...

Azərbaycan müxalifəti vahid namizədlər siyahısı ilə parlament seçkilərində iştirakı müzakirə edir

Siyasət Materials 17 Dekabr 2009 15:02 (UTC +04:00)
"Vahid namizədlərlə seçkilərdə iştirak etməyin əleyhdarları da olduğundan qəti qərara gəlmək hələ ki, mümkün deyil", - cümə axşamı Trend News-a Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.

Azərbaycan, Bakı, 17 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan müxalifəti vahid namizədlər siyahısı ilə parlament seçkilərində iştirakı müzakirə edir.

"Vahid namizədlərlə seçkilərdə iştirak etməyin əleyhdarları da olduğundan qəti qərara gəlmək hələ ki, mümkün deyil", - cümə axşamı Trend -a Demokratiya Uğrunda İttifaqda (DUİ) təmsil olunan Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn bildirib.

Trend -un arayışı: Azərbaycanda parlament seçkiləri 2010-cu ilin payızında keçiriləcək. Bundan əvvəlki parlament seçkiləri 2005-ci ilin noyabr ayında keçirilib.

Hüseynin sözlərinə görə, vahid siyahının əleyhinə olanlar partiyaların ayrı-ayrılıqda öz namizədlərini irəli sürüb, təbliğat kampaniyası və səsvermə prosesini izləmək üçün birgə əməkdaşlıq edilməsinə üstünlük verirlər. "Hazırda təkliflər ətrafında müzakirələr aparılır. Mənə elə gəlir ki, rəsmi müzakirələr yanvarın ortalarından başlayacaq", - millət vəkili əlavə edib.

Onun fikrincə, müzakirələr ən geci aprel ayında başa çatmalıdır. "Çünki ümumi qərara gəlməyimiz gecikdirilərsə, müxalifət üçün seytnot vəziyyəti yarana bilər", - Hüseyn vurğulayıb.

Deputat qrupunun üzvü deyib ki, onun da təmsil olunduğu ittifaq parlament seçkiləri ilə bağlı namizədləri artıq müəyyənləşdirməyə başlasa da, müxalifətin birlikdə seçkidə iştirakının tərəfdarı olaraq qalır. "DUİ-də təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu müxalifətin vahid siyahı ilə seçkilərdə iştirakına nail olmaq üçün Müsavat Partiyasının başqanı İsa Qəmbərlə müzakirələr aparır. Lakin indiyədək hansısa razılaşma, yaxud mövqe birliyi barədə danışmaq mümkün deyil", - o qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti