...

Rusiyanın terror aktlarında "gürcü izi"nin olması barədə bəyanatı Gürcüstan ilə münasibətlərdə yeni gərginliyə sövq edir - ekspertlər

Siyasət Materials 31 Mart 2010 16:05 (UTC +04:00)
Martın 29-da Moskva metrosunda törədilmiş terror aktlarında "gürcü izi"nin olması barədə Rusiya tərəfinin bəyanatı Gürcüstan ilə münasibətlərdə yeni gərginliyə təhrik edir. Ekspertlər belə hesab edirlər.
Rusiyanın terror aktlarında "gürcü izi"nin olması barədə bəyanatı Gürcüstan ilə münasibətlərdə yeni gərginliyə sövq edir - ekspertlər

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir E.Tarıverdiyeva/

Martın 29-da Moskva metrosunda törədilmiş terror aktlarında "gürcü izi"nin olması barədə Rusiya tərəfinin bəyanatı Gürcüstan ilə münasibətlərdə yeni gərginliyə təhrik edir. Ekspertlər belə hesab edirlər.

"Hazırkı mərhələdə Moskva Gürcüstan rəhbərliyi ilə münasibətlərini pozmaqdan qorxmur, belə ki, onları korlamaq mümkün deyil - sadəcə, onlar yoxdur", - Trend -a Moskvadan telefonla Milli Strategiya İnstitutunun direktoru Mixail Remizov bildirib. - "Lakin ən mühümü odur ki, Gürcüstan cəmiyyəti ilə münasibətləri pozmaq olmaz".

FTX martın 29-da Moskva metrosunda baş vermiş terror aktlarında növbəti izi - bu dəfə "gürcü izi"ni aşkar edib. Bu barədə RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib. Məlumatı "Exo Moskvı" yayıb.

Onun sözlərinə görə, Gürcüstanın xüsusi xidmətinin əməkdaşları Şimali Qafqazda silahlılarla əlaqə saxlayır. "Biz Moskvada terror aktları ilə əlaqədar bu versiyanı yoxlamalıyