...

Ekspertlərin müsəlmanlara qarşı "soyundurucu" skanerlərin tətbiqinə dair fikirləri fərqlidir - SORĞU

Siyasət Materials 12 Yanvar 2010 13:01 (UTC +04:00)
Amsterdamdan Detroyta uçan sərnişin təyyarəsinin Nigeriya vətəndaşı tərəfindən partladılmasına cəhddən sonra bir sıra Avropa ölkələri aeroportlarda "soyundurucu" skanerlər tətbiq etmək niyyətindədir.
Ekspertlərin müsəlmanlara qarşı "soyundurucu" skanerlərin tətbiqinə dair fikirləri fərqlidir - SORĞU

Azərbaycan, Bakı, 11 yanvar / Trend , müxbir Ü.Sadıxova/

Amsterdamdan Detroyta (ABŞ) uçan sərnişin təyyarəsinin Nigeriya vətəndaşı tərəfindən partladılmasına cəhddən sonra bir sıra Avropa ölkələri aeroportlarda "soyundurucu" skanerlər tətbiq etmək niyyətindədir. Hər bir vətəndaş yoxlanılmaq üçün bu skanerdən mütləq keçməlidir. Bu zaman insanın bədəni təhlükəsizlik orqanlarının monitorunda açıq-aşkar görünəcək.

Böyük Britaniya, Niderland, Nigeriya, o cümlədən Almaniya, Fransa, İtaliya, ABŞ skanerlərin istifadə olunacağını elan ediblər. Lakin bir sıra hüquq-mühafizə təşkilatları "soyundurucu" skanerlərin istifadəsini kəskin tənqid ediblər. Alman Əlillər Təşkilatı sərnişinlərin skaner vasitəsilə nəzarətdən keçirilməsi əleyhinə çıxış edib. Uşaqlara, həmçinin müsəlmanlara qarşı skanerlərin tətbiqi tənqid edilib.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst bildirib ki, ABŞ və Avropada "soyundurucu" skanerlərdən istifadə dindar adamların inamına ziddir.

Hesab edirsinizmi ki, bu cür təhlükəsizlik tədbirlərindən istifadə azlıqların, xüsusilə də Avropa və ABŞ-da yaşayan müsəlman azlıqlarının hüquqlarının pozulmasıdır? Əgər bunu hüquq pozuntusu hesab edirsinizsə, o zaman həmin problem necə həll olunmalıdır?

Bu sualla Trend -un müxbiri şərh üçün politoloqlar və hüquq müdafiəçilərinə müraciət edib.

Avropa Məsləhətçi Şurasının İrqçiliyə qarşı şəbəkəsinin və Müsəlman-Avropa platforması əməkdaşlığının rəhbəri Başi Qureyşi

- Bu çətin vaxtlarda Qərb və İslam sivilizasiyaları arasında terrorizm və uydurma münaqişələr zamanı miqyasından asılı olmayaraq hər bir cinayət və zorakılıq hallarının nəticəsi var. Bundan sonra tez tez, bəzən isə kəskin formada təxirəsalınmaz cavablar olur, lakin hər bir ölkənin özünü sabotaj təhlükəsizliyindən müdafiə etməyə haqqı var.

Düşünürəm ki, dünya vətəndaşlarına qarşı terrorizm və zorakılıq halları bir çox Qərb ölkələrinin psixologiyasına təsir edib, buna görə də tez-tez onların hərəkəti təşvişə səbəb olur. Lakin terror aktının dünyanın istənilən nöqtəsində olmasına icazə verilə bilməz,və hər bir ölkə öz vətəndaşlarının təhlükəsizliyini müdafiə etməkdə məsuliyyət daşıyır.

Bu yaxınlarda gənc nigeriyalının təyyarəni partlatmaq cəhdi öz növbəsində buna siqnaldır. ABŞ və bir sıra Avropa ölkələrində aeroportlarda "soyundurucu" skanerlərin tətbiq edilməsi terrorçularun təyyarənin bortuna partlayıcı maddələrlə daxil olmayacağına son inandırıcı cəhddir. Bu sxem uzun müddət hazırlanıb və yalnız şübhəli şəxslərə qarşı deyil, bütün vətəndaşlara qarşı istifadə olunacaq. Aeroportlarda istifadə olunacaq skanerlər bədəni, xəstəxanalarda keçdiyimiz rentgen kimi göstərəcək. İnsanlardan soyunmaqları deyil, sadəcə aparatın qarşısından keçmələri xahiş olunacaq. Fikrimcə, insanların təhlükəsizliyi çox vacibdir. Bütün dinlər, o cümlədən İslam dini günahsız insanların öldürülməsinin əleyhinədir.

Beləliklə, əgər terrorçu partlayıcı əşyanı gizlicə təyyarənin bortuna keçirsə, bu zaman dindar insanlar da həlak olacaqlar. Həyatın təhlükəsizliyi hər şeydən birinci olmalıdır. Lakin mən istəməzdim ki, müsəlmanlar skanerlərdən keçirilməyə və axtarışa məcbur edilsinlər. Bu təhlükəli üsuldur və sülhə gətirmir, əksinə İslamofobiya siyasətini davam etdirir.

Avropada müsəlman azlığı məsələsi üzrə ekspert Əsma Əbdülhəmid

- Hesab edirəm ki, bu qərar gec-tez problemlə üzləşəcək. Çünki bu qərar hər nə qədər təhlükəsizliyə xidmət etsə də, bütün bədənin görsənməsi haradasa narazılığa səbəb olacaq. Çünki hazırda hava limanlarında onsuz da gücləndirici tədbirlər var.

İslam Konfransı Təşkilatının müsəlman azlıqları ilə iş üzrə departamentinin direktoru Talal Dauvs

- Əslində bu qərar daha çox siyasi xarakter daşıyır. Lakin onu da nəzərə almaq lazımdır ki, bu heç də dünyanın bütün ölkələrində tətbiq olunmur və hesab edirəm ki, bu, tətbiq olunan ölkələrdə narazılığa səbəb olacaq.

Lakin bir məqamı da unutmamaq lazımdır ki, bu qərar sadəcə müsəlmanlara və ya digər dini azlıqlara qarşı tətbiq edilmir, bu qərar təhlükəsizliyin qorunması üçün tətbiq edilir və hamıya şamil edilir.

Azərbaycanda Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) rəhbəri İlqar İbrahimoglu

- Bu gün dünyada iki aktual problem var: insan haqları və təhlükəsizlik. Təəssüflər olsun ki, son illərdə təhlükəsizlik bəhanəsi ilə kifayət qədər insan haqlarının məhdudlaşdırılması istiqamətində prosesləri görürük. O cümlədən bu, ABŞ tərəfindən də kifayət qədər həyata keçrilir. Düşünürəm ki, bu məsələ ilk növbədə ABŞ-ın özünün iddia etdiyi dəyərlərin ziddinədir. Buş dönəmində bu daha çox özünü göstərirdi, lakin təssüflər olsun ki, 2010 -cu ilin yanvarından başlayaraq, belə demək mümkünsə, Obamanın da danışıq üslubu bu istiqamət üzrə artıq "Buşlaşmağa" başlayır. Çox qəribə olsa da, bu artıq açıq-aydın görsənir.

Hesab edirəm ki, hər halda vətəndaşları yoxlamaq üsulları müxtəlifdir və bu, mütləq və mütləq insanı tamamilə çılpaq göstərən skanerlərdən keçmir, başqa üslublar da var. Azərbaycanda da artıq bu üsul bir müddətdir tətbiq olunur, amma bir maraqlı cəhət var ki, kimsə istəməzsə skanerdən keçmir və onu başqa formada yoxlayırlar. Hesab edirəm ki, hər halda insanların seçim imkanı olmalıdır və bu məcburi olmamalıdır. Necə ki, hazırda Azərbaycanda bunun tətbiqi məcburi deyil.

Dini baxımdan inancımız hər bir rasional mövzunu insanların təhlükəsizliyi üçün qəbul edir, amma dediyimiz kimi, bu mövzunun rasionallığı hazırda qəti deyil. Buna görə də düşünürəm ki, ən azından Azərbaycanda tətbiq olunan kimi olmalıdır. Yəni insanın seçimi olmalıdır ki, oradan keçsin, yoxsa alternativ üslubla yoxlanılsın.

Materialın hazırlanmasında R.Hafizoğlu, T.Cəfərov iştirak edib.

Xəbər lenti

Xəbər lenti