Azərbaycan, Bakı, 12 fevral / Trend , müxbir M.Əliyev/
MDB ölkələrinin sosialistləri Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər. Bu barədə Azərbaycanın Xalq Sosialist Partiyasının (AXSP) sədri Rövşən Hüseynov cümə günü Trend -a deyib.
Onun sözlərinə görə, "Ədalətli Rusiya" partiyasının təşəbbüsü ilə fevralın 8-də keçirilmiş MDB ölkələrinin sosialist və sosial-demokrat partiyalarının birinci forumu zamanı siyasi partiyaların işçi qruplarının yaradılması barədə qərar qəbul edilib. Bu işçi qrupları üzv ölkələrin hər birində keçirilən seçkiləri müşahidə edəcəklər. Partiya sədri qeyd edib ki, hazırda AXSP-dən işçi qrupunun tərkibi müəyyən edilir.
Parlament seçkiləri Azərbaycanda bu ilin payızında keçiriləcək. Ötən seçkilər 2005-ci ilin noyabr ayında keçirilib. Azərbaycanda parlament seçkiləri majoritar sistemdə 125 seçki dairəsində keçirilir.