...

ABŞ administrasiyası Dağlıq Qarabağ adlı struktur tanımır - Dövlət Departamenti

Siyasət Materials 28 Yanvar 2010 19:50 (UTC +04:00)
Birləşmiş Ştatların Dövlət Departamentinin Azərbaycanın notasına cavabında deyilir ki, ABŞ administrasiyası Dağlıq Qarabağ adlı struktur tanımır. Bunu Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxov Trend News-a deyib.
ABŞ administrasiyası Dağlıq Qarabağ adlı struktur tanımır - Dövlət Departamenti

Azərbaycan, Bakı, 28 yanvar / Trend , müxbir S.Ağayeva/

Birləşmiş Ştatların Dövlət Departamentinin Azərbaycanın notasına cavabında deyilir ki, ABŞ administrasiyası Dağlıq Qarabağ adlı struktur tanımır. Bunu Azərbaycan XİN-in mətbuat katibi Elxan Poluxov Trend -a deyib.

Onun sözlərinə görə, Dövlət Departamentinin cavab məktubu yanvarın 26-da Azərbaycanın ABŞ-kı səfirliyinə daxil olub. ABŞ bir daha bildirib ki, Vaşinqton ABŞ-ın Dağlıq Qarabağda həyata keçirilən layihələri barədə Azərbaycanın açıq və şəffaf şəkildə məlumatlandırılması prinsipinin tərəfdarıdır.

Bir müddət əvvəl Azərbaycanın Vaşinqtondakı səfiri Yaşar Əliyev ABŞ Konqresində Dağlıq Qarabağa 8 milyon dollar yardım ayrılmasını nəzərdə tutan qanun layihəsinin qəbulu ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi notasını Dövlət Departamentinə təqdim edib.

Notada qeyd olunub ki, rəsmi Bakının razılığı olmadan bu proqramların reallaşdırılması ABŞ hökumətinin işğal altında olan Azərbaycan ərazilərində yaradılmış separatçı rejimə dəstəyi kimi qiymətləndiriləcək, işğalın davamına səbəb olacaq, münaqişənin nizamlanması istiqamətində səylərə mənfi təsir göstərəcək və ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi "ədalətli, tərəfsiz vasitəçi" imicini sarsıdacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti