...

Azərbaycanın müxalifət partiyası parlament seçkilərində heç bir bloka qoşulmayacaq

Siyasət Materials 5 Yanvar 2010 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın müxalifət partiyası parlament seçkilərində heç bir bloka qoşulmayacaq.

"Bizim siyasi bloklara qoşulmamaq haqqında qərarımız olduğuna görə parlament seçkilərində heç bir partiya ilə birgə iştirak etməyəcəyik", - çərşənbə axşamı Trend -a Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Vaqif Mahmudov bildirib.

Trend -un arayışı: Azərbaycanda parlament seçkiləri 2010-cu ilin payızında keçiriləcək. Bundan əvvəki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Parlament seçkiləri majoritar sistemlə 125 seçki dairəsi üzrə keçirilir.

Mahmudovun sözlərinə görə, seçkilərə hazırlıqla bağlı partiyadaxili müzakirələr aparılır. "Biz əvvəlcə iddialı və seçilmək üçün şanslı namizədlərimizin sayını müəyyənləşdirməliyik. Bundan sonra onların hansı dairələr üzrə namizədliklərini irəli sürəcəyi dəqiqləşdiriləcək", - partiya sədri əlavə edib.

Onun fikrincə, ACP-nin bloklara qoşulmamaq haqqında qərarı olsa da, parlament seçkilərində digər partiyalarla əməkdaşlıq istisna olunmur. "Biz bir neçə partiya ilə məsləhətləşib namizədlərimizin dəstəklənməsi, təşviqat və təbliğat kampaniyasının birgə təşkil olunması ilə bağlı razılığa gələ bilərik", - Mahmudov vurğulayıb.

ACP sədri seçkilərə hazırlıq mərhələsində partiyanın lideri Rəsul Quliyevlə namizədlərlə bağlı məsləhətləşmələr aparılacağını da istisna etməyib. "Seçkilərə rəsmi start veriləndən sonra bu məsləhətləşmələr intensivləşəcək", - o xatırladıb.

Sağ mərkəzçi, müxalifətyönlü ACP 2007-ci ilin aprelində təsis olunub. Partiyanın lideri Azərbaycan Parlamentinin eks-spikeri, hazırda mühacirətdə yaşayan Rəsul Quliyevdir. 2007-ci ilin fevralınadək ADP-nin sədri olmuş Quliyev və onun tərəfdarları etiraz olaraq ADP-dən imtina edərək özlərinin Açıq Cəmiyyət Partiyasını yaradıblar. ACP 2008-ci il оktyabrın 15-də кеçirilən prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul etsə də, hаkim Yеni Аzərbaycan Partiyasının namizədi İlham Əliyevi dəstəkləyib.

Akif Şahbazov 2009-cu ilin ortalarında ACP-nin sədri vəzifəsindən istefa verib. Ötən ilin sentyabr ayında partiyanın Ali Məclisinin sədri Vaqif Mahmudov yeni sədr seçilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti