Azərbaycan, Bakı, 19 mart / Trend , müxbir S.Ağayeva/
Azərbaycan tezliklə ABŞ-ın daimi səfirinin təyin olunmasını istəyir. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə günü mətbuat konfransında jurnalistlərə deyib.
"Bu məsələ ABŞ administrasiyasının səlahiyyətindədir və Vaşinqton müəyyən ölkəyə kimin və nə zaman təyin olunmasını özü həll edir", - nazir deyib.
Onun sözlərinə görə, təkcə Azərbaycanda deyil, bəzi ölkələrdə, həmçinin ATƏT-də də səfir yoxdur.
"Biz, istərdik ki, ABŞ-ın Azərbaycandakı səfiri yaxın vaxtlarda təyin olunsun", - Məmmədyarov deyib.
2009-cu ilin iyulundan keçmiş səfir Enn Dersi öz postunu tərk etdikdən sonra Azərbaycanda ABŞ səfiri postu boş qalıb.
Azərbaycan və ABŞ arasında ikitərəfli münasibətlərə toxunan nazir deyib ki, bu münasibətlər kifayət qədər genişdir.
"Son 20 ildə bu münasibətlərin inkişafı baxımından çox iş görülüb", - Məmmədyarov bildirib.