...

Yerevanda Minsk qrupunun fransalı həmsədrinin sözləri təhrif olunub - səfirlik

Siyasət Materials 16 Mart 2010 17:40 (UTC +04:00)
ATƏT-in-Minsk qrupunun fransalı həmsədri Bernar Fasyenin Yerevanda NATO Parlament Assambleyasının "Rouz-Rot" seminarındakı çıxışı zamanı dediyi sözlər təhrif olunub və həqiqətəuyğun deyil.
Yerevanda Minsk qrupunun fransalı həmsədrinin sözləri təhrif olunub - səfirlik

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir S.Ağayeva/

ATƏT-in-Minsk qrupunun fransalı həmsədri Bernar Fasyenin Yerevanda NATO Parlament Assambleyasının "Rouz-Rot" seminarındakı çıxışı zamanı dediyi sözlər təhrif olunub və həqiqətəuyğun deyil. Bu barədə Fransanın Azərbaycandakı səfirliyinin məlumatında bildirilir.

Ermənistanın bəzi KİV-lərində Bernar Fasyenin adından dərc edilən bəyanata görə, o deyib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatlar bərpa olunarsa, Azərbaycan qələbə qazana bilməyəcək.

"Müharibə bərpa olunarsa, Azərbaycanın qələbəsi mümkün deyil, çünki mən erməni və Qarabağ döyüşçülərinin cəsurluğuna şəxsən bələdəm", - Fasye NATO Parlament Assambleyasının "Rouz-Rot" seminarında bildirib. Məlumatı "Novosti-Armeniya" yayıb.

"Bernar Fasye Ermənistan və Azərbaycan KİV-lərində onun təhrif olunmuş fikirləri barədə dərc olunan bütün şərhləri təkzib edir", - məlumatda deyilir.

"Səfir Fasye bu məsələ ilə bağlı hər iki ölkənin hökumət strukturlarına açıqlama verib və bu, onları qane edib", - səfirlik bildirir.

Dünən ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bernar Fasyenin təşəbbüsü ilə onun Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla telefon söhbəti olub. Söhbət zamanı həmsədr həm Ermənistan, həm də Azərbaycan mətbuatında ona istinadən yayılan məlumatlarla bağlı narahatlığını bildirib.

Söhbət zaman Fasye bildirib ki, o, həm həmsədr, həm də hərbi şəxs kimi bu və ya digər silahlı qüvvələrin, ordunun vəziyyətinin və ya ölkənin münaqişəni hərbi yolla həll etməyə hazır olmasının qiymətləndirilməsi kimi kobud səhvə yol verə bilməz. "Fasye bildirib ki, onun sözlərinin bu cür təhrif olunması yolverilməzdir və bu, onda böyük narahatlıq doğurur. Həmçinin qeyd olunub ki, Yerevanda mətbuat konfransı zamanı o, fransız dilində çıxış edib və onun çıxışı ingilis və rus dillərinə çox pis tərcümə olunub", - Trend -a Azərbaycan XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov məlumat verib.

Xəbər lenti

Xəbər lenti