...

Regionun liderinə çevrilən Azərbaycan əsrin ikinci onilliyində iddialı görünəcək - Trend News-un icmalçısı

Siyasət Materials 10 Dekabr 2009 14:36 (UTC +04:00)
Azərbaycanın xarici siyasətinin prioriteti dünya və regionun geosiyasi mənzərəsində öndə durmaq və diktə edən dövlətə çevrilməkdir. Buna demək olar ki, nail olunub. Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyi möhkəmlənib, regionda söz sahibinə, Avropa evinin sadiq və daimi sahibinə çevrilib.
Regionun liderinə çevrilən Azərbaycan əsrin ikinci onilliyində iddialı görünəcək - Trend News-un icmalçısı

Trend -un direktor müavini, Azərbaycan redaksiyasının rəhbəri - Emil Hüseynli

Azərbaycanın xarici siyasətinin prioriteti dünya və regionun geosiyasi mənzərəsində öndə durmaq və diktə edən dövlətə çevrilməkdir. Buna demək olar ki, nail olunub. Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyi möhkəmlənib, regionda söz sahibinə, Avropa evinin sadiq və daimi sahibinə çevrilib. Bu da onu göstərir ki, Azərbaycan hakimiyyətinin xarici və daxili siyasəti ilə bağlı dəqiq təsəvvürləri var və dövlət ardıcıl siyasət apara bilir. Azərbaycan hakimiyyətinin son 17 ildə siyasətində prioritet məsələ balanslaşdırılmış siyasət, uğurlu neft strategiyası həyata keçirmək olduğundan xaricdə nüfuz sahibinə çevrilib.

XXI əsrin ikinci onilliyinə qurub yaratdığı stabil, praqmatik siyasəti ilə gedən Azərbaycan hakimiyyətinin güclü intellekt, realizm hissi, vətənçilik, dövlətçilik hissiyatı, islahatçılıq, iradə və strateji təfəkkür yanaşması növbəti illərdə xarici siyasətdə daha böyük uğurlara imza atılacağına real ümidlər yaradır.

Azərbaycanın xarici siyasətinin əsas prioritetləri - ölkənin ərazi bütövlüyünün bərpa edilməsi məqsədilə müstəqil xarici siyasət yeritmək, ATƏT-in Lissabon sammiti prinsipləri çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə həlli; regionda stabilliyin və təhlükəsizliyin gücləndirilməsi; Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi və demilitarizasiyası; beynəlxalq terrorizmlə mübarizə; regionda qanunsuz silah və narkotik daşımalarının qarşısının alınması və sair məsələlərdir.

Birinci və əsas prioritet - Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi

Dağlıq Qarabağla bağlı Azərbaycan dövləti 1993-cü ildən sistemli siyasət yeritməyə başladı. Bu münaqişənin ədalətli həlli ilə bağlı Azərbaycanın dünya dövlətlərindən ilk və əsas dəstəyi alması Heydər Əliyevin adı ilə bağlıdır. Hakimiyyətə gəldiyi ilk dövrdən yeritdiyi uzaqgörən siyasəti nəticəsində Birləşmiş Millətlər Təşkilatında Ermənistanın işğalçılıq siyasətinə dair 4 qətnamə qəbul olundu. Bununla da Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində həlli üçün hüquqi baza yaradıldı. Daha sonra 1994-cü il ATƏT-in Budapeşt Sammitində "Dağlıq Qarabağ münaqişəsi barədə ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi haqqında" qərar qəbul edildi. Bu sənədə müvafiq olaraq "Silahlı münaqişənin dayandırılması barədə siyasi saziş bağlanması üçün çevik danışıqlar aparılmasına dair Minsk Konfransının həmsədrlər təsisatı yaradıldı. O dövrdən bəri Minsk Qrupu problemin həlli ilə bağlı danışıqlar aparır.

1996-cı ildə ATƏT-in Lissabon Sammitində ATƏT-in sədri tərəfindən verilmiş bəyanat Ermənistan müstəsna olmaqla ATƏT-in üzvü olan bütün 53 dövlət tərəfindən dəstəklənmişdir. Bu bəyanatın qəbul edilməsini Azərbaycanın xarici siyasətinin uğuru saymaq olar. Bəyanatda qeyd olunurdu ki, münaqişənin tənzimlənməsi Ermənistan və Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağın hüquqi statusu Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək dərəcədə muxtariyyət verən öz müqəddəratını təyin etmək əsasında sazişlə müəyyən edilməli, Dağlıq Qarabağın və onun bütün əhalisinin təhlükəsizliyinə təminat verilməsi, o cümlədən tənzimləmənin şərtələrinə bütün tərəflərin riayət etməsi barədə qarşılıqlı öhdəliklər götürülməlidir.

Azərbaycan dövlətinin Dağlıq Qarabağla bağlı yeritdiyi xarici siyasətin uğuru nəticəsində bu gün dünya dövlətlərinin prezidentləri rəsmi bəyanatlarında münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini vacib şərt kimi göstərirlər. BMT, Avropa Şurası və ATƏT Ermənistanı dolayısı yolla işğalçı tərəf kimi tanıdı. Bu gün Azərbaycanın diktə edən ölkə kimi davamlı siyasəti hegemon dövlətlərini Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hərəkətə gətirib. Ümid etmək olar ki, növbəti illərdə Dağlıq Qarabağın mərhələli şəkildə həllinin ilkin nəticələrinin şahidi olacağıq.

Beynəlxalq terrorizmlə mübarizədə Azərbaycanın verdiyi töhfə

Sirr deyil ki, zəngin tarixi, mədəni-mənəvi və maddi nemətləri, təbii sərvətləri, coğrafi-strateji mövqeyi ilə Azərbaycan çox cəlbedici ölkədir. Bu aksiomdur ki, hər mənada belə bir zəngin dövlətə münasibətdə həmişə müxtəlif məqsədli maraqlar olub və olacaqdır. Yəni bizim ölkəmizlə əməkdaşlıq edərək, Azərbaycanın simasında özünün etibarlı tərəfdaşını, siyasi-iqtisadi müttəfiqini görmək istəyən dövlətlər var və bunlar hazırda çoxluq təşkil edir. Lakin Azərbaycanın uğurları ilə barışmayan, bunu gözü götürməyən, ölkəmizin tərəqqisinə mane olmaq istəyən müəyyən qüvvələr də az deyil.

Azərbaycan terrorçuluqdan ən çox əziyyət çəkən ölkələrdən biridir. Müstəqilliyin bərpasından əvvəlki və sonrakı illərdə Azərbaycanın ərazısində erməni terrorçuları tərəfindən onlarla terror aktı törədilib, nətıcədə minlərlə soydaşımız həlak olub və yaralanıb, xalqımıza və dövlətimizə çox böyük mənəvi və maddi ziyan vurulub. Bu gün də terrorçuluq, milli sərhədləri adlayan və bütün ölkələrin maraqlarına toxunan, bütövlükdə sivil inkişafa qlobal təhlükə kimi dünya ictimaiyyətini ciddi narahat edir. Azərbaycanın antiterror koalisiyasının ən fəal üzvlərindən biri kimi tanınmasında mühüm rolu olan milli təhlükəsizlik orqanları ötən ildə də önəmli nailiyyətlər əldə edib. Keçirilən tədbirlər nətıcəsində "Əl-Qaidə" və "Əl-Cihad" kimi beynəlxalq terrorçu qurumlarla əlaqələrə malik, həmçinin əməllərində dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə, ümumən dövlətin əsaslarının sarsıdılmasına yönələn cinayətlərin tərkibi olan 3 radikal-ekstremist, təhlükəli silahlı dəstə zərərsizləşdirilib. Onların tərkibinə daxil olan 40 nəfər həbs olunub, müqavimət göstərdiyinə görə 1 nəfər məhv edilib. Bunların arasında Rusiya ərazisində silahlı basqınlar törədən, özlərini "Meşə qardaşları" adlandıran silahlı qruplaşmanın üzvləri də olub. Həmçinin, Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsindən silah-sursat oğurlayaraq Bakıda silahlı basqın törədən, ABŞ və digər Qərb ölkələrinin səfirliklərinə qarşı terrorçuluq aksiyalarının keçirilməsini planlaşdıran dini ekstremist qrupun 9 nəfər üzvü həbs edilərək cinayət məsuliyyətinə cəlb olunub.

Ölkəmizin milli maraqları və mənafeləri əleyhinə yönələn kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinə qarşı müntəzəm həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, "İmam Mehdinin Şimal Ordusu - "NİMA"" adlı cinayətkar birlik yaradıb dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyi planlaşdıran, Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici ölkəyə kömək göstərməklə dövlətə xəyanət edən və digər ağır cinayətlər törədən onlarla şəxs ifşa olunaraq zərərsizləşdirilib. Həmin təşkilatın bəzi üzvlərinin İran İslam Respublikasının xüsusi xidmət orqanları ilə müəyyən maliyyə vəsaiti müqabilində əməkdaşlıq etdikləri və oradakı təlim düşərgələrində hərbi hazırlıq keçdikləri müəyyənləşdirilib. Ən nəhayət, bu təşkilatın əsas məqsədlərindən biri Azərbaycanı Qərbə inteqrasiya kursundan çəkindirmək və ölkəmizdə şəriət qanunları ilə idarə olunan rejimin qurulması idi.

Bundan başqa, ötən il ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti ilə məşğul olan 20 nəfər zərərsizləşdirilib ki, onlardan 13-ü torpaqlarımızı işğal altında saxlayan Ermənistanın xeyrinə casusluqla məşğul olanlardır.

Dini təəssübkeşlik amillərindən istifadə etməklə öz cinayətkar məqsədlərinə nail olmağa cəhd göstərən xüsusi təhlükəli "Munir qrupu", habelə "Qafqaz Əl-Qaidə", "Camaat-əl Muvahhidun" və digər bu kimi terrorçu qruplar ifşa olunaraq zərərsizləşdiriliblər.

Regionda qanunsuz silah və narkotik daşımalarının qarşısının alınması

Heç kimə sirr deyil ki, Azərbaycanın işğal olunmuş ərazilərindən "İran-Azərbaycan-Rusiya" və "Ermənistan-Gürcüstan" marşrutları üzrə narkotiklərin Avropaya yayılması üçün istifadə olunur.

Azərbaycanın de-fakto və beynəlxalq təsisatların nəzarətində olmayan Ermənistan tərəfindən qəsb olunmuş ərazilərində narkotiklərin qanunsuz dövriyyəsindən irəli gələn təhlükələr əslində yalnız Azərbaycana qarşı yönəlməyib. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hələ də işğal altında saxlanılması və bu ərazilərdən müxtəlif transmilli mütəşəkkil cinayətkar məqsədlər üçün istifadə edilməsi faktı nəinki ölkəmizin, eləcə də bütün Avropanın təhlükəsizliyini ciddi təhdid edir. Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və digər 7 rayonun ərazisində - milli və beynəlxalq nəzarətdən kənar bu "boz zona"da narkotiklərin becərilməsi, emalı və daşınması, habelə bunun qarşısının alınması məqsədilə beynəlxalq ictimaiyyətin səylərini artırmasının zəruriliyi barədə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumları tərəfindən dəfələrlə bəyanatlar səsləndirilib.

Bundan əvvəl ayrı-ayrı cinayət işlərində Azərbaycanın işğal olunmuş və respublikamız tərəfindən nəzarət edilməyən Dağlıq Qarabağ və ətraf ərazilərdən müxtəlif cinayətkar məqsədlər üçün istifadə edildiyi faktları var. Həmin ərazilərdən nəinki tranzit, habelə orada emal edildikdən sonra "İran-Azərbaycan-Rusiya" və "Ermənistan-Gürcüstan" marşrutları üzrə narkotiklərin Avropaya yayılması üçün istifadə olunur. Zərərsizləşdirilən narkobaronların verdiyi ifadələrdə bildirilir ki, işğal olunmuş rayonlarda yerləşən xüsusi laboratoriyalarda narkotiklər emal edildikdən sonra qonşu ölkələr vasitəsilə Avropaya ötürülür.

Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində transmilli mütəşəkkil cinayətkar dəstələrin ən çox istifadə etməyə çalışdıqları və əsasən Əfqanıstan mənşəli bu "ağ ölüm"ün "İran-Azərbaycan", "İşğal olunmuş Dağlıq Qarabağ-İran-Azərbaycan", "İran-Azərbaycan-Rusiya-Yaponiya", "İran-Azərbaycan-Gürcüstan-Avropa" marşrutları ilə daşınması hallarının aşkarlanması üzrə məqsədyönlü iş davam etdirilir, külli miqdarda narkotik vasitələr götürülür.

Narkotıklərin qanunsuz dövriyyəsi ilə əlaqədar keçirilən tədbirlər barədə bir neçə faktı diqqətinizə çatdırardım. Çünki cinayətkar qrup və şəxslərin Azərbaycanın genefonduna vura biləcəyi ziyanla mübarizə hər birimizi düşündürməlidir. Ümumiyyətlə, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən son 3 il ərzində (2005-2008-ci illər) ölkə ərazisindən tranzit daşınması planlaşdırılan 1 ton 100 kiloqramdan artıq müxtəlif növ narkotiklər (heroin, həşiş, tiryək və s.) aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. Bu illər ərzində 70 cinayət işi başlanıb, 240 nəfər, o cümlədən 25 nəfər xarici ölkə vətəndaşı istintaqa cəlb olunub.

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən 2004-2006-сı illər ərzində ölkə ərazisindən tranzit daşınması planlaşdırılan 400 kiloqrama yaxın müxtəlif növ narkotiklər (heroin, həşiş, tiryək və s.) aşkar edilərək qanunsuz dövriyyədən çıxarılmışdır.

2007-ci il ərzində keçirilmiş əməliyyat tədbirləri nəticəsində bir neçə mütəşəkkil cinayətkar dəstənin fəaliyyətinin qarşısı alınıb, 6 fakt üzrə cinayət işi qaldırılmış, bir neçə şəxs saxlanılıb, müxtəlif növ mallar (qara balıq kürüsü, hərbi ləvazimat, dəyəri 8379 ABŞ dolları təşkil edən strateji əhəmiyyətli metallar, 38600 manat dəyərində olan tarixi, elmi, bədii və muzey əhəmiyyəti kəsb edən müxtəlif əşyalar, külli miqdarda psixotrop maddə, dərman preparatları və tibbi ləvazimatlar, qurudulmuş spirt) müsadirə edilib.

Təhlil göstərir ki, narkosindikatlar Azərbaycanı tranzit ölkə olaraq hələ də öz siyahılarında saxlayırlar. Çünki bu marşrut həm qısa, həm də gəlirlidir. Bununla belə, vurğulamaq istərdim ki, bu cəhdlərin qarşısı ildən-ilə daha qətiyyətlə alınır. Fikrimcə, narkotiklərin yayılmasının cəmiyyətimiz və dövlətimiz üçün doğurduğu təhlükənin qarşısının alınması işində təkcə hüquq mühafizə orqanları deyil, bütün vətəndaşlarımız yaxından iştirak etməlidirlər.

Azərbaycanın neft strategiyasının reallıqları

Respublikamızda keçid dövrünün tələblərinə uyğun inkişaf edən əsas sahələrdən biri neft-qaz sənayesidir. Neft-qaz sənayesi milli iqtisadiy­yatın prioritet sahəsi olmaqla xarici investorların diqqətini daha çox cəlb edən sahədir. Dünyanın ən qədim neft rayonla­rın­dan biri kimi Azərbaycanın uzun­müd­dət­li hasilat tarixinə, zəngin təcrübəyə əsaslanan sənaye infrastruk­turuna malik olması və nəhayət, burada yeni nə­həng karbohidrogen ehtiyatlarının aşkarlanması xarici investorların diq­qə­tini bu regiona daha da cəlb etdi.

