...

Bu il Avstriya yalnız Azərbaycanda səfirlik açacaq - səfir Fuad İsmayılov (MÜSAHİBƏ)

Siyasət Materials 16 Mart 2010 19:05 (UTC +04:00)
Trend News-un Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılovla müsahibəsi

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir S.Ağayeva/

Trend -un Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılovla müsahibəsi

 - Cənab səfir, Azərbaycanla Avstriya arasında ticari-iqtisadi münasibətləri necə qiymətləndirirsiniz və əməkdaşlığın gələcək inkişafı üçün nə etmək lazımdır?

- Hər iki ölkədə ticari-iqtisadi münasibətlərin inkişafına böyük maraq var, potensial mövcuddur. Təəssüf ki, bu gün mövcud olan rəqəmlər həm ticarət dövriyyəsi, həm də hazırda fəaliyyət göstərən firma və şirkətlərin sayı baxımından bizi qane etmir. Məhz buna görə də Azərbaycan-Avstriya Ticarət-Sənaye Palatası təsis olunub. Hesab edirik ki, bizə elə struktur lazımdır ki, biznesmenlərin Avstriya və Azərbaycanda fəaliyyət göstərməsinə yardım etsin.

Bu, vacibdir və buna açıq tələbat var. Əlbəttə, qeyd etmək lazımdır ki, Azərbaycanda uzun illər Avstriya səfirliyi olmayıb. Ona görə də ümid edirik ki, Bakıda Avstriya səfirliyinin açılması ölkələr arasında əmtəə dövriyyəsinin genişlənməsinə, iqtisadi münasibətlərin möhkəmlənməsinə xidmət edəcək.

Ümumilikdə, hər iki tərəfin böyük marağı var və potensial kifayət qədər böyükdür. Xüsusi istiqamətlər var ki, biz bunlar üzrə sıx əlaqələrin qurulmasını düşünürük. Bunlar tikinti, şəhər planlaşdırması, infrastrukturun inkişafı, turizm, turizmin idarə olunması, kənd təsərrüfatı və alternativ enerji mənbələridir. Sonuncu mövzu bu gün çox aktualdır və Avstriya bu sahədə Azərbaycanın etibarlı tərəfdaşı ola bilər.

- İki ölkə arasında əmtəə dövriyyəsinin səviyyəsi və Azərbaycan ixracının xüsusi çəkisi necədir?

- Ötən ilin yekunlarına görə, əmtəə dövriyyəsinin həcmi təxminən 100 milyon avro təşkil edib və bunun əsas hissəsini Azərbaycana idxal təşkil edib. Təbii ki, bizim Avstriyaya ixrac payımızın artması üçün çox səy göstərmək lazımdır.

Bu gün mən Cahan Holdinqin rəhbəri ilə söhbət etdim. Bu, o firmalardan biridir ki, potensial baxımından bizim malların Avstriyaya ixracını artıra bilər. Lakin qeyd etmək lazımdır ki, bu gün malların təkcə Avstriyaya deyil, həm də Avropa İttifaqı bazarına ixrac olunması üçün onların keyfiyyətini yaxşılaşdırmaq lazımdır ki, bu məhsul zəruri Avropa standartlarına cavab versin.

Yalnız belə olan halda bizim Avropa bazarına çıxmaq üçün şansımız olacaq. Təbii ki, bu gün Avropada Azərbaycanın hansı mallarına tələbatın olduğu barədə düşünməliyik. Biz qazanmaq üçün bu xüsusiyyəti bilməliyik.

Fikrimcə, şans var, lakin bu məsələnin üzərində çox işləmək, hər şeyi diqqətlə düşünmək lazımdır. Ticarət-Sənaye Palatasının yaradılmasına qayıdaraq qeyd etmək istəyirəm ki, bu, bizə yardım edə biləcək baza ola bilər. Onlar Azərbaycan şirkətlərinə yardım göztərməyə hazırdırlar ki, sonuncular tədricən Avstriya bazarına çıxa bilsinlər. Bu gün Vyanada ARDNŞ-nin nümayəndəliyi fəaliyyət göstərir, lakin bu, enerji şirkətidir. Bizim göstərməyə, satmağa çox malımız var, lakin çox şey malın keyfiyyətindən asılı olacaq.

- İki ölkənin siyasi əlaqələri hansı səviyyədədir?

- Bizim siyasi sahədə heç bir problemimiz, həll edilməmiş məsələmiz yoxdur. Hazırda Azərbaycanda Avstriya səfirliyi açılması məsələsi həll edilir və bu Avstriyanın Azərbaycana olan marağını bir daha sübut edir. Avstriya bu il yeganə diplomatik nümayəndəlik açmağı planlaşdırır ki, bu da məhz Azərbaycanda açılacaq.

Avstriya yalnız energetika layihələri ilə maraqlanmır. Bu gün artıq Avstriyanın Azərbaycanla əməkdaşlıq etmək istədiyi bir sıra digər sahələr də var. Avstriya anlayır ki, bu gün Azərbaycan regionda liderdir, Cənubi Qafqazda ən inkişaf etmiş ölkədir, müstəqil xarici siyasət yeridən ölkədir, stabil xarici siyasət şəraitində olan bir ölkədir və Bakıda səfirlik açılması barədə qərar da bundan irəli gəlir.

- Avstriya şirkətləri Azərbaycanın turizm sektoruna kapital qoymağa maraq göstərirmi?

- Turizm, turizm menecmentliyi sahəsində bizim çox yaxşı əməkdaşlığımız var. Azərbaycan Turizm İnstitutu və Krems şəhərindəki universitet arasında əməkdaşlıq haqqında müqavilə var. Buna əsasən turizmin idarəçiliyi üzrə kadrlar hazırlanır və bu əməkdaşlıq artıq bir neçə ildir davam edir. Hazırda bizim tələbələrin Avstriyada təcrübə keçməsi və müəllim mübadiləsi məsələsi müzakirə olunur.

Həmçinin, Qusarda qış olimpia kompleksinin tikintisi layihəsi mövcuddur və Avstriyanın ILF şirkəti həmin layihənin konsepsiyasını hazırlayır. Hesab edirəm ki, tikintiyə bir sıra Avstriya şirkətləri cəlb olunacaq. Məlum olduğu kimi, Avstriya qış turizmi planında zəngin təcrübəyə və imkanlara malikdir. Artıq Avstriyanın bir çox şirkətləri bu layihəyə maraq göstərir.

- "Nabukko" qaz kəməri layihəsinin reallaşması üçün hazırkı şansı necə qiymətləndirirsiniz və Azərbaycanın bu layihədə, əsasən Avropaya qaz nəqli mənbələrinin diversifikasiyası məsələsində əhəmiyyəti necədir?

- Bu gün "Nabukko" layihəsi üzrə çox söz-söhbət var, lakin konkret iş çox azdır. Xeyli həll olunmamış məsələlər var ki, onlardan biri də qaz kəməri üçün mənbə məsələsidir. Bu gün məlumdur ki, qaz kəmərinin doldurulması üçün kifayət qədər həcmdə qaz lazımdır. Tikintiyə başlanması da bundan asılıdır. Hazırda boru kəmərinin doldurulması ilə bağlı konsorsiumun kifayət qədər razılaşması yoxdur.

Azərbaycan siyasi baxımdan bu layihəni dəstəkləməyə hazırdır və biz bunu dəfələrlə bəyan etmişik. Lakin təkcə Azərbaycan qaz kəmərini doldura bilməz. Təbii ki, burada başqa ölkələrin daha da fəallıq göstərməsi lazımdır. Bizim Orta Asiyadan olan qonşularımız bu layihədə daha fəal iştirak etməlidirlər. Bu məsələdə Türkmənistanın mövqeyindən çox şey asılıdır. Bu gün "Nabukko" üçün başqa real mənbələr yoxdur. Siyasi mülahizələrə görə, İranın iştirakı mümkün deyil, İraqın boruya qoşulub-qoşulmayacağı daha böyük məsələdir. Bu gün "Nabukko"nun ən real təchizatçıları Azərbaycan və Türkmənistandır. Bizim mövqeyimiz məlumdur və avropalılar Türkmənistanla daha fəal işləməlidir.

Digər mühüm məsələ layihənin maliyyələşdirilməsidir. Bu gün layihənin necə maliyyələşdiriləcəyi barədə kifayət qədər məlumat yoxdur.

Digər mürəkkəb məqam isə tranzit tarifləridir. Türkiyə ilə bu məsələyə dair danışıqlar aparılsa da, kifayət qədər mürəkkəb gedir.

Lakin, ümumilikdə, Avropada "Nabukko"ya böyük maraq var, ancaq daha çox fəaliyyət göstərmək lazımdır.

-Siz eləcə də Azərbaycanın Slovakiya və Sloveniyadakı səfirisiniz. Bu gün Azərbaycanın bu ölkələrlə iqtisadi və humanitar sahələrdə əməkdaşlığı hansı səviyyədədir?

- Prinsip etibarilə biz ilkin mərhələdəyik, eyni zamanda, onlar tərəfindən Azərbaycana böyük maraq göstərilir. Sloveniya və Slovakiya müstəqil olduqdan sonra onların öz prioritetləri olub - bunlar NATO və Aİ-yə daxil olmaqdır. İndi onlar bu məsələni müvvəffəqiyyətlə həll ediblər və artıq biz tərəfə daha çox baxmağa başlayıblar, Aİ ölkələri ilə deyil, keçmiş ittifaq ölkələri ilə ikitərəfli əlaqələrin inkişafında maraqlıdırlar.

Hər iki ölkə Azərbaycana xüsusi maraq göstərir və bunu son zamanlar ikitərəfli əlaqələrdə iştirak edən ölkələrin sayından da görmək olar. Ötən ilin noyabr ayında Sloveniya Prezidenti Danilo Türk Azərbaycanda rəsmi səfərdə olub, bu yaxınlarda isə Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Bakıya səfərini başa vurub.

Qeyd etmək istərdim ki, Şərqi Avropa ölkələri ilə Azərbaycanın əməkdaşlığı üçün yaxşı imkanlar var və bunun üçün yaxşı baza var. Bu ölkələrin keçdiyi yolu biz indi keçirik. Onlarla bizim bənzər mentalitetimiz var, onlar bizi yaxşı başa düşür və qəbul edirlər, işgüzar şəxslər Azərbaycanla əməkdaşlıq etməyə həvəslidir. Maraq çox böyükdür və biz onlarla daha sıx əlaqələr yaratmalıyıq. Bizim Avstriyadakı səfirliyimiz 2006-cı ildən Slovakiya və Sloveniyaya akkreditə olunub, hazırda bizim Bratislavada fəxri konsulluğumuz fəaliyyət göstərir, Lyubyanada səfirliyimizin ofisi açılıb, yəni artıq bizim yerlərdə müntəzəm işləmək üçün imkanlarımız var.

Xəbər lenti

Xəbər lenti