Azərbaycan, Bakı, 4 dekabr / Trend , müxbir A.Hüseynbala/
Azərbaycan parlamentində "Dövlət qulluğu haqqında" qanuna dəyişiklik edilib.
"Dövlət qulluqçusunun məsuliyyətini nəzərdə tutan qanunun 25-ci maddəsinə edilən dəyişikliyə görə, dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımı şəkildə yerinə yeirilməməsi, habelə bu qanunla müəyyən edilmiş məsuliyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutlmayıbsa, intizam məsuliyyətinə səbəb olur", - Trend -un məlumatına görə, Milli Məclisin cümə günü keçirilən iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib.
Digər bir dəyişikliyə görə, dövlət qulluqçusu 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tədbirlərindən biri tətbiq edilə bilər.
"Töhmət veriləcək, bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılacaq, həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçiriləcək, daha aşağı təsnifatdan olan vəzifəyə keçiriləcək, ixtisas dərəcəsi bir pillə aşağı salınacaq, nəhayət dövlət qulluğundan azad ediləcək", - komitə sədri əlavə edib.
Dəyişiklikdə qeyd olunur ki, intizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən 7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət vermək olar.
"Bu zaman həmin orqan tərəfindən intizam tənbeh tədbiri 10 iş günü müddətində ləğv olunmalı və ya qüvvədə saxlanmalıdır", - Hüseynov vurğulayıb.
Komitə sədrinin sözlərinə görə, qanunun 25.9 maddəsinə edilən dəyişiklikdə dövlət qulluqçusunun qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilməsi də nəzərdə tutulur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]