...

Azərbaycanla Qətər arasında müxtəlif sahələrdə konstruktiv əməkdaşlıq üçün geniş imkanlar var – səfir

Siyasət Materials 10 Dekabr 2009 17:06 (UTC +04:00)
Qətərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şeyx Mübarək bin Fəhd əl Saninin Trend News-a eksklüziv müsahibəsi
Azərbaycanla Qətər arasında müxtəlif sahələrdə konstruktiv əməkdaşlıq üçün geniş imkanlar var – səfir

Azərbaycan, Bakı, 10 dekabr / Trend , müxbir R.Hafizoğlu/

Qətərin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şeyx Mübarək bin Fəhd əl Saninin Trend -a eksklüziv müsahibəsi

- Azərbaycan-Qətər münasibətlərinin səviyyəsini necə qiymətləndirirsiniz? İki ölkə arasındakı münasibətlərin genişləndirilməsi üçün hansı addımların atılmasını zəruri sayırsınız?

- İcazə verin, söhbətin əvvəlində Sizi Qurban bayramı və qarşıdan gələn Yeni il bayramı münasibətilə təbrik edim, ərəb dünyasına və xüsusilə Qətər dövlətinə olan marağınıza görə minnətdarlığımı bildirim.

Azərbaycanla Qətər arasında əlaqələrə gəlincə, onlar iki xalq arasında olan müştərək mənəvi, dini və mədəni köklərə əsaslanır. Bu əlaqələr yeni dövrdə müstəqil respublikaların yaranması ilə geniş vüsət almışdır, belə ki, Qətər Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olmuşdur. Ölkələrimiz arasında diplomatik əlaqələr 15 il əvvəl yaranmışdır. Bu münasibətlə Qətərin Nazirlər Şurasının sədri, xarici işlər naziri cənab Şeyx Hamad bin Cəsim Əl-Səni Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarova təxminən iki ay əvvəl təbrik məktubu göndərmişdir. Ötən dövr ərzində iki ölkə arasındakı siyasi, iqtisadi və mədəni əlaqələr Qətər dövlətinin əmiri Əlahəzrət Şeyx Hamad bin Xəlifə Əl-Səni və Azəbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə inkişaf edib. Onların qarşılıqlı səfərləri isə bu əməkdaşlığın möhkəm əsasını yaradır. Bu səfərlər nəticəsində həyatın müxtəlif sahələrini əhatə edən 12 müqavilə imzalanmış və hər iki ölkənin səfirliyi açılmışdır. Keçən yay Bakıda keçirilən Qətər Mədəniyyət Günləri isə bu yaxınlaşmanın təcəssümü oldu. Bu zaman Qətərin mədəniyyət, incəsənət və irs naziri müavininin rəhbərliyi ilə 70 nəfərdən ibarət nümayəndə heyəti Bakıya gəldi. 2010-cu ilin əvvəlində isə Dohada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. Belə festivallar iki xalqın yaxınlaşması və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edir.

- Qətər və Azərbaycan arasında iqtisadi əlaqələr hansı səviyyədədir, xüsusilə də mal dövriyyəsi həcminin və hansı sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün daha geniş potensial var?

- İkitərəfli iqtisadi əlaqələr barədə danışarkən qeyd edim ki, onlar siyasi sahədə olan səviyyəyə çatmamışdır. Bunun bir sıra obyektiv səbəbləri var. Hər iki ölkənin iqtisadiyyatının əsasını neft və qaz təşkil edir. Buna coğrafi uzaqlığı və bir sıra iqtisadi obyektlərin inşasını təxirə salan beynəlxalq maliyyə böhranını da əlavə edin. Artıq iqtisadi əməkdaşlığın hüquqi əsasları yaradılmışdır, hökumətlərimiz arasında iqtisadi-ticari-texniki əməkdaşlıq, sərmayələrin dəstəklənməsi və himayəsi haqqında müqavilələr imzalanmışdır. Qətər qaz ehtiyatlarının həcminə görə dünyada qabaqcıl yerlərdən birini tutur. Təsdiq olunmuş qaz ehtiyatlarının həcmi on trilyon kubmetr qiymətləndirilir. Beynəlxalq iqtisadi təşkilatlar da etiraf edir ki, son altı ildə qaz istehsalı ölkədə 300% artmış, Qətər isə bir nəfərə düşən ümumdaxili məhsulun həcminə görə Lüksemburq və Norveç kimi ən yüksək göstəricilərə malik dövlətlərin daxil olduğu siyahıdadır. Amma Qətər dövlətinin əmiri Şeyx Hamad bin Xəlifə Əl-Səninin müdrik siyasəti yalnız hidrokarbon ehtiyatlarına deyil, iqtisadiyyatın şaxələnən sahələrinə, çox profilliliyə qayğı göstərilməsinə əsaslanır. Ona görə də müxtəlif sahələrdə konstruktiv əməkdaşlıq üçün geniş imkanlar var. Məsələn, azərbaycanlı mütəxəssislər Qətərdə energetika, səhiyyə və ticarət sahəsində çalışırlar. Eyni zamanda, bizim təhsil müəssisələrində azərbaycanlı tələbələr də var.

Bağlanmış müqavilələrin həyata keçirilməsi üçün, güman edirəm ki, hər iki ölkənin rəsmi və biznes dairələri nümayəndələrinin qarşılıqlı səfərlərinin artması vacibdir.

- Qətər "Nabukko" kəməri vasitəsilə öz qazının nəqlində maraqlıdırmı və hazırda ölkənin bu layihəyə qoşulma ehtimalı nə dərəcədədir?

- Qətər əmirinin sentyabr ayında Türkiyəyə səfəri və onun Baş nazirlə "Nabukko" barədə danışıqları region dövlətlərində marağa səbəb oldu. Qaz ehtiyatlarına görə dünyada üçüncü yeri tutan Qətərın "Nabukko" ilə bağlı dialoq aparmaq istəyi Qətər qazının layihəyə kömək edəcəyini düşünən mütəxəssislərdə maraq doğurdu. Məlumdur ki, Qətər, Rusiya və İran dünya qaz ehtiyatının 55%-nə malikdirlər. Onlar keçən il OPEK-ə bənzər qaz ixrac edən ölkələr birliyi yaratmaq haqqında razılığa gəliblər.

Buna görə də Qətərin layihəyə qoşulma imkanına onların reaksiyası maraq doğurur. Lakin onların heç biri bu barədə öz mövqelərini bildirməyiblər. Aydındır ki, bu layihə uğurlu bir addımdır və yerinə yetirilməsi imkanları böyükdür.

Sonda, dost Azərbaycan xalqına inkişaf, sülh və əmin-amanlıq arzulayıram.

Xəbər lenti

Xəbər lenti