...

Ümumi dəyərlər anlamı siyasi dialoqu asanlaşdıracaq - Braziliyanın Azərbaycandakı ilk səfiri Paulo Antonio Pereyra Pinto (MÜSAHİBƏ)

Siyasət Materials 19 Mart 2010 14:06 (UTC +04:00)
Trend News-un Braziliyanın Azərbaycandakı ilk səfiri Paulo Antonio Pereyra Pinto ilə müsahibəsi
Ümumi dəyərlər anlamı siyasi dialoqu asanlaşdıracaq  - Braziliyanın Azərbaycandakı ilk səfiri Paulo Antonio Pereyra Pinto (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 18 mart / Trend , müxbir Y.Ostapenko/

Eksklüziv müsahibə

Trend -un Braziliyanın Azərbaycandakı ilk səfiri Paulo Antonio Pereyra Pinto ilə müsahibəsi

Azərbaycanla Braziliya arasında diplomatik münasibətlər 1993-cü ildə qurulub. Braziliyanın Azərbaycandakı Səfirliyi ötən ilin iyununda açılıb.

- Cənab səfir, Braziliya Azərbaycanda öz səfirliyini açan ikinci Latın Amerikası ölkəsidir. Sizin ölkənin Azərbaycanda maraqları necədir? Braziliya Səfirliyinin fəaliyyət prioritetləri hansılardır?

- Braziliya həm siyasi, həm də iqtisadi baxımdan dünya arenasında daha mühüm oyunçuya çevrilir. Lakin o, Azərbaycanda səfirliyi olmadan qlobal oyunçu rolunu oynaya bilməzdi. Biz etiraf etdik ki, tarixi Azərbaycan dünyanın əvvəllər İpək Yolu kimi tanınan çox mühüm hissəsində yerləşir.

Bizim üçün İpək Yolu təkcə ticarətlə bağlı deyil, biz ideyalar və dini baxışlar arasında mədəni mübadiləni düşünürük. Çünki Braziliya mədəniyyət, etnos və dini müxtəlifliyə malik ölkədir və biz Azərbaycanla dialoqu gücləndirmək üçün Braziliyanın regionda iştirakını mühüm hesab edirik.

- Siyasi sahədə əməkdaşlıq üçün hazırkı şərtlər əlverişlidir?

- Biz elə bir dünyada yaşayırıq ki, burada hakimiyyətin əsas mənbəyi iqtisadi hakimiyyətdir. Braziliya və Azərbaycan müəyyənedici qüvvənin mədəni müxtəliflik olacağını qabaqcadan görən və dəstəkləyən ölkələrdəndir. Biz bu ssenariyə çatanda Braziliya və Azərbaycan mühüm oyunçular olacaqlar, çünki onlar ölkə daxilindəki mədəni müxtəlifliyi yaxşı uyğunlaşdırmağı bacarırlar.

BMT Baş Assambleyası Novruz Bayramını beynəlxalq gün elan edib ki, bu da Azərbaycan hökumətinin sizin ölkədə qeyd olunan mədəni müxtəlifliyin bayram günü kimi tanınması üzrə səylərinin nəticəsidir. Braziliya, həmçinin, mədəni müxtəlifliyə böyük önəm verir. Gələn ilin mayında Braziliyada sivilizasiyalar Alyansının görüşü keçiriləcək. Ötən il bu görüş Türkiyədə, ondan əvvəl isə İspaniyada keçirilib. Azərbaycanın bəzi rəsmi şəxsləri bu tədbirə dəvət olunublar.

Braziliya genişlənmiş BMT Təhlükəsizlik Şurasına namizəddir. Hazırda Təhlükəsizlik Şurasının beş daimi üzvü var. Lakin biz istərdik, bu siyahı genişlənsin. Onun tərkib hissəsi olmaq, beynəlxalq işlərə daha fəal cəlb olunmaq istərdik.

- Braziliyanın Ermənistan - Azərbaycan - Dağlıq Qarabağ münaqişəsi üzrə rəsmi mövqeyi necədir?

- Biz sülh danışıqlarına tərəfdarıq və inanırıq, danışıqların gedişinə cavabdeh olan ATƏT-in Minsk qrupu onların keçirilməsi üçün əsas mexanizm olaraq qalacaq. Biz istəyirik, sülh prosesi Avropada təhlükəsizliyin və əməkdaşlığın təminatı məqsədilə Minsk qrupunun vasitəçiliyilə bundan sonra da inkişaf etsin.

Braziliya ərazi bütövlüyünü çox qiymətləndirir. Braziliyada Аmazon hövzəsi var ki, bəzən onu beynəlmiləlləşdirməyə (məkanın bəşəri irs olduğunu elan etmək məqsədilə) can atırlar. Beləliklə də ərazi bütövlüyü Braziliya üçün çox vacib məsələdir. Bu, ərazi probleminə malik olan sizin ölkə ilə dialoqu asanlaşdırır.

- Ötən ilin iyununda siz Braziliyanın Azərbaycanda səfiri təyin ediləndə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Braziliya və Azərbaycanın diplomatik akademiyaları arasında əlaqələrin qurulmasının və gənc diplomatlar arasında təcrübə mübadiləsinin vacibliyini qeyd edib. Bu təşəbbüs hansı mərhələdədir?

- Bu bizim planlara daxildir. Braziliyanın tarixi diplomatiyası dünyada ən məşhur diplomatiyalardan biridir. Çünki son bir əsr yarımdır ki, bizdə müharibə olmayıb. Bütün məsələlər diplomatik yolla həll edilib və Braziliyanın yaxşı reputasiyası var.

- Siz hazırkı ikitərəfli mədəni münasibətlərin cari səviyyəsini necə qiymətləndirirsiniz? Braziliya vətəndaşları Azərbaycanın müsair həyatı, musiqisi, ədəbiyyatı və digər gözəl mədəniyyət sahələri haqqında kifayət qədər məlumata malikdirmi? Münasibətlərin bu sahədə inkişafı üzrə səfirliyin hansı planları var?

- Ölkələrimiz arasında məsafənin çox olmasına baxmayaraq, çox şadam ki, Braziliya yazıçısı Jorji Amadunun kitabını Azərbaycan dilində çap etmişik. Kitabda iki roman - "Möcüzələr dükanı" və yazıçının ilk romanlarından biri olan "Qumsallığın kapitanları", həmçinin, povest və hekayələr yer alıb. Həmçinin, azərbaycanlı müəllif Kamal Abdullanın "Yarımçıq qalmış əlyazma" kitabı portuqal dilinə tərcümə olunaraq, Braziliyada nəşr edilib. Bu, irəliyə böyük addımdır.

Biz mədəni əməkdaşlığın inkişafında irəliyə doğru hərəkət edirik. Azərbaycan nümayəndə heyəti indi Braziliyada təhsilin innovasiya formaları haqqında daha çox məlumat əldə etmək üçün Braziliyaya səfər etməyə və ölkənin Təhsil Nazirliyinə baş çəkməyə hazırlaşır.

Biz, həmçinin, Azərbaycana Kapoeyra Braziliya musiqisi altında özündə akrobatika, oyun və rəqs elementlərini birləşdirən Braziliya döyüş sənəti müəllimlərini gətirməyə çalışırıq; həmçinin, Braziliyanın samba, marakatu və aşe rəqsləri üzrə iki müəllimin Bakıya dəvət olunması istəyirik.

Eləcə də xüsusi layihə - səfirliyin dəstəyi ilə "Braziliyanın müstəqilliyi" kitabının nəşrini planlaşdırırıq. Kitabın tərtibatında azərbaycanlı rəssamlar da iştirak edəcəklər ki, bu da Braziliyanın tarixinə Azərbaycan rakursundan baxmağa imkan yaradacaq. "Braziliyanın müstəqilliyi" kitabının təqdimatının azərbaycanlı tələbə-rəqqasların iştirakı ilə keçirilməsi planlaşdırılır.

"Aramızdakı fərqlərə diqqət yetirmək çox asandır. Bizi birləşdirən nə varsa, onu tapmaq olduqca çətindir", - səfir deyib. - "Braziliyanın müstəqilliyi"ni Azərbaycan nöqteyi-nəzərindən təkrar nəşr etməklə, ümumi dəyərlərimizin anlamında irəliyə doğru addım atırıq. Azərbaycan və Braziliya xalqlarını nəyin birləşdirdiyini başa düşmək mədəni müxtəlifliyə malik ölkə olan Braziliya ilə siyasi dialoqu asanlaşdıracaq.

Belə layihəni Hindistanla əməkdaşlıqda həyata keçirmişik. Hindistanlılar ilə birlikdə kitabın yazılmasını və nəşrindən sonra əvvəllər Portuqaliyanın müstəmləkəsi olan Hindistanın Qoa şəhərində Braziliya karnavalı keçirmişik. Bakıda hələ karnaval keçirməmişik, lakin burada təmsilolunma səviyyəmizə böyük diqqət ayırırıq. "Braziliyanın müstəqilliyi" kitabının təqdimatının azərbaycanlı tələbə-rəqqasların iştirakı ilə keçirilməsini planlaşdırırıq.

İdmana gəldikdə, Azərbaycanda 20 braziliyalı futbolçu fəaliyyət göstərir, onlardan 3-ü Azərbaycanın milli komandasında oynayır. Braziliya yığması Hindistanla oynayanda biz Braziliya komandasının köynəklərinin arxa hissəsində kiçik "Braz-Hind" yazısını yerləşdirmişdik. Hazırda Braziliya komandasının köynəklərində "Braz-Azəri" yazısını yazmağa hazırlaşırıq və Dünya Çempionatına kimi bu köynəkləri yaymağı planlaşdırırıq.

- Sizin fikrinizcə, Braziliya festivalı və Azərbaycanın qeyd etdiyi Novruz Bayramı arasında nə kimi oxşarlıqlar və fərqlər var?

- Bu bayramlar arasında ümumi cəhətlər çoxdur. İlk növbədə, bu, həyat və mədəni müxtəliflik bayramıdır. Bildiyim kimi, Novruz Bayramı ilk olaraq atəşpərəstlər tərəfindən qeyd olunub. Bayram keçirilməsində əsas diqqət müxtəlif mədəniyyətə mənsub insanların bir yerdə necə yaşamalarına yönəlib. Braziliya karnavalı Afrika, Portuqaliya və yerli milli köklərə malikdir. Beləliklə, karnaval mədəni müxtəliflik bayramıdır. Bu bayramlar tolerantlıq, dostluq və düşmənçiliyin olmamasının əlamətidir.

- Ölkələrimiz arasında ticarət və iqtisadi əməkdaşlığı necə qiymətləndirirsiniz? Braziliya iqtisadi tərəfdaş kimi Azərbaycana nə təklif etməyə hazırdır?

- Biz bazarın araşdırılmasını aparırıq. Hazırda Azərbaycan bazarında Braziliyanın müxtəlif ət məmulatları, həmçinin, toyuq və donuz məmulatları var. Azərbaycan bazarına Braziliya istehsalı olan qadın geyimləri və ayaqqabılarını gətirmək istərdik. Braziliyada dəb yaxşı inkişaf edib. Bu sahənin inkişafına yardım etmək üçün öz ofisimizdə bu geyimlərin nümayişini keçirməyə ümid edirik.

Braziliya mallarının bir çoxu artıq Azərbaycan bazarında var, lakin onlar müxtəlif mənbələrdən ixrac edilir. Braziliya məhsullarının Azərbaycana birbaşa tədarükünü yaratmağa çalışırıq. Lakin bazarın bütün potensialından istifadə etmək üçün hələlik kifayət qədər imkanlarımız yoxdur.

Ümid edirik, Braziliyada istehsal edilən təyyarələr də Azərbaycan bazarında olacaq. Lakin bu sahədə hələ dəqiq strategiya yoxdur.

- Enerji sahəsində hansı əməkdaşlığı qarşılıqlı faydalı hesab edirsiniz?

- Braziliyada dərinsulu qazma texnologiyaları fəal inkişaf edir. Bu sahədə qabaqcıl texnologiyalarımız var ki, bunları Xəzər regionunda da görmək istərdik. Bu planlar Braziliyanın milli "Petrobras" şirkətinin vasitəsilə həyata keçirilir.

Həmçinin, enerji sahəsində ekspert mübadiləsinin mümkünlüyü nəzərdən keçirilir. Braziliyada bu sahədə fəal çalışırıq - öz dərinsulu resurslarımızın kəşfiyyatını aparırıq; həmçinin dərinsulu qazmanın təkmilləşdirilməsinə dair texniki müzakirələr də gedir. Əvvəllər Azərbaycandan böyük həcmdə neft idxal edirdik. 2008-ci ilədək bizim neft idxalımız 60 milyon dollara yaxın təşkil edib. Lakin Braziliya neft yataqlarını müstəqil tədqiq etməyə başladıqdan sonra, Azərbaycandan idxalın həcmi azaldı və bu səbəbdən də ticarət dövriyyəsinin səviyyəsi aşağı endi.

Ticarət yoluna düşəcək, ən əsası dialoq qurmaqdır. Bir-birimizi daha yaxşı tanıyanda ticarətin inkişafı üçün imkanlar da artacaq. Səfirliklərin vəzifəsinə təkcə biznes əlaqələrinin qurulması daxil deyil, bu, xalqlar arasında dialoq üçün yerdir. Bizim xarici işlər nazirimizin dediyi kimi, diplomatlar bulud yaradırlar, işgüzar adamlar isə elə etməlidirlər ondan yağış yağsın. Beləliklə də biz bulud yaratmağa çalışırıq.

Xəbər lenti

Xəbər lenti