...

Azərbaycanda siyasətlə məşğul olmamaq vədimə sadiqəm - eks-deputat Nazim İmanov

Siyasət Materials 28 Yanvar 2010 12:02 (UTC +04:00)
Azərbaycan Milli İstiqlal Partiyasının yaradıcılarından biri 2010-cu il parlament seçkilərində namizədliyini irəli sürməmək niyyətindədir.
Azərbaycanda siyasətlə məşğul olmamaq vədimə sadiqəm - eks-deputat Nazim İmanov

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Milli İstiqlal Partiyasının yaradıcılarından biri 2010-cu il parlament seçkilərində namizədliyini irəli sürməmək niyyətindədir.

"2005-ci il parlament seçkilərində Yasamal rayonundakı seçki dairələrinin birindən namizədliyimi irəli sürsəm də, deputat mandatı qazana bilmədim. Bu səbəbdən bir daha Milli Məclisdə təmsil olunmaq barədə düşünmürəm. 2003-cü il prezident seçkilərindən sonra siyasi fəaliyyətlə məşğul olmamaq vədimə sadiqəm", - cümə axşamı Trend -a AMİP-in yaradıcılarından olan sabiq deputat Nazim İmanov bildirib.

Trend -un arayışı: Azərbaycanda parlament seçkilərinin 2010-cu ilin payızında keçiriləcəyi gözlənilir. Bundan əvvəlki seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistem üzrə 125 seçki dairəsində keçirilir.

"Mən 15 il fəal şəkildə siyasətlə məşğul oldum. Fikrimcə, hamı mənim necə siyasətçi olduğuma bələddir. Amma artıq iqtisadçı-alim kimi fəaliyyət göstərməyimi daha məqsədəuyğun hesab edirəm", - AMİP-in keçmiş üzvü əlavə edib.

O, müxalifətin parlament seçkiləri ilə bağlı yaradacağı hər hansı blokda tanınmış ziyalı kimi təmsil olunmaq niyyətində deyil.

"Bir daha qeyd edirəm ki, Nazim İmanov bundan sonra heç bir siyası fəaliyyətlə məşğul olmayacaq. Bu isə o deməkdir ki, hətta müstəqil şəxs kimi də hər hansı blokda təmsil olunmağım mümkün deyil", - İmanov vurğulayıb.

Nazim İmanov 1995-2000-ci illərdə AMİP-in proporsional siyahısı ilə Milli Məclisin deputatı olub. İmanov 2003-cü il prezident seçkilərindən sonra AMİP-dən istefa verib. 2005-ci il parlament seçkilərində deputatlığa namizəd kimi onun rəqibləri AMİP lideri Etibar Məmmədov Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov olublar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti