Azərbaycan, Bakı, 7 fevral / Trend , müxbir A.Axundov/
Azərbaycanda səs verən Ukrayna vətəndaşlarının yarısı müxalif Regionlar Partiyasının lideri olan Viktor Yanukoviçi dəstəkləyib. Bu barədə seçki komissiyasının sədri Mariya Saidova bazar günü Trend -a məlumat verib.
Azərbaycanda yaşayan 237 Ukrayna vətəndaşının adı seçki siyahısına daxil edilib, onlardan 92 nəfər seçkilərdə iştirak edib.
Seçki komissiyasından Trend -a verilən məlumata görə, seçicilərdən 46 nəfəri Viktor Yanukoviçə, 38 nəfəri - Yuliya Timoşenkoya, 8 nəfəri isə bütün namizədlərin əleyhinə səs verib.
3 saylı seçki məntəqəsi səhər saat 08:00-da açılıb, axşam saat 20:00-da isə bağlanıb. Səsvermə zamanı pozuntu qeydə alınmayıb.
Ukrayna Prezident seçkilərinin 17 yanvar tarixində keçirilən birinci turunda 18 namizəd iştirak edib. Mərkəzi seçki komissiyasının Prezident seçkilərinin rəsmi nəticələrinə dair protokoluna əsasən, Viktor Yanukoviçə seçicilərin 35,32%, Yuliya Timoşenkoya 25,05% səs verib.