...

Azərbaycanda qəsdən sağlamlığa ağır zərərvurma maddəsi ilə həbs olunan şəxs intihar edib

Siyasət Materials 29 Mart 2010 20:27 (UTC +04:00)
Azərbaycan paytaxtı Bakıda martın 23-nə keçən gecə şəhər sakini Seyfəddin Abbasova naməlum şəxs tərəfindən bıçaqla ağır xəsarət yetirilməsi faktına görə Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qəsdən sağlamlığa agır zərərvurma maddəsi ilə başlanılmış cinayət işi üzrə həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Cəlilabad şəhər sakini Ceyhun Zərbəliyev saxlanılıb.
Azərbaycanda qəsdən sağlamlığa ağır zərərvurma maddəsi ilə həbs olunan şəxs intihar edib

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir M.Əliyev/

Azərbaycan paytaxtı Bakıda martın 23-nə keçən gecə şəhər sakini Seyfəddin Abbasova naməlum şəxs tərəfindən bıçaqla ağır xəsarət yetirilməsi faktına görə Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qəsdən sağlamlığa agır zərərvurma maddəsi ilə başlanılmış cinayət işi üzrə həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən Cəlilabad şəhər sakini Ceyhun Zərbəliyev saxlanılıb. Bu barədə Trend -a Baki şəhər prokurorluğuBaş Polis İdarəsinin birgə məlumatında bildirilib.

İstintaqla müəyyən edilib ki, Ceyhun Zərbəliyev Seyfəddin Abbasovun həyat yoldaşı Sədaqət Abbasovanı hələ uşaq yaşlarından tanımaqla Cəlilabad şəhərində qonşu olublar. 2009-cu ilin iyun-avqust aylarında, Sədaqət Abbasova Cəlilabadda olarkən, əri ilə soyuq münasibətdə olduğunu Ceyhun Zərbəliyevə bildirib və bundan sonra onlar müntəzəm telefon əlaqəsi saxlayıblar. Bu əməllər Sədaqət Abbasova Bakıya qayıtdıqdan sonra da davam edib və bir-birlərinə müxtəlif məzmunda mesajlar göndəriblər.

Seyfəddin Abbasov mesaj göndərənin Ceyhun Zərbəliyev olduğunu öyrənib ona zəng edib, lakin sonuncu tərəfindən təhqirə və hədə-qorxuya məruz qalıb.

Martın 22-də saat 24.00 radələrində isə Ceyhun Zərbəliyev Seyfəddin Abbasovun Bakıda yaşadığı mənzilə gəlib, həyat yoldaşının, bacısının və azyaşlı uşaqlarının yanında münaqişə yaradaraq bıçaqla Abbasovun qarın nahiyəsinə ağır xəsarət yetirib. Ertəsi gün Ceyhun Zərbəliyev polis əməkdaşları tərəfindən yaxalanıb, həmçinin cinayətin aləti olan gizlətdiyi bıçaq tapılaraq müvafiq qaydada sənədləşdirilib.

O, istintaq prosesində törətdiyi cinayət əməlini tam etiraf edib və barəsində rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilməklə martın 24-də saat 18.00 radələrində Nəsimi rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Təcridxanasına göndərilib. Martın 25-də saat 01:00 radələrində təcridxananın əməkdaşları Ceyhun Zərbəliyevin özünü əynindəki idman gödəkçəsinin parçasından istifadə etməklə tək saxlandığı kameranın pəncərəsinin dəmir barmaqlığından asaraq intihar etdiyini aşkarlayıblar.

Dərhal hadisə yerinə dəvət olunmuş rayon prokurorluğunun əməkdaşları hal şahidlərinin iştirakı ilə intiharın baş verdiyi yerə və meyitə baxış keçiriblər.

İlkin xarici baxış, həmçinin Məhkəmə-Tibbi Ekspertizası Birliyinin Nəsimi rayon şöbəsi tərəfindən Ceyhun Zərbəliyevin meyitinin qohumlarının iştirakı ilə müayinəsi zamanı mərhumun boyun nahiyəsində özünüasma nəticəsində əmələ gəlməyə xarakterik şırımdan başqa bədənində hər hansı digər xəsarət əlaməti aşkar edilməyib.

Hazırda həmin faktla əlaqədar başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.

Eyni zamanda, faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən aparılmış xidməti təhqiqatın nəticələrinə görə, qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirərkən sayıqlığı itirmiş Müvəqqəti Saxlama Təcridxanasının hadisə baş verdiyi gün növbədə olmuş 3 əməkdaşı daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Xəbər lenti

Xəbər lenti