...

ABŞ Konqresinin komitəsində "erməni soyqırımı" ilə bağlı qəbul olunan qərar ədalətsizdir – partiya sədri

Siyasət Materials 6 Mart 2010 13:05 (UTC +04:00)
Azərbaycan Parlamentində təmsil olunan Vətəndaş Birliyi Partiyası (VBP) ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərarı ədalətsiz hesab edir
ABŞ Konqresinin komitəsində "erməni soyqırımı" ilə bağlı qəbul olunan qərar ədalətsizdir – partiya sədri

Azərbaycan, Bakı, 6 mart / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentində təmsil olunan Vətəndaş Birliyi Partiyası (VBP) ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərarı ədalətsiz hesab edir.

"Komitənin bu qərarı həm də konqresmenlər tərəfindən tarixin saxtalaşdırılması cəhdidir". - Şənbə günü Trend -a Vətəndaş Birliyi Partiyasının sədri, millət vəkili Sabir Hacıyev bildirib.

Trend -un arayışı: ABŞ Konqresinin Xarici əlaqələr komitəsi qondarma "erməni soyqırımı"nın tanınmasına dair qətnamə qəbul edib. 23 konqresmen qətnamənin lehinə, 22-si əleyhinə səs verib.

Ermənistan və erməni lobbisi bildirir ki, Türkiyənin sələfi - Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım həyata keçirib. Bu faktın bütün dünyada tanınmasını istəyən ermənilər dünya ölkələrində "soyqırım" təbliğatını gücləndirərək, onun bəzi dövlətlərin parlamentləri tərəfindən tanınmasına nail olublar.

Hacıyevin sözlərinə görə, qondarma "erməni soyqırımı" ilə bağlı iddiaların araşdırılması tarixçilərin işidir və Türkiyə tərəfi də dəfələrlə buna hazır olduğunu bəyan edib.

"Bu qərar ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərdən biri olan ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində obyektiv mövqe tutacağına da kölgə salır", - partiya sədri əlavə edib.

Millət vəkili deyib ki, bu ədalətsizliyin aradan qaldırılması üçün onun rəhbərlik etdiyi partiya Türkiyə ilə həmrəy olacaq.

"Biz sona qədər Türkiyə dövlətinə bütün dəstəyimizi verəcəyik. Eyni zamanda, Konqresdə sonrakı mərhələlərdə qondarma "erməni soyqırımı" ilə bağlı növbəti qərarların qəbul olunmayacağına da inanırıq", - Hacıyev bəyan edib.

Onun fikrincə, Türkiyə və Azərbaycan kimi strateji müttəfiqlərini itirməmək üçün ABŞ rəhbərliyi də bundansonrakı proseslərin qarşısını almağa nail ola biləcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]/

Xəbər lenti

Xəbər lenti