Eks-prezident Heydər Əliyevin uzaq görən siyasəti sayəsində Azərbaycan xalqının ictimai-siyasi və iqtisadi həyatında çox mühüm hadisə baş verdi. Dünyanın aparıcı dövlətlərinin iri şirkətləri Xəzər neftinin çıxarılması və dünya bazarına nəqlinə dair "Əsrin müqaviləsi"ni imzaladılar. "Əsrin müqaviləsi" Azərbaycanın dövlət müstəqilliyini, xalqın öz taleyinin sahibi olduğunu, özünə aid məsələləri müstəqil həll etdiyini göstərməklə yanaşı, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasında da mühüm və həlledici rol oynamışdır.

Azərbaycan neft ehtiyatlarının birgə işlənməsi üçün respublikamıza dünyanın bir çox dövlətlərindən xarici şirkətlərin dəvət olunması, müqavilələrin bağlanması və onların fəaliyyəti üçün əlverişli şəraitin yaradılması neft strategiyasının siyasi istiqamətinin reallaşması üçün zəmin yaratmışdır. Azərbaycanda həyata keçirilən neft siyasəti ölkəmizdə xarici sər­mayələr ilə yanaşı müasir tex­no­logiyaların, iş təcrübələ­ri­nin, yeni idarəçilik qaydala­rı­nın, iqtisadi münasibətlərin da­xil olması üçün də şərait yara­dıb.

Respublika iqtisadiyyatının ümum­dünya təsərrüfatı ilə çox­şaxəli və intensiv inteqrasiyası müstəqil Azərbaycanın rəsmi dövlət siyasətinin aparıcı istiqamətləridən birinə çevrilmişdir.

Azərbaycanın iqtisadi inkişa­fı, qlobal strukturlara inteqra­siyasının genişlənməsi, dünyəvi dəyərlərə əsas­lanan möhkəm, sivil bir dövlətə çevrilməsində insan amili ilə yanaşı, güclü amil­lərdən biri kimi neft-qaz resurslarının mövcudluğunu və onun istismar edilməsini göstər­mək vacibdir. Hazırda bu sər­vət­lərdən daha səmərəli istifadə ümu­mi mil­li inkişaf strate­gi­ya­sı­nın ən mü­hüm prioritet­lə­rindən birini təşkil edir. Azərbaycanın iqtisadiyyatında, mə­dəni inkişafında, əhalinin sosial-mədəni rifahın yax­şı­laşdırılmasında neft-qaz ehti­yatları başlıca amillərdən biri kimi təza­hür edir.

Son iki əsrdə neft-qaz ehtiyat­la­rı Azərbaycanın iqtisadi həya­tın­da mühüm mərhələni forma­laş­dıraraq, həm də milli dəyərlərdə öz əksini tapmışdır. Ölkəmizin malik olduğu təbii sərvətlərin ən geniş əhatəli hissə­si­ni təşkil edən neft-qaz resurs­ları üzə­rin­də qurulan sənaye indi də, iqtisa­diy­yatımızın apa­rı­cı sahəsi olaraq özünü göstərir. Yanacaq-enerci komp­lek­sinin 2/3 hissəsini özündə birləşdirən neft-qaz sənayesi həm də respublikanın sosial-iqtisadi inkişafının məhək daşı kimi iqtisadi dirçəlişi stimullaş­dıran mühüm sahədir.

Rəsmi Bakının Xəzər siyasəti

1991-ci ilin sonlarından etibarən (SSRİ-nin dağılması ilə) uzun illərdir ətrafında sakitlik hökm sürən Xəzər dənizi mübahisə obyektinə çevrildi. Bu mübahisə birbaşa Xəzər dənizinin statusu ilə əlaqədar idi. Əslində, Xəzər dənizinin SSRİ dövründə nə statusu, nə də müəyyən mübahisəli əraziləri var idi. Yeni Xəzəryanı dövlətlərin yaranması və onların Xəzərin problemləri ilə deyil, Xəzərdəki maraqları uğrunda ciddi mübarizəyə girişməsi regionda yeni münaqişə ocağının yaranmasına gətirib çıxardı. Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinin bu gün bu qədər problem şəkli almasının kökündə də bu dövlətlərin mövqelərindəki ciddi fərqlərin səbəb olması danılmazdır.

Xəzərin statusuna gəldikdə isə onu qeyd etmək lazımdır ki, Azərbaycanın mövqeyi digərlərindən daha çox beynəlxalq huququn norma və prinsiplərinə uygun gəlir. Bu hal beynəlxalq hüquqi praktikada da geniş yayılıb.

Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması məsələsinə mərhələlərlə irəliləməyin tərəfdarı olan Azərbaycanın mövqeyi (orta xətt prinsipinə və beynəlxalq hüquqa uyğundur) beynəlxalq hüququn ümumtanınmış prinsipləri, sahilyanı dövlətlər arasında orta xətt prinsipi üzrə sektorlara bölünməyə və bölgü əsasında yaranmış sektorlarda sahilyanı dövlətlərin dənizin dibindəki mineral ehtiyatlara və digər hüquqauyğun təsərrufat-iqtisadi fəaliyyətə münasibətdə müstəsna hüquqlarının tanınmasına əsaslanır.

Bütün bunları araşdıra bilmək üçün əvvəlcə dövlətlərin mövqelərinə nəzər yetirmək lazımdır. Belə ki, Rusiya tərəfi Xəzər dənizinə və onun təbii ehtiyatlarına münasibətdə müstəsna hüquqlara yalnız Xəzəryanı dövlətlərin malik olması, həmçinin Xəzər dənizinin hüquqi statusunun, onun istifadəsi forma və metodlarının müəyyən olunmasının bu dövlətlərin öz işi olması mövqeyindən çıxış edir. Xəzər dənizinin dibinin bölünməsi və istifadəsi ilə əlaqədar isə "dibi bölünür - su ümumidir" prinsipini irəli sürür.

İran tərəfi 1921 və 1940-cı illərdə bağlanmış müqavilələrdə Xəzər dənizinin ümumi dəniz olmasını (10 millik balıqçılıq zonası istisna olmaqla) göstərildiyini qeyd edərək, Xəzəryanı dövlətlərin Xəzərə bərabər hüquqlarının olduğunu bildirir. İran tərəfi mövqeyinin digər dörd Xəzəryanı dövlətlərin mövqeyindən fərqləndiyini və onlar arasında dəstəklənməməsini dərk edərək alternativ variant kimi Xəzər dənizinin ədalətlilik prinsipinə əsasən beş bərabər hissəyə bölməklə - 20%-lik bölgü ideyası ilə də çıxış edir. Eyni zamanda İran tərəfi danışıqlar zamanı mübahisəli yataqların istifadəsi məsələsinə toxunaraq, onların ikitərəfli razılaşmalar əsasında birgə istismar olunmasını təklif etmişdir.

Qazaxıstan tərəfinin mövqeyinin əsası Xəzər dənizinə BMT-nin dəniz hüququ haqqında 1982-ci il Konvensiyasının bir sıra müddəalarının zəruri dəyişikliklərlə tətbiq edilməsindən ibarətdir. Qazaxıstanın əsas mövqeyinin dəniz dibinin orta xətt üzrə sektorlara bölünməsi və burada hər bir dövlətin təbii resurslar üzərində süveren hüquqlarının tanınması olduğu bildirilmişdir. Xəzər dənizinin su hövzəsi, onun səthinə münasibətdə Qazaxıstan tərəfi razılaşdırılmış endə ərazi dənizinin və balıqçılıq zonalarının müəyyən edilməsini təklif etmiş, dənizin qalan hissəsinə sahilyanı dövlətlər üçün azad gəmiçilik rejiminin tətbiqini, müvafiq balıqçılıq zonalarında, həmçinin açıq dənizdə razılaşdırılmış kvota və lisenziyalaşdırma əsasında balıqçılıq və digər bioresursların istismarını həyata keçirilməsini, dəniz üzərindəki hava məkanının razılaşdırılmış marşurutlar üzrə uçuşlar üçün açıq saxlanılmasını təklif etmişdir.

