...

Azərbaycan Prezidenti Liviyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Siyasət Materials 3 Mart 2010 18:42 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Liviyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Saad Mustafa Mucbirin etimadnaməsini qəbul edib.
Azərbaycan Prezidenti Liviyanın ölkəmizdə yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Liviyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Saad Mustafa Mucbirin etimadnaməsini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Səfir Prezident Sarayında fəxri qarovul dəstəsinin qarşısından keçib. Səfir Saad Mustafa Mucbir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib.

Səfir Saad Mustafa Mucbir Liviya Prezidenti Müəmmər Qəzzafinin salamlarını dövlətimizin başçısına çatdırıb. O, on il bundan əvvəl müasir Azərbaycan dövlətinin yaradıcısı, ulu öndər Heydər Əliyev ilə görüşünü ehtiramla xatırlayıb. Saad Mustafa Mucbir ölkəsinin Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu deyib. O, səfirlik fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətləri daha da genişləndirmək üçün bütün səylərini əsirgəməyəcəyini bildirib.

Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayıb. Prezident İlham Əliyev Liviyanın Azərbaycanın mövqeyini beynəlxalq təşkilatlarda, İslam Konfransı Təşkilatı və Birləşmiş Millətlər Təşkilatında dəstəkləməsini yüksək qiymətləndirib. Ölkəmizin Liviya ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu deyən dövlətimizin başçısı əməkdaşlıq üçün yeni imkanların olduğunu bildirib. İqtisadi sahədə əlaqələri inkişaf etdirməyin önəmini vurğulayan Prezident İlham Əliyev bu istiqamətdə əməkdaşlıq üçün cəlbedici sahələrin və böyük potensialın mövcudluğunu qeyd edib.

Dövlətimizin başçısı Liviya Prezidenti Müəmmər Qəzzafinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Liviya dövlətinin başçısına çatdırmağı xahiş edib.

Xəbər lenti

Xəbər lenti