...

Mədəniyyətlərarası dialoq bütün münasibətlərin əsasını təşkil edir - Braziliyanın Azərbaycandakı ilk səfiri

Siyasət Materials 18 Mart 2010 17:31 (UTC +04:00)
Braziliyanın Azərbaycandakı səfirliyi iki ölkə arasında mədəni dialoqun inkişafına digər sahələrdə də münasibətlərin inkişaf edəcəyi zəmin kimi mühüm əhəmiyyət verir.
Mədəniyyətlərarası dialoq bütün münasibətlərin əsasını təşkil edir - Braziliyanın Azərbaycandakı ilk səfiri

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir Y.Ostapenko/

Braziliyanın Azərbaycandakı səfirliyi iki ölkə arasında mədəni dialoqun inkişafına digər sahələrdə də münasibətlərin inkişaf edəcəyi zəmin kimi mühüm əhəmiyyət verir.

"Biz elə bir dünyada yaşayırıq ki, burada hakimiyyətin əsas mənbəyi iqtisadi hakimiyyətdir. Braziliya və Azərbaycan müəyyənedici qüvvənin mədəni müxtəliflik olacağını qabaqcadan görən ölkələrdəndir", - Braziliyanın Azərbaycandakı ilk səfiri Paulo Antonio Pereyra Pinto Trend -a müsahibəsində bildirib.

"Biz bu ssenariyə çatanda Braziliya və Azərbaycan mühüm oyunçular olacaqlar, çünki onlar ölkə daxilindəki mədəni müxtəlifliyi yaxşı uyğunlaşdırmağı bacarırlar", - səfir belə hesab edir.

Pinto Trend -a müsahibəsində səfirliyin mədəni əməkdaşlıq üzrə planlarından danışıb. O, braziliyalı müəllif Jorji Amadunun Azərbaycan dilində kitablarının nəşrini böyük addım hesab edir. Kitabda iki roman - "Möcüzələr dükanı" və yazıçının ilk romanlarından biri olan "Qumsallığın kapitanları", həmçinin povest və hekayələr yer alıb. Həmçinin, azərbaycalı müəllif Kamal Abdullanın "Yarımçıq qalmış əlyazma" kitabı portuqal dilinə tərcümə olunaraq Braziliyada nəşr edilib.

"Biz mədəni əməkdaşlığın inkişafında irəliyə doğru hərəkət edirik", - səfir deyib. O bildirib ki, tezliklə Azərbaycandan olan nümayəndə heyəti Braziliyada təhsilin innovasiya formaları haqqında daha çox bilmək üçün Braziliyaya gəlmək və bu ölkənin Təhsil Nazirliyində olmaq niyyətindədir.

Təhsildən danışarkən cənab Pinto səfirlyin bu sahədəki daha bir təşəbbüsünü qeyd edib. Belə ki, səfirliyin dəstəyi ilə "Braziliyanın müstəqilliyi" kitabının nəşri planlaşdırılır. Kitabın tərtibatında azərbaycanlı rəssamlar da iştirak edəcəklər ki, bu da Braziliyanın tarixinə Azərbaycan rakursundan baxmağa imkan yaradacaq.

"Braziliyanın müstəqilliyi" kitabının təqdimatının azərbaycanlı tələbə-rəqqasların iştirakı ilə keçirlməsi planlaşdırılır.

"Bizim aramızdakı fərqlərə diqqət yetirmək çox asandır. Bizi birləşdirən nə varsa, onu tapmaq olduqca çətindir", - səfir deyib. - "Braziliyanın müstəqilliyi"ni Azərbaycan nöqteyi-nəzərindən təkrar nəşr etməklə, biz ümumi dəyərlərimizin anlamında irəliyə doğru addım atırıq".

"Azərbaycan və Braziliya xalqlarını nəyin birləşdirdiyini başa düşmək mədəni müxtəlifliyə malik ölkə olan Braziliya ilə siyasi dialoqu asanlaşdıracaq", - o hesab edir.

Pinto həmçinin səfirliyin Azərbaycan cəmiyyətini Braziliya musiqisi altında özündə akrobatika, oyun və rəqs elementlərini birləşdirən Braziliya döyüş sənəti olan Kapoeyra ilə tanış etmək istəyindən danışıb. Braziliya səfirliyi bu sənət növünün müəllimlərini Azərbaycana gətirməyi planlaşdırır. Həmçinin Braziliyanın samba, marakatu və aşe rəqsləri üzrə iki müəllimin Bakıya dəvət olunması planlaşdırılır.

"Mədəni inteqrasiya - vacib olan budur", - səfir hesab edir.

Xəbər lenti

Xəbər lenti