...

İranda möhkəm və stabil evliliklərin qurulmasına çalışırıq - İranın Milli Gənclər Təşkilatının sədr müavini

Siyasət Materials 28 Yanvar 2010 13:10 (UTC +04:00)
İranın Milli Gənclər Təşkilatının sədr müavini müvəqqəti nigah (siğə) ilə bağlı yaranmış fikir ayrılıqlarını qəbul etmir.
İranda möhkəm və stabil evliliklərin qurulmasına çalışırıq - İranın Milli Gənclər Təşkilatının sədr müavini

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir T.Cəfərov/

İranın Milli Gənclər Təşkilatının sədr müavini müvəqqəti nigah (siğə) ilə bağlı yaranmış fikir ayrılıqlarını qəbul etmir.

Azərbaycanda səfərdə olan İranın Milli Gənclər Təşkilatının sədr müavini, təşkilatın beynəlxalq əlaqələr departamentinin rəis müavini Məhəmməd Sadiq Əkbəri Trend -a müsahibəsində bildirib ki, siğə şəriət qanunuları ilə tənzimlənir.

"Müvəqqəti nigah məsələsi açıq aydın olan bir məsələdr. Bizim dini inancımızda müvəqqəti nigah üçün müəyyən olunmuş vaxt və özəl şərtlər var", deyə sədr müavini bildirib.

Bir müddət əvvəl İranda ilk Cinsi Müşavirə Mərkəzinin yaradıcısı və Tehran Tibb Universitetinin Baş Elmi Heyətinin üzvü Nadir Məcd Trend -a müsahibəsində ölkəsində boşanma hallarının artmasına səbəb kimi ər-arvadın cinsi münasibətlərlə bağlı kifayət qədər məlumatlı olmamasını, bu sahədə onlar arasında yaranan narazılığı və maliyyə problemini göstərib.

Məcdin sözlərinə görə, dərsliklərdə və telekanallarda bu yöndə təlimatlara yol verilmədiyindən, bir çox gənclər cinsi əlaqəni pornofilmlərdən öyrənir ki, bu da ailə reallıqları ilə üst-üstə düşmür.

Rəsmi məlumata görə, Əhmədinejad hökuməti dövründə İranda işsizliyin səviyyəsi 12 faiz olub.

İran parlamentinin Zahidan şəhərindən olan nümayəndəsi Məhəmməd Mehdi Şəhriyari isəölkədə işsizliyin səviyyəsinin 30 faizdən çox olduğunu deyib.

Sadiq Əkbərinin sözlərinə görə, İranda gənclər əhalinin 35 faizini təşkil edir və ölkədə 25 milyondan artıq gənc var.

Əkbəri əlavə edib ki, ölkəsində cəmiyyət yüksək templə inkişaf edir və evliliklərin, iş və mənzilə təlabatın artması təbiidir.

"Ölkədə bu problemlərin həlli üçün həyata keçirilən layihələrdə evliliklərin sayının artırılmasına deyil, möhkəm və stabil ailələrin qurulmasına şərait yaratmağa çalışırıq. Məqsədimiz ölkədə boşanmaların sayının minimuma endirilməsidir", -deyə Əkbəri vurğulayıb.

Əkbəri deyib ki, İranda ər və arvadın intim münasibətlərlə bağlı maarifləndirilməsi məqsədi ilə təlim mərkəzlərinin açılması nəzərdə tutulur.

"Qurulan ailələrin daimi olması məqsədilə gənclərin bu sahədə maarifləndirilməsi üçün ali məktəblərdə xüsusi dərs saatları ayrılıb. İran hökuməti hazırda bu sahədə bəzi layihələr həyata keçirir", - Əkbəri deyib.

Onun sözlərinə görə, bu layihələr çərçivəsində "Məskən" fondu, Gənclərin Ailə Qurması üçün Kömək fondları yaradılıb və gənclərin işsizlik problemlərinin həlli üçün kreditlər ayrılıb.

"Ümid edirəm ki, bu tədbirlər gənclərin ailə həyatı qurmasına mane olan problemlərin həllinə kömək edəcək", - Əkbəri əlavə edib.

İranın İLNA xəbər agentliyi bir müddət öncə İranda boşanmaların nigahlarla müqayisədə artması barədə məlumat yayıb.

Əkbəri bu məsələyə münasibət bildirərkən deyib ki, boşanmaların artması nigahların sayının artması nəticəsində baş verib.

"İranda ötən illərdə orta hesabla 700 - 750 min nigah qeydə alınırdı. Ötən il isə bu rəqəm 900 minə çatıb. Nigahların artmasının boşanmaların artmasına təsir etməsi təbiidir", -deyə Əkbəri bildirib.

Əkbəri əlavə edib ki, gənclərin və gənc ailələrin maarifləndirilməsi məqsədi ilə internet səhifələrində, mətbuatda maarifləndirici materiallar yerləşdirilir. Bundan başqa, kompakt disklər hazırlanaraq yeni ailələlərə paylanılır.

Əkbərinin fikrincə, yeni ailələrin evlilik ərəfəsində və evləndikdən sonra inanclarına uyğun və elmi əsaslarla maariflənməsi üçün proqramlar həyata keçirilir. "İranda Milli evlilik günü - birinci imam Həzrəti Əli və onun həyat yoldaşı Fatimənin evlənməsi günü münasibəti ilə müxtəlif təbdirlər həyata keçirilir. Yeni ailə qurmuş gənclər bir həftəlik Məşhəd şəhərinə ziyarət üçün göndərilir və orada onlar üçün kurslar təşkil olunur",-Əkbəri qeyd edib.

Onun fikrincə, bu kimi tədbirlərin həyata keçirilməsi boşanmaların sayının azalmasına gətirib çıxara bilər.

Xəbər lenti

Xəbər lenti