...

"Nabukko" İran qazı olmadan da reallaşdırılacaq - Türkiyənin dövlət naziri Egemen Baxış (MÜSAHİBƏ)

Siyasət Materials 9 Dekabr 2009 17:13 (UTC +04:00)
Trend News-un Türkiyənin dövlət naziri Egemen Baxışla eksklüziv müsahibəsi
"Nabukko" İran qazı olmadan da reallaşdırılacaq - Türkiyənin dövlət naziri Egemen Baxış (MÜSAHİBƏ)

ABŞ, Vaşinqton, 09 dekabr / Trend , müxbir K.Paşayeva/

Trend -un Türkiyənin dövlət naziri Egemen Baxışla eksklüziv müsahibəsi

- Azərbaycan qazının qiyməti və onun Avropaya tranziti ilə bağlı danışıqlar hansı mərhələdədir? Danışıqların uzadılmasının səbəbi nədir və tərəflərin hansı tələbləri var?

- Bu məsələyə dair konkret bir söz deyə bilmərəm. Azərbaycan və Türkiyənin energetika nazirləri gərgin danışıqlar prosesindədirlər. Biz onların işinə nəzarət edirik. Bu məsələ Azərbaycan və Türkiyə üçün çox mühüm əhəmiyyət kəsb edir.

Türkiyə Avropa İttifaqının enerji təhlükəsizliyi məsələsinə mühüm yer ayıran ölkədir, çünki Avropa üçün lazım olan enerji mənbələrinin 70 faizi Türkiyə ilə qonşuluqda yerləşir. Buna görə də Türkiyə Avropa üçün təbii coğrafi körpüdür.

Lakin Türkiyə təkcə yeni xammalın yeni bazarlara çatdırılması üçün körpü deyil, eyni zamanda, qeyri-qanuni miqrasiyaya qarşı, terrorizmlə mübarizədə, narkotik və qaçaqmalçılığın daşınmasında təbii sipərdir. Yəni Türkiyə bəzi məsələlərin həllində körpü, digər məsələlərdə isə sipərdir. Bundan əlavə, Türkiyə Aİ üçün az əhəmiyyət kəsb etmir, nəinki Aİ Türkiyə üçün.

- İran bəyan edir ki, Türkiyə İran qazının marketinqinə 50 faizlik haqq əldə etmək və "Nabukko" boru kəməri ilə qaz nəql etmək istəyir. İranın "Nabukko" layihəsində iştirakı nə dərəcədə realdır? Siz bu layihənin İranın iştirakı olmadan reallaşdırılmasının mümkünsüzlüyü fikri ilə razısınızmı?

- "Nabukko" altı tərəfdaşın ticari layihəsidir. Qazı haradan əldə edib, hara nəql etmək barədə tərəfdaşlar qərar verməlidirlər. İran iri təbii qaz yatağının yerləşdiyi ölkələrdən biridir. İran qazının Avropa istehlakçılarına çatdırılması ilə bağlı qərarı "Nabukko" səhmdarları verməlidirlər. İran qazının nəql edilməsi "Nabukko" üçün dəstək ola bilər. İran qazı olmasa da "Nabukko" Azərbaycan, Türkmənistan və regionun digər ölkələrinin qazı ilə doldurula bilər.

- KFP (Kürdüstan Fəhlə Partiyası) məsələsinin həlli Türkiyə üçün çox mühüm əhəmiyyət kəsb edir. Sizcə, "demokratik açılım" layihəsi çərçivəsində kürd probleminin həlli mümkündürmü və İran Administrasiyası ilə bu məsələnin həllinə dair qarşılıqlı əlaqə və ya birgə layihə mövcuddurmu?

- KFP terror təşkilatıdır və Türkiyə dövlət kimi bütün vətəndaşları, tərəfdaşları və dostları ilə birgə bu təşkilat əleyhinə qarşılıqlı əlaqə yaradır. "Demokratik açılım" Türkiyədə milli birlik layihəsi çərçivəsində qiymətləndirilir. Türkiyədə demokratik problemləri təkcə kürdlər yaşamır. Ermənilərin, ələvi-şiələrin, qadın, uşaq və işçilərin demokratik hüquqlarını yaxşılaşdırmaq lazımdır. Bu şəxslərin demokratik hüquqları üçün çərçivələr mövcuddur. Biz Türkiyədə vətəndaşların onların etnik və dini mənsubiyyətindən asılı olmayarq demokratik hüquqlarını təkmilləşdirməyə başlamışıq. Lakin bu KFP ilə birbaşa əlaqəli deyil, bunlar müxtəlif mövzulardır. Onlardan biri terrorla mübarizə ilə, digəri isə vətəndaşların hüquqlarının yaxşılaşdırılması ilə bağlıdır.

Terrorla mübarizədə biz təkcə İranla yox, həm də bütün tərəfdaşlarımızla, qonşularımızla, dostlarımızla əməkdaşlıqda maraqlıyıq. Belə ki, terrorizm Yalnız Türkiyənin problemi deyil, bu beynəlxalq problemdir və bütün dövlətlər bununla mübarizə aparmalıdır.

Xəbər lenti

Xəbər lenti