Türkmənistan tərəfi 1998-ci ildə kondominium prinsipindən imtina etməyə məcbur olmuş hazırda qəti olaraq Xəzər dənizinin tam və eyni vaxtda həm dibinin, həm də su hövzəsinin milli sektorlara bölünməsi mövqeyindən çıxış edir. Həmçinin, Türkmənistan tərəfi artıq İranın tutduğu bərabər paylara bölünmə mövqeyindən uzaqlaşıb və orta xətt üzrə sektorlara bölunmə mövqeyini dəstəkləyir. Bununla yanaşı, Türkəmənistan tərəfi orta xəttin keçirilməsi metodu ilə əlaqədar bildirir ki, o kombinə olunmuş metodların tətbiqinə hazırdır, lakin digər sahilyanı dövlətlərin öz aralarında tətbiq etdiyi metodun (bərabər uzaqlıqda yerləşən nöqtələr nəzərə alınmaqla çəkilən orta xətt metodu) əleyhinədir. Bununla yanaşı bölgünün aparılmasında ədalətlilik və qarşılıqlı razılıq prinsipləri əsas götürülməli olması və təşəkkül tapmış təcrübə prinsipinin qəbul olunmaz olduğunu bildirmişdir.

Yuxarıda qeyd etdiyimiz hallara nəzər yetirdikdə birdaha aydın olur ki, bu dövlətlərin mövqelərində ciddi müxtəlifliklər nəzərə çarpmaqdadır. Amma bu cür müxtəlifliklərə baxmayaraq dövlətlərin bir qismi artıq müəyyən razılıqlar əldə etmişlər. Əlbətdə ki, bu gün Xəzərdə dövlətlərin bir qismi müəyyən razılığa gəlsələr belə hələ də ümumi məxrəcə gələ bilməyən dövlətlər də vardır. Əvvəlcə Rusiya və Qazaxıstanın sonra Azərbaycan və Qazaxıstanın daha sonra isə Azərbaycan və Rusiyanın arasında ikitərəfli müqavilələrin imzalanmasının ardından isə Azərbaycan, Rusiya və Qazaxıstanın dənizin dibinin bölünməsini üçtərəfli müqavilə ilə rəsmiləşdirmələri belə bizə əsas vermir deyək ki, artıq Xəzərdə məsələlər tamamilə həll olunmuşdur. Bu gün artıq bu dövlətlər arasında dənizin dibinin bölünməsində razılıq əldə olunsa belə səthinin bölünməsi məsələsində fikir ayrılıqlarının rüşeymləri görülməkdədəir.

Dünya dövlətlərinin onsuz da konfliktlərlə bol olan dünyada (xüsusən Xəzər regionunda) yeni konflikt ocağı istəməyəcəyi tərəfimizdən düşünülür. Regionda onsuz da vəziyyəti yaxşı olmayan İran İslam Respublikasının xüsusən Azərbaycana qarşı hər hansı adekvat addım atması da ağlabatan deyildir. Çünki bu, Azərbaycanın dostu, regionda isə Amerika Birləşmiş Ştatlarının ən yaxın müttəfiqi və NATO-nun vuran əli hesab olunan Türkiyəni də özünə düşmən edə bilər. Zənnimizcə, bu, İran üçün indiki dövrdə heç də lazım deyildir.

Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun

müsabiqəsinə təqdim olunur

Xəbər lenti

Xəbər lenti