...

İlham Əliyev XDMX-nin xüsusi rabitə və informasiya təhlükəsizliyi departamentinin idarəetmə mərkəzinin inzibati binasının açılışında iştirak edib

Siyasət Materials 16 Mart 2010 20:56 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Xüsusi Dövlət Mühafizə Xidmətinin xüsusi rabitə və informasiya təhlükəsizliyi departamentinin idarəetmə mərkəzinin inzibati binasının açılışında iştirak edib.
İlham Əliyev XDMX-nin xüsusi rabitə və informasiya təhlükəsizliyi departamentinin idarəetmə mərkəzinin inzibati binasının açılışında iştirak edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə axşamı Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) xüsusi rabitə və informasiya təhlükəsizliyi departamentinin idarəetmə mərkəzinin inzibati binasının açılışında iştirak edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev inzibati binanın açılışını bildirən qırmızı lenti kəsib və bina ilə yaxından tanış olub.

Foyedə ulu öndər Heydər Əliyevin büstü qoyulub, ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş fotoguşə yaradılıb.

Prezident İlham Əliyev binanın əvvəlki vəziyyətini əks etdirən fotostendə baxıb. Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik Vaqif Axundov binada aparılmış yenidənqurma işləri barədə dövlətimizin başçısına məruzə edib.

Prezident İlham Əliyev mərkəzin videokonfrans otağında olub. Burada yaradılmış şəraitlə tanışlıqdan sonra videobağlantı yaradılıb.

DATA mərkəzi ilə tanışlıq zamanı məlumat verilib ki, burada Prezidentin 2004-cü il 29 dekabr tarixli Fərmanının və 2005-ci il 21 oktyabr tarixli Sərəncamının icrası ilə bağlı dövlət orqanlarının internet informasiya resurslarının, operativlik və təhlükəsizlik tələblərinə cavab verən və hazırda Avropa dövlətlərinin əksəriyyətində istifadə olunan "TETRA" radiorabitə sisteminin, "AzStateNet" optik DWDM şəbəkəsinin və mərkəzləşdirilmiş informasiya təminatı sisteminin avadanlığı yerləşdirilib, bu məqsədlə "TİA942" standartlarına cavab verən 2 DATA mərkəzi yaradılıb.

Dövlət Proqramına müvafiq olaraq 2008-ci ilin sonlarında ölkənin 55 rayon mərkəzində, əvvəlcə neft kəmərlərinin mühafizəsini təmin etmək məqsədi ilə Bakı-Ağstafa, Bakı-Xudat istiqamətləri boyunca, sonra isə Bakı-Astara istiqaməti boyunca "TETRA" rabitə sistemi yaradılıb. Bu il Bakı-Şamaxı-Zaqatala-Balakən avtomobil yolu boyunca da bu sistemin quraşdırılıb istifadəyə verilməsi planlaşdırılır. 2011-ci ilin sonunadək isə ölkənin bütün ərazisinin tam əhatə olunması nəzərdə tutulur. Hazırda Daxili İşlər, Milli Təhlükəsizlik, Fövqəladə Hallar və Səhiyyə nazirliklərinin, həmçinin Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin, bir sıra digər qurumların ümumilikdə 5430 radiostansiyası "TETRA" radiorabitə sisteminə qoşulub.

Sonra Prezident İlham Əliyev "AzStateNet" optik DWDM şəbəkəsi ilə tanış olub. Məlumat verilib ki, bu şəbəkə dövlət orqanları və onların yerli strukturları arasında yüksəksürətli informasiya mübadiləsi aparmağa imkan verir. Hazırda bu şəbəkə vasitəsilə 128 dövlət orqanı yüksəksürətli internetlə təmin edilib.

Dövlətimizin başçısı binada quraşdırılmış videonəzarət mərkəzi ilə də tanış olub. Mərkəz vasitəsilə mühüm əhəmiyyətli kabel-kommunikasiya sistemlərinin real rejimdə işləməsinə daimi nəzarət təmin olunub. Binada 60 əməkdaşın işləməsi üçün müasir texnika və mebellərlə təchiz olunmuş 22 otaq istifadəyə verilib.

Binanı fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün ayrıca yarımstansiya və 2 generator quraşdırılıb. Bina müasir mərkəzləşdirilmiş havalandırma, siqnalizasiya və buraxılış sistemləri ilə təchiz olunub. Ən müasir standartlara cavab verən yeməkxana da şəxsi heyətin ixtiyarına verilib.

Görülmüş işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev kollektivə uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti