...

Azərbaycanın Prezident Administrasiyası ABŞ Konqresinin qərarını pisləyib

Siyasət Materials 5 Mart 2010 13:40 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin dünən qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərarı qəti şəkildə pisləyib.
Azərbaycanın Prezident Administrasiyası ABŞ Konqresinin qərarını pisləyib

Azərbaycan, Bakı, 5 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin dünən qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərarı qəti şəkildə pisləyib.

Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bununla bağlı mətbuata verdiyi açıqlamasında bildirib ki, ABŞ konqresmenlərinin bu addımı sözün həqiqi mənasında səhv və ədalətsiz addımdır.

"1915-ci ildə Birinci Dünya müharibəsinin cəbhələrinin birində baş vermiş hadisələrdə müharibədə iştirak edən bütün xalqlar və dövlətlər bu və ya digər itkilərə məruz qalıblar. O dövrün hadisələrində kimin daha az və ya çox itki verməsini və hansı nəticə ilə müharibədən çıxmasını dünyada fövqəldövlət adını daşımağa iddialı olan bir ölkənin Konqres üzvləri deyil, müstəqil tarixçilər və tədqiqatçılar həll etməlidir", -  o deyib.

"Azərbaycan hökuməti ABŞ konqresmenlərinin atdığı bu addımı birmənalı şəkildə pisləyir, onun birtərəfli, ədalətsiz və ermənipərəst qərar olduğunu və antitürk mahiyyəti daşıdığını diqqətə çatdırır. Hesab edirik, bu qərar həm də ABŞ-ın və Amerika xalqının maraqları ilə qətiyyən uzlaşmır, bu ölkənin beynəlxalq imicinə ciddi zərbə vuracaq", - Həsənov əlavə edib.

Əli Həsənov, eyni zamanda, inandığını bildirib ki, komitənin qəbul etdiyi bu qərar Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatasında lazımi qiymətini alaraq, geri qaytarılacaq və ABŞ hökumətinin üzərindən bu ədalətsiz məsuliyyət götürüləcək.

ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsi cümə axşamı keçirdiyi iclasda 23 səs "lehinə", 22 səs "əleyhinə" olmaqla qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnaməni qəbul edib.

Xəbər lenti

Xəbər lenti