...

Azərbaycanda 14 minə yaxın məhkum bələdiyyə seçkilərində iştirak edəcək

Siyasət Materials 18 Dekabr 2009 15:22 (UTC +04:00)
Azərbaycan cəzaçəkmə müəssisələrində bələdiyyə seçkiləri ilə bağlı 13 DSK və 22 seçki məntəqəsi yaradılıb.
Azərbaycanda 14 minə yaxın məhkum bələdiyyə seçkilərində iştirak edəcək

Azərbaycan, Bakı, 18 dekabr / Trend , K.Zərbalıyeva/

Azərbaycan cəzaçəkmə müəssisələrində bələdiyyə seçkiləri ilə bağlı 13 DSK və 22 seçki məntəqəsi yaradılıb.

Bu barədə Trend -a cümə günü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, 23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı PX tərəfindən tədbirlər planı hazırlanıb. Səsvermədə iştirak edəcək seçicilərin sayı müəyyənləşdirilib. Cəzaçəkmə müəssisələrində 15 min 500 nəfərə yaxın şəxs seçkidə iştirak edəcək.

Onların 14 minə yaxını təqsirləndirilən şəxslər və məhkumlar, 1500 nəfəri isə Mühafizə Alayında və konvoy taborunda həqiqi hərbi xidmət keçən əsgərlərdir.

Seçicilərin dəqiq sayı haqqında məlumat seçkiyə 5 gün qalmış DSK-lara təqdim olunacaq. Məhkumlar və təqsirləndirilən şəxslər şəxsiyyətlərini təsdiq edən sənədlə təmin olunublar. Onlar rəngli fotoşəkil və zəruri rekvizitlər əks etdirilmiş və cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən təsdiq edilmiş şəxsiyyəti təsdiq edən xüsusi vəsiqə ilə səs verəcəklər.

PX-dən bildirilib ki, seçkidə iştirak edəcək məhkumlara, təqsirləndirilənlərə və əsgərlərə seçki hüquqlarının izah edilməsi məqsədilə məşğələlər keçirilib, onlara namizədlərin seçkiqabağı platformaları ilə tanış olmaq üçün lazımi şərait yaradılıb.

Cəzaçəkmə müəssisələrində sekiləri izləmək üçün müşahidəçilər və KİV nümayəndələrinin təhlükəsizliyinin təmin olunması məqsədilə lazımi tədbirlər görülüb.

Azərbaycanda 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Azərbaycanda bələdiyyə üzvlüyünə 32 minə yaxın namizəd qeydə alınıb. Bu seçkilərdə həmçinin 18 siyasi partiyanın irəli sürdüyü namizədlər qeydə alınıblar. Ümumilikdə isə namizədlər partiya mənsubiyyətinə görə 30 siyasi partiyanı əhatə edirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti