...

Siyasi məqsədlərlə uydurma faktlardan istifadə olunması düzgün deyil - türkiyəli deputat Mustafa Kabakçı

Siyasət Materials 5 Mart 2010 14:06 (UTC +04:00)
Siyasi məqsədlərlə uydurma faktlardan istifadə olunması düzgün deyil. Odur ki, qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnamənin qəbulu ABŞ Konqresinin Türkiyə kimi mühüm müttəfiqinə qarşı səhv addımıdır.
Siyasi məqsədlərlə uydurma faktlardan istifadə olunması düzgün deyil - türkiyəli deputat Mustafa Kabakçı

Azərbaycan, Bakı, 5 mart / Trend , müxbir R.Hafizoğlu/

Siyasi məqsədlərlə uydurma faktlardan istifadə olunması düzgün deyil. Odur ki, qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnamənin qəbulu ABŞ Konqresinin Türkiyə kimi mühüm müttəfiqinə qarşı səhv addımıdır. "Azərbaycan-Tükiyə" parlamentlərarası dostluq qrupunun həmsədri Mustafa Kabakçı belə hesab edir.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi qondarma "erməni soyqırımı"na dair qətnamə qəbul edib.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

"Bu qərar [qətnamənin qəbulu] Türkiyə üçün heç bir əhəmiyyət daşımır, çünki Konqresin və tarixçilərin əlində 1915-ci il hadisələrinin soyqırım olduğunu sübut edən rəsmi sənədlər yoxdur", - Kabakçı Trend -a Konyadan telefonla bildirib.

Onun sözlərinə görə, "erməni soyqırımı" problemi siyasətçilər tərəfindən deyil, tarixi mənbələrin araşdırılması yolu ilə həll olunmalıdır.

Kabakçı Türkiyə siyasətinin kənar təzyiqlərdən asılı olmadığını nəzərə alaraq, siyasi məqsədlərlə uydurma faktlardan istifadə olunmasını düzgün hesab etmədiyini bildirib.

"ABŞ Konqresi və hökuməti başa düşməlidir ki, Türkiyə onun siyasətinin xarici qüvvələr və digər ölkələr tərəfindən diktə olunduğu mərhələni artıq keçib", - türkiyəli deputat bildirib.

Səsvermə başlanmazdan bir neçə saat əvvəl ABŞ Prezidenti Barak Obama Konqresə qondarma "erməni soyqırımı"na dair qətnaməni qəbul etməməyi tövsiyə edib.

Eyni zamanda, ABŞ-ın dövlət katibi Hillari Klinton ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin sədri ilə telefon danışığı zamanı deyib ki, qətnamənin qəbulu Ermənistan-Türkiyə protokollarını təhlükə altında qoyacaq.

Qətnamənin müzakirəsini müşahidə edən türkiyəli deputatlar Komitənin qərarını "Amerika-Türkiyə münasibətlərinə zərbə" adlandırıb və əlavə ediblər ki, Türkiyə bu qərardan sonra Ermənistanla imzalanmış protokollardan imtina və ya Ermənistan Konstitusiya Məhkəməsinin etdiyi kimi ona düzəlişlər edə bilər.

Cümə axşamı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-ı "soyqırım"a dair qətnaməni nəzərdən keçirərək Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasında əldə edilmiş tərəqqini təhlükə altına qoymamağa çağırıb.

2009-cu il oktyabrın 10-da Türkiyə və Ermənistanın xarici işlər nazirləri Sürixdə Ermənistan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasına dair protokollar imzalayıblar.

Xəbər lenti

Xəbər lenti