırladıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]