...

Azərbaycanda dövlət hakimiyyət strukturlarının vəzifəli əməkdaşı kimi qələmə verərək vətəndaşları aldadan dəstə zərərsizləşdirilib - MTN

Siyasət Materials 26 Yanvar 2010 16:14 (UTC +04:00)
MTN-in ictimaiyyətlə əlaqələr mərkəzindən çərşənbə axşamı Trend News-a verilən məlumata görə, Bakı şəhər sakinləri - 1954-cü il təvəllüdlü Abbasov Hacıəli Hacıqulu oğlu və 1963-cü il təvəllüdlü Quliyev Mirzə Yusif oğlu cinayət əlaqəsinə girərək, özlərini vəzifəli şəxs kimi təqdim edib qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq edib, aldatma yolu ilə özgəsinin külli miqdarda əmlakını ələ keçiriblər.
Azərbaycanda dövlət hakimiyyət strukturlarının vəzifəli əməkdaşı kimi qələmə verərək vətəndaşları aldadan dəstə zərərsizləşdirilib - MTN

Azərbaycan, Bakı, 26 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi özünü dövlət hakmiyyət strukturlarının vəzifəli əməkdaşı kimi qələmə verərək vətəndaşları aldatmaqla dələduzluqla məşğul olan şəxsləri saxlayıb.

MTN-in ictimaiyyətlə əlaqələr mərkəzindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, Bakı şəhər sakinləri - 1954-cü il təvəllüdlü Abbasov Hacıəli Hacıqulu oğlu və 1963-cü il təvəllüdlü Quliyev Mirzə Yusif oğlu cinayət əlaqəsinə girərək, özlərini vəzifəli şəxs kimi təqdim edib qabaqcadan əlbir olan bir qrup şəxs halında dələduzluq edib, aldatma yolu ilə özgəsinin külli miqdarda əmlakını ələ keçiriblər.

Müəyyən edilib ki, Hacıəli Abbasov özünü Azərbaycan Respublikası Prezident Administrasiyasının təhsil məsələləri üzrə əməkdaşı, Mirzə Quliyev isə özünü Bakı şəhərinin rayonlarından birinin icra hakimiyyəti başçısının müavini kimi təqdim edərək, Azərbaycan Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılan test imtahanlarının nəticələri üzrə keçid balı toplaya bilməmiş bir sıra abituriyentləri yalan vədlər verməklə aldadıblar.

Abbasov və Quliyev həmin abituriyentləri, guya Heydər Əliyev Fondunun xətti ilə bəzi ali təhsil ocaqlarına qəbul etdirəcəklərini Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Hüseynov Mətləb Eldar oğlu vasitəsilə onun valideynlərinə vəd edib və onların külli miqdarda pul vəsaitlərini ələ keçiriblər.

Abbasovun tapşırığı ilə Quliyev həmin vətəndaşlardan birinə 10 min AZN müqabilində Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul etdirəcəyini Mətləb Hüseynovun vasitəsilə vəd edib və bu işə razılaşacağı təqdirdə göstərilən pulu ondan hissə-hissə qəbul etməyə razı olduğunu bildirib. Hüseynov aldadıldığını başa düşərək, əlavə vaxt əldə etməklə Abbasovu və Quliyevi ifşa etmək məqsədilə ona ilkin olaraq 2 min AZN məbləğində pul verməyi vəd edib və bunun üçün möhlət istəyib. Mirzə Quliyev də bu şərtlə və məbləğlə razılaşıb.

Bundan sonra Hüseynov Milli Təhlükəsizlik Nazirliyinə ərizə ilə müraciət edərək göstərilən hallar barədə məlumat verib və Abbasovla Quliyevin cinayət başında yaxalanması üçün köməklik göstərməyə hazır olduğunu bildirib.

2010-cu il yanvarın 18-də Hüseynov Bakı şəhərində fəaliyyət göstərən çay evlərindən birində Quliyevlə görüşərək, Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul üçün ona 2 min AZN məbləğində pulu, hərbi xidmətə çağırış məntəqəsinə təhkim olunmaya dair sənədi və TQDK-nın abituriyent ödəmə kartını Quliyevə verib. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində Quliyev cinayət başında yaxalanıb.

Fakt üzrə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respub­likası Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi) maddələri ilə cinayət işi başlanıb, Abbasov və Quliyev təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Abbasovun və Quliyevin qanunsuz hərəkətlərinin yuxarıda gös­­tərilənlərlə məhdudlaşmadığı ehtimal olunduğundan, onların hüquqazidd əməl­­lərindən zərər çəkmiş digər vətəndaşlardan Milli Təhlükəsizlik Nazirliyinə və onun ərazi orqanlarına müraciət etmələri xahiş olunur.

Əlaqə telefonu: 405-99-99

Xəbər lenti

Xəbər lenti