...

ABŞ Konqresinin qərarı iki ölkənin münasibətlərinə mənfi təsir göstərəcək - Azərbaycan Parlamentinin deputatı

Siyasət Materials 15 Dekabr 2009 18:23 (UTC +04:00)
Azərbaycan Parlamentinin deputatı hesab edir ki, ABŞ Konqresində Dağlıq Qarabağın erməni icması üçün yardım ayrılması ilə bağlı qəbul olunan qərar ABŞ-Azərbaycan münasibətlərinə mənfi təsir göstərəcək.
ABŞ Konqresinin qərarı iki ölkənin münasibətlərinə mənfi təsir göstərəcək - Azərbaycan Parlamentinin deputatı

Azərbaycan, Bakı, 15 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı hesab edir ki, ABŞ Konqresində Dağlıq Qarabağın erməni icması üçün yardım ayrılması ilə bağlı qəbul olunan qərar ABŞ-Azərbaycan münasibətlərinə mənfi təsir göstərəcək.

"ABŞ ATƏT-in Minsk qrupunun həmsədridir. Təbii ki, Konqresin bu qərarı ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ədalətli və neytral mövqe tuta biləcəyinə kölgə salan addımdır", - çərşənbə axşamı Trend -a Qənirə Paşayeva bildirib.

Trend -un arayışı: Dekabrın 8-də ABŞ Konqresinin Senat və Nümayəndələr Palatası üzvlərinin birgə konfransında ABŞ dövlət qurumlarının 2010-cu maliyyə ili üzrə büdcələri barədə ümumiləşdirilmiş qanun layihəsi qəbul edilib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Baş Assambleyasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Paşayevanın sözlərinə görə, parlamentdə təmsil olunan partiyaların və Milli Məclisin də qəbul etdiyi müraciətlərdən sonra ABŞ-ın rəhbərliyi bu məsələyə diqqətlə yanaşacaq və bu ədalətsizliyin aradan qaldırılması və bu qəbul olunan qərarın həyata keçirilməməsi istiqamətində addımlar atılacaq.

"Amma düşünürəm ki, Azərbaycanın qeyri-hokumət təşkilatları da bu məsələdə aktiv olmalıdırlar. ABŞ-da yaşayan bizim soydaşlarımız da bu məsələdə xüsusi diqqətli olmalıdırlar. Çünki ABŞ-da yaşayan azərbaycanlılar bu ölkənin vətəndaşları kimi məsələyə daha həssas yanaşmalıdırlar. Fikrimcə, onlar Konqresə etiraz məktubu göndərməklə yanaşı, ABŞ Prezidentinə, Ağ Evə də bu addımın dayandırılması istiqamətində müraciətlərini göndərməlidirlər", -  Paşayeva deyib.

Millət vəkili bildirib ki, ABŞ-da yaşayan türklər də bu məsələdə həssas və diqqətli olmalıdırlar. "Bütün türk diaspor təşkilatları məsələ ilə bağlı Konqresə etiraz etməklə bərabər, Prezidentə müraciət də göndərməlidirlər ki, bu addım dayandırılsın. Çünki bu, münaqişənin tənzimlənməsi istiqamətində gedən danışıqlar prosesinə də mənfi təsir göstərən addımdır. Eyni zamanda, ABŞ-ın münaqişənin tənzimlənməsi istiqamətində ədalətli mövqe tutacağına da çox böyük kölgə salacaq addımdır", - o deyib.

Onun fikrincə, separatçı qüvvələrə dəstək kimi qiymətləndirilə biləcək bu cür addımlar ABŞ-ın təkcə Azərbaycandakı deyil, dünyadakı imicinə də mənfi təsir göstərən amildir. "Mən eyni zamanda istərdim ki, biz çağırış edək. ABŞ-da yaşayan Azərbaycan əsilli yəhudilər və onların təşkilatlarının da bu məsələdə qətiyyətli addımlar atmasına ehtiyac var. Onlar da Konqresə öz etirazlarını çatdıra bilərlər", - millət vəkili qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti