...

Azərbaycanın müxalifət partiyaları proporsional seçki sisteminin bərpasını yenidən müzakirəyə çıxaracaq

Siyasət Materials 5 Yanvar 2010 13:58 (UTC +04:00)
"Parlament seçkilərində proporsional seçki sisteminin bərpa olunması üçün yaratdığımız təşəbbüs qrupu yaxın zamanlarda partiyalarla məsləhətləşmələrə başlayacaq", - çərşənbə axşamı Trend News-a Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
Azərbaycanın müxalifət partiyaları proporsional seçki sisteminin bərpasını yenidən müzakirəyə çıxaracaq

Azərbaycan, Bakı, 05 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyaları proporsional seçki sisteminin bərpasını yenidən müzakirəyə çıxaracaq.

"Parlament seçkilərində proporsional seçki sisteminin bərpa olunması üçün yaratdığımız təşəbbüs qrupu yaxın zamanlarda partiyalarla məsləhətləşmələrə başlayacaq", - çərşənbə axşamı Trend -a Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

Trend -un arayışı: 2000-ci ilədək Azərbaycanda parlament seçkiləri qarışıq sistem üzrə - majoritar və proporsional olmaqla keçirilirdi. 2002-ci ildə Konstitusiya islahatları ilə bağlı keçirilən referendumla proporsional seçki sistemi ləğv olunub və bütövlükdə majoritar sistemə keçilib.

Əliyevin sözlərinə görə, proporsional sistemin bərpası məqsədilə Mərkəzi Seçki Komissiyasına müraciət etmək üçün 40 min imza toplanılmalıdır.

"Biz ötən il bir neçə partiya ilə məsləhətləşmələr aparsaq da, bələdiyyə seçkilərinə görə prosesi başa çatdıra bilmədik. Bu il parlament seçkiləri keçiriləcəyindən, məsələnin yenidən müzakirəyə çıxarılması zəruridir", - partiya sədri əlavə edib.

Onun fikrincə, parlament seçkilərində deputatların 50 faizinin majoritar, 50 faizinin isə proporsional sistemlə seçilməsi daha məqsəduyğun olardı.

"Müzakirələrin nəticəsində konkret qərar qəbul edəcəyimizə ümidliyəm. Düşünürəm ki, biz müzakirələri tezliklə yekunlaşdırıb tələb olunan imzaları toplayaraq Mərkəzi Seçki Komissiyasına müraciət edə biləcəyik", - Əliyev vurğulayıb.

АLDP 1999-cı ildə yaradılıb. 2000-ci ildə partiyanın sədri Zakir Məmmədov vəfat etdikdən sonra 2001-ci ildə ALDP ikiyə bölünüb. Valeh İbadov və Fuad Əliyev hər ikisi ALDP adına iddia ediblər. 2004-cü ildə Ali Məhkəmənin qərarı ilə Fuad Əliyevin rəhbərlik etdiyi partiya ALDP kimi tanınıb və dövlət qeydiyyatından keçib.

"Bizim 2007-ci ilin sentyabr ayında parlamentə Konstitusiyaya əlavə və dəyişiklərlə bağlı verdiyimiz təkliflərdə proporsional seçki sisteminin bərpa olunması öz əksini tapıb", - çərşənbə axşamı Trend -a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkli Qüdrət Həsənquliyev bildirib.

Onun fikrincə, proporsional sistemin bərpası çoxpartiyalı sistemin inkişafına da böyük dəstək verə bilər.

"Bələdiyyə seçkiləri bir daha göstərdi ki, bəzi partiyalar siyasi sistemdə dekorasiya rolunu oynayır, heç bir real gücə malik deyil", - Həsənquliyev xatırladıb.

Partiya sədri hesab edir ki, proporsional sistemin bərpası siyasi islahatların tərkib hissəsi də ola bilər.

Qüdrət Həsənquliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup üzvü 2002-ci ildə partiyadan ayrılaraq və özlərinin "birləşdirici" qurultayını keçiriblər və 2004-cü ilə qədər AXCP-nin "Birləşdirici" qanadı kimi tanınıblar. 2004-cü ildə qurumun adında dəyişiklik edilib və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının təsis qurultayı keçirilib. 2005-ci ildə dövlət qeydiyyatına alınan BAXCP özünü iqtidara qarşı konstruktiv müxalifətçi hesab edir. Həsənquliyev Milli Məclisin deputatıdır.

"Mən parlament seçkilərində proporsional sistemin bərpasının tərəfdarı olsam da, amma bu, artıq mümkün deyil", - çərşənbə axşamı Trend -a iqtidaryönlü Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib.

Onun sözlərinə görə, parlament seçkilərinin həm proporsional, həm də majoritar sistemlə keçirilməsi arzuolunandır.

"Bu sistemlərin hər birinin üstün cəhətləri var. 2009-cu il mart ayında Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçiriləndə proporsional sistemin bərpasını da gündəmə gətirmək olardı. Ona görə də yenidən bu məsələnin müzakirəyə çıxarılması sadəcə olaraq ritorik xarakter daşıyacaq", - Ağamalı vurğulayıb.

Hakimiyyətyönlü AVP 1991-ci ildə yaradılıb. Partiya parlamentdə iki deputatla təmsil olunur.

Azərbaycanda parlament seçkiləri 2010-cu ilin payızında keçiriləcək. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti