...

Azərbaycanda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər planı təsdiq edilib

Siyasət Materials 16 Dekabr 2009 16:43 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə "20 Yanvar faciəsinin iyirminci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı" təsdiq edilib.
Azərbaycanda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbirlər planı təsdiq edilib

Azərbaycan, Bakı, 16 dekabr / Trend /

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə "20 Yanvar faciəsinin iyirminci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı" təsdiq edilib. Məlumatı  çərşənbə günü AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda faciənin ildönümünə həsr olunmuş tədbirlərin - konfrans, yığıncaq və mühazirələrin keçirilməsi, bu tədbirlərin mətbuatda ətraflı işıqlandırılması, dünyanın aparıcı KİV-lərində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində Qanlı 20 Yanvar barədə materiallara geniş yer verilməsi nəzərdə tutulub.

Tədbirlər planına əsasən, dünya ictimaiyyətinin diqqətini yenidən Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən müvafiq tədbirlər həyata keçiriləcək.

20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər xiyabanı ərazisində təmizlik-abadlıq işləri aparılacaq, bütün tədris müəssisələrində yanvarın 19-da faciəyə həsr olunmuş xüsusi dərs keçiləcək.

Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək.

Respublikanın şəhər və rayonlarında da müvafiq tədbirlər planı qəbul olunub və icrasına başlanıb.

Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.

Xəbər lenti

Xəbər lenti