ABŞ, Vaşınqton, 06 fevral / Trend , müxbir N.Boqdanova/
Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin Soçidəki son görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesinə yeni nəfəs verib. ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayev belə hesab edir.
"Region ölkələri kimi, bizim Dağlıq Qarabağ prosesinin yekunlaşma mərhələsinə yaxınlaşması üçün böyük imkanlarımız var, - Qazaxıstanın xarici işlər naziri və dövlət katibi Saudabayev Trend -a deyib. - Biz, ATƏT sədrliyini növbəti ölkəyə təhvil verənədək münaqişənin həll ediləcəyini gözləyirik".
Bu il ilk dəfə olaraq yanvarın 25-də Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedev və Serj Sarkisyanın üçtərəfli görüşü keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi müzakirə edilib.
Görüşdə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranan münaqişənin nizamlanmasına dair sənədin preambulası razılaşdırılıb. Münaqişə nəticəsində Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.
Azərbaycan və Ermənistan prezidentləri keçən il Münhen, Kişinyov, Moskva, Sankt-Peterburq, Praqa və Sürixdə 6 görüş keçiriblər. Moskva və Sürixdəki görüşlər üçtərəfli formatda keçirilib.
"Biz Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əvvəlki illərdə nail olunmuş irəliləyişlərə əsaslanaraq, bizdən asılı olan hər şeyi etməyə çalışırıq. ATƏT-in Minsk Qrupu böyük irəliləyişlərə nail olub", - Saudabayev deyib.
1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə edəndən sonra ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə sülh danışıqları aparılır.
Saudabayev vurğulayıb ki, Qazaxıstan bu münaqişədə irəliləyişə nail olmaq üçün bütün unikal imkanlarından istifadə edəcək.
Bu həftə Saudabayev Vaşinqtonda ABŞ rəhbərliyi ilə danışıqlar aparıb və Birləşmiş Ştatların Helsinki Komissiyasının dinləmələrində iştirak edib. O bildirib ki, yaxın həftələrdə Cənubi Qafqaz ölkələrinə səfər etməyi planlaşdırır.