...

Azərbaycan Parlamentində ABŞ Konqresinin Dağlıq Qarabağa yardım ayırmasına etiraz ediləcək – deputat

Siyasət Materials 11 Dekabr 2009 15:58 (UTC +04:00)
Parlamentin deputatı Zahid Oruc deyib ki, o, həmkarları ilə birlikdə parlamentin növbəti iclasında ABŞ Konqresinin növbəti maliyyə ilində Dağlıq Qarabağa 8 milyon dollar vəsait ayrılması ilə bağlı qərarına etiraz edəcəklər.
Azərbaycan Parlamentində ABŞ Konqresinin Dağlıq Qarabağa yardım ayırmasına etiraz ediləcək – deputat

Azərbaycan, Bakı, 11 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentində ABŞ Konqresinin Dağlıq Qarabağa yardım ayırmasına etiraz ediləcək.

Parlamentin deputatı Zahid Oruc deyib ki, o, həmkarları ilə birlikdə parlamentin növbəti iclasında ABŞ Konqresinin növbəti maliyyə ilində Dağlıq Qarabağa 8 milyon dollar vəsait ayrılması ilə bağlı qərarına etiraz edəcəklər.

"Düşünürəm ki, mən və həmkarlarım bu məsələ ilə bağlı kəskin etirazımızı bəyan etməliyik", - cümə günü Trend -a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.

Trend -un arayışı: Çərşənbə günü ABŞ Nümayəndələr Palatası Senat Dağlıq Qarabağ separatçı rejiminə birbaşa yardım qismində 8 milyon dollar ayrılması barədə qərar çıxarıb.

Orucun sözlərinə görə, ABŞ-ın bu cür siyasəti tamamilə iflasa uğrayıb. "Dağlıq Qarabağda mülki cəmiyyət quruculuğuna, hüquqi proseslərin sürətlə getməsinə, ermənilərin separatçı iddialardan imtinasına və demokratikləşməyə təsir göstərəcəyi ümidi ilə göstərilən bu cür yardımlar vasitəsilə həyata keçirilən siyasət tamamilə özünü doğrultmayıb", - millət vəkili əlavə edib.

Onun fikrincə, Konqres üzvlərinin, ABŞ-ın siyasi elitasının təmsilçilərinin, eləcə də bölgədəki proseslərlə bağlı olanlar Qarabağdakı hərbi rejimin mahiyyətinin daha da sərtləşdirildiyinin şahidi ola bilərlər. "Oradakı rejim hərbi xunta olaraq qalır. Dağlıq Qarabağda nə institusional qurumların formalaşdırılması, nə də mülki cəmiyyət quruculuğu prosesi getməyib. Bu proses isə bütövlükdə mahiyyət etibarilə ABŞ Konqresinin separatizmi maliyyələşdirməsi kimi nəticəyə gəlməyə əsas verir", - komitə üzvü vurğulayıb.

Oruc deyib ki, bu cür qənaətə gəlmək ABŞ-Azərbaycan münasibətlərinə də çox mənfi təsir göstərə bilər. "Məsələ burasındadır ki, ötən müddətdə Ermənistana da eyni məqsədlə 2 milyard dollardan artıq yardım olunub. Əlbəttə, bu vəsait ABŞ vətəndaşları tərəfindən formalaşır və biz hər hansı ölkəyə maliyyəni kimlərə verməklə bağlı göstəriş vermirik. Amma bu addımlar ABŞ-ın Azərbaycanla, regionla münasibətlərinin xarakterinə uyğun deyil", - o qeyd edib.

Millət vəkilinin sözlərinə görə, ABŞ-ın bu addımı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində birtərəfli vasitəçilik mandatının tələblərinə də uyğun deyil. "Yadınızdadırsa, "907-ci düzəliş"lə bağlı on illərlə Azərbaycanın qarşısında ciddi manelər yaradılıb. Bizi bu məsələnin maliyyə tərəfi çox narahat etmirdi. Məsələnin əsas prinsipiallığı siyasi çətinliklər idi. Bunun ABŞ-Azərbaycan, eləcə də Qərb ilə Azərbaycanın münasibətlərinə çox böyük zərbəsi dəydi. Amma Azərbaycanın artan inkişafı fonunda bölgədəki prosesləri idarə etmək yanlışdır", - Oruc xatırladıb.

Komitə üzvü düşünür ki, ABŞ-ın bu cür yardımları ötən illərdə olmasaydı, həm Dağlıq Qarabağ ermənilərini, həm də Ermənistanı sülh prosesinə, o cümlədən ədalətli sülh sazişinin imzalanmasına daha tez gətirərdi. "Nəticədə münaqişənin tənzimlənməsi də sürətlənərdi. Bu yardımlar isə separatçı qüvvələrin ayaqda qalmasına və siyasi cəhətdən bundan öz maraqları üçün yararlanmasına imkan yaradır", - Oruc vurğulayıb.

Millət vəkili parlamentin dekabrın 15-də keçirilməsi gözlənilən iclasında etiraz məktubunun qəbul olunmasını və həmin sənədin ABŞ-ın Azərbaycandakı səfirliyinə çatdırılmasını təklif edəcəyini bildirib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti