Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir T.Konyayeva/
Azərbaycanla Almaniya arasında münasibətlər stabil xarakter daşıyır, ikitərəfli əlaqələr çiçəklənir və alman tərəfi onların gələcək inkişafına ümid edir. Almaniyanın Azərbaycandakı səfiri Per Stankina bildirib.
"Siyasi nöqteyi-nəzərdən biz çox məmnunuq ki, Azərbaycan nəinki ikitərəfli münasibətləri inkişaf etdirir, həm də Avropa Birliyinə inteqrasiya üçün Almaniyaya platforma kimi baxır", - səfir Azərbaycan Strateji Araşdırmalar Mərkəzində iki ölkə nümayəndələrinin müntəzəm görüşündə bildirib.
Səfirin sözlərinə görə, iki ölkə arasında mədəniyyət sahəsində də əlaqələr dinamik inkişaf edir. "Biz Azərbaycanda Almaniya günləri təşkil etdik. Bu çərçivədə ölkənin müxtəlif şəhərlərində 50 tədbir keçirilib", - səfir əlavə edib.
Azərbaycan bəzi səbəblərə görə Almaniya üçün strateji maraq doğurur. Bunlardan biri odur ki, güclü Azərbaycan regionda sabitliyə zəmanət verə bilər; belə ki, iqtisadi nöqteyi-nəzərdən ən yüksək potensiala malik ölkə enerji sabitliyinin bərqərarına öz töhfəsini vermək qərarına gəlib.
Səfirin sözlərinə görə, digər mühüm məqam odur ki, Azərbaycan ən çox tolerant islam dövlətidir.
"Almaniyanın Cənubi Qafqazın inkişafı üzrə təşəbbüslərini üç ölkə arasında inamın yaradılması üzrə tədbirlər adlandırmaq olar. Hər üç ölkəni birgə layihələrə cəlb etmək, sərhəd zonalarında təbii qoruqlar yaratmaq lazımdır", - Stankina bildirib.
Onun sözlərinə görə, Almaniya inanır ki, Dağlıq Qarabağ münaqişəsi yaxın vaxtda öz həllini tapacaq.