...

Azərbaycan Parlamentində təmsil olunan partiyalar ABŞ Konqresinə etiraz müraciəti qəbul ediblər

Siyasət Materials 15 Dekabr 2009 14:38 (UTC +04:00)
Azərbaycan Parlamentində təmsil olunan partiyalar ABŞ Konqresinin Dağlıq Qarabağın separatçı rejiminə maliyyə yardımına etiraz olaraq ABŞ-ın ölkəmizdəki səfirliyinə müraciət qəbul ediblər.
Azərbaycan Parlamentində təmsil olunan partiyalar ABŞ Konqresinə etiraz müraciəti qəbul ediblər

Azərbaycan, Bakı, 15 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentində təmsil olunan partiyalar ABŞ Konqresinin Dağlıq Qarabağın separatçı rejiminə maliyyə yardımına etiraz olaraq ABŞ-ın ölkəmizdəki səfirliyinə müraciət qəbul ediblər.

Trend -un məlumatına görə, müraciətdə qeyd olunub ki, ABŞ Konqresi ölkələrin, həmçinin strateji tərəfdaşlığın milli maraqlarına adekvat olmayan və daha çox erməni millətçilərinin bəşəriyyət üçün ziyankar mənafeyinə xidmət göstərən addım atır.

Azərbaycanın siyasi partiyaları hesab edir ki, bu maliyyə yardımı ABŞ-ın beynəlxalq ictimai rəyinə xələl gətirir. Müraciətdə qeyd olunub ki, səfirlik partiyaların mövqeyini ABŞ-ın müvafiq dövlət orqanlarına çatdırsın.

Müraciətə - hakim Yeni Azərbaycan, iqtidaryönlü Sosial Rifah, Ana Vətən, müxalif Müsavat, Ədalət, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş Həmrəyliyi, Böyük Quruluş, Ümid, Xalq, Demokratik İslahat, Vətəndaş Birliyi partiyaları imza atıblar.

Trend -un arayışı: Dekabrın 8-də ABŞ Konqresinin Senat və Nümayəndələr Palatası üzvlərinin birgə konfransında ABŞ dövlət qurumlarının 2010-cu maliyyə ili üzrə büdcələri barədə ümumiləşdirilmiş qanun layihəsi qəbul edilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti