...

Azərbaycan ərazisində terrorçuluq törədilməsinə hazırlıqda təqsirləndirilən 49 nəfər saxlanılıb - milli təhlükəsizlik naziri

Siyasət Materials 19 Mart 2010 12:03 (UTC +04:00)
Azərbaycanın milli təhlükəsizlik naziri deyib ki, ölkənin terror təhlükəsindən müdafiəsi məqsədilə nazirliyin əməliyyat strukturları tərəfindən kompleks antiterror tədbirləri səngimədən həyata keçirilir.
Azərbaycan ərazisində terrorçuluq törədilməsinə hazırlıqda təqsirləndirilən 49 nəfər saxlanılıb - milli təhlükəsizlik naziri

Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir/A.Hüseynbala/

Azərbaycan ərazisində 2009-cu ildə terrorçuluq törədilməsinə hazırlıqda təqsirləndirilən 49 nəfər saxlanılıb - milli təhlükəsizlik naziri

Azərbaycanın milli təhlükəsizlik naziri deyib ki, ölkənin terror təhlükəsindən müdafiəsi məqsədilə nazirliyin əməliyyat strukturları tərəfindən kompleks antiterror tədbirləri səngimədən həyata keçirilir.

"Ardıcıl adekvat tədbirlərin görülməsi nəticəsində respublika ərazisində terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıqda təqsirləndirilən şəxs qismində 49 nəfər saxlanılıb, onlardan külli miqdarda silah-sursat və partlayıcı maddə götürülüb". - Trend -un məlumatına görə, cümə günü milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov "Azərbaycan" qəzetinə müsahibəsində bildirib.

Mahmudovun sözlərinə görə, beynəlxalq terrorçuluğa qarşı tədbirlər nəticəsində ölkədə terrorçuluq aksiyaları planlaşdıran, Azərbaycan vətəndaşlarından ibarət, radikal dini təmayüllü 31 nəfərdən ibarət qrup zərərsizləşdirilib. "Eləcə də sifarişli qətllərin həyata keçirilməsini planlaşdıran cinayətkar qrupların fəaliyyətinin qarşısı qabaqlayıcı tədbirlərlə alınıb", - nazir əlavə edib.

Mahmudov qeyd edib ki, nazirlik tərəfindən ƏfqanıstanPakistanın nəzarətsiz ərazilərinə gedib, orada "Əl-Qaidə" terror təşkilatının və taliblərin silahlı birləşmələrinin tərkibində hərbi təlimlərdə və əməliyyatlarda iştirak etmiş Azərbaycanın bir qrup vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib. "Belə şəxslərdən 18 nəfəri barəsində cinayət işi məhkəməyə göndərilib, 4 nəfər barəsində beynəlxalq axtarış elan olunub. Yeri gəlmişkən, tərəfimizdən tam zərərsizləşdirilmiş "Meşə Qardaşları" adlı silahlı birləşmənin axtarışda olan, 2008-ci ilin avqust ayında "Əbu-Bəkr" məscidində terrorçuluq əməllərində iştirak etmiş və sonra xaricdə gizləndiyi müəyyən edilmiş fəal üzvü bu günlərdə tutularaq ölkəyə gətirilib və istintaqa təhvil verilib", - nazir vurğulayıb.

Milli təhlükəsizlik naziri deyib ki, ölkəmizin təhlükəsizlik mühitinə təsir göstərən bütün amillərin dərindən və sistemli şəkildə öyrənilməsi, nəzarətdə saxlanılması xüsusi əhəmiyyət kəsb edir: "Nazirlikdə narkotiklərin qaçaqmalçılığı, qeyri-qanuni miqrasiya, insan ticarəti, "çirkli pullar"ın yuyulması, kibercinayətlər və mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə sahəsində də işlər ardıcıl davam etdirilib. Ötən dövr ərzində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 32 transmilli mütəşəkkil cinayətkar dəstə və qrupların fəaliyyətinin qarşısı alınıb; ümumilikdə 1 ton 141 kiloqramdan artıq narkotik vasitə götürülüb. Faktlarla bağlı başlanmış 38 cinayət işi üzrə 114 nəfər istintaqa cəlb olunub. Qeyri-qanuni miqrasiya, insan alveri, saxta sənədlərin hazırlanması və istifadəsi üzrə ciddi faktlar aşkar edilib, cinayət təqibi həyata keçirilib", - Mahmudov bildirib.

Onun sözlərinə görə, 2009-cu ildə korrupsiya və iqtisadi fəaliyyət sahəsində 15 cinayət faktı aşkarlanıb. "Bunlar arasında əcnəbi vətəndaşlara məxsus "VİSA" kartlarından istifadə ilə "AZAL" QSC-nin rəsmi internet saytına qeyri-qanuni daxil olaraq, müxtəlif marşrutlara aviabiletlərin alınmasını təşkil etməklə "AZAL" şirkətinə külli miqdarda zərər vurmuş mütəşəkkil cinayətkar dəstənin 15, həmçinin, xarici ölkə vətəndaşlarına məxsus xeyli miqdarda plastik kartların nömrə və kodlarını əldə edərək, bu kartlarla külli miqdarda elektron ödənişlər həyata keçirən digər bir mütəşəkkil dəstənin 5 üzvü tərəfimizdən yaxalanıb", - nazir xatırladıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti