...

Azərbaycanla NATO-nun münasibətlərinə mənfi təsir etmək istəyən qüvvələr var – Azərbaycan Parlamentinin deputatı

Siyasət Materials 7 Dekabr 2009 11:58 (UTC +04:00)
"Azərbaycanın NATO ilə əməkdaşlığına hər hansı formada zərbə vurmaq istəyən, mənfi təsir göstərmək istəyən dairələr son vaxtlar yenidən fəallaşıblar", - bazar ertəsi Trend News-a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.

Azərbaycan, Bakı, 07 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı hesab edir ki, Azərbaycanla NATO-nun münasibətlərinə mənfi təsir etmək istəyən qüvvələr var.

"Azərbaycanın NATO ilə əməkdaşlığına hər hansı formada zərbə vurmaq istəyən, mənfi təsir göstərmək istəyən dairələr son vaxtlar yenidən fəallaşıblar", - bazar ertəsi Trend -a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.

Trend -un arayışı: "Assoşeyted press" agentliyinin xəbərinə görə, Almaniyanın yeni qurulan koalision hökuməti NATO-nun erkən xəbərdarlıq sistemli "AWACS" təyyarələrinin Əfqanıstandakı missiyasını başlamadan bitirməyi qərara alıb.

Buna səbəb təyyarələrin Əfqanıstana uçuşu üçün hava dəhlizinin olmamasıdır. Belə ki, Azərbaycan və Türkmənistan təyyarələrin öz hava məkanlarından keçməsinə icazə verməyib, Almaniya hökuməti alternativ marşrut üçün Birləşmiş Ərəb Əmirlikləri ilə danışıqlar aparıb. Lakin bu danışıqlar da nəticə verməyib. Nəticədə Almaniya hökuməti 6 ay əvvəl əsasən alman hərbçiləri tərəfindən idarə olunan "AWACS" təyyarələrinin Əfqanıstanın hava məkanına nəzarətinə dair qərar çıxarsa da, bu müddət ərzində təyyarələr ünvana çata və uçuş keçirə bilməyib.

NATO-Azərbaycan münasibətləri 1992-ci ildə Azərbaycanın Şimali Atlantika Əməkdaşlıq Şurasına qoşulması ilə başlanıb. (1997-ci ildə AvroAtlantik Tərəfdaşlıq Şurası (AATŞ) adlandırılıb). Əməkdaşlıq Azərbaycanın 1994-cü ildə "Sülh naminə tərəfdaşlıq" proqramına qoşulmasından sonra tədricən inkişaf etməyə başlayıb.

İslahatların keçirilməsinə dəstəklə yanaşı, NATO-nun Azərbaycanla əməkdaşlığının mühüm məqsədlərindən biri ölkənin Silahlı Qüvvələrinin imkanlarını böhran reaksiyası əməliyyatları və sülhməramlı əməliyyatlar aparılan zaman NATO ölkələri qüvvələri ilə qarşılıqlı fəaliyyət səviyyəsində inkişaf etdirməkdən ibarətdir.

Orucun sözlərinə görə, son vaxtlar NATO-nun Əfqanıstana göndərdiyi AWACS tipli təyyarələrə Azərbaycanın hava məkanı verməməsi, eləcə də guya dövlət büdcəsində NATO ilə əməkdaşlığı nəzərdə tutan proqramların maliyyələşdirilməsindən imtinası kimi iddialar bunu bir daha sübut edir.

"Bu məlumatların NATO-nun Parlament Assambleyasının 55-ci sessiyası ərəfəsi ortaya çıxması bilavasitə məkrli və məqsədli xarakter daşıyırdı. Bu , bölgədə ən müxtəlif maraqları olan dairələrin işi idi", - millət vəkili əlavə edib.

Onun fikrincə, ölkədən kənarda olan həmin dairələr belə informasiyaları yaymaqla NATO ilə Azərbaycanın münasibətlərinə zərbə vurmağa çalışıblar. "Məqsəd alternativ təhlükəsizlik bloklarının mövqeyini qabartmaq, Azərbaycanı həmin təsir sferalarına daha çox yaxınlaşdırmaq idi. Hesab edirəm ki, buna getmək olmaz. Çünki Azərbaycan-NATO münasibətləri regionda hərbi-siyasi balans üçün çox önəmli faktordur", - Oruc vurğulayıb.

Komitə üzvü deyib ki, ABŞ Prezidenti Barak Obamanın və NATO rəhbərliyinin Əfqanıstanla bağlı yeni strategiyanı müəyyənləşdirməsinə Azərbaycanda da həssaslıqla yanaşmaq lazımdır.

"Azərbaycanın yerləşdiyi bölgə Əfqanıstanla xeyli yaxındır və buradakı təhlükəsizlik sistemləri bir-birinə bağlıdır. Ona görə biz Əfqanıstandakı hərbi kontingentimizin sayının artırılmasına da getməliyik. Bu mənim subyektiv arzumdur. Təbii ki, bununla bağlı qərarı prezident verməlidir. Amma mən Azərbaycanın NATO ilə münasibətlərinin inkişafı üçün bu addımın atılmasını arzulayıram", - Oruc qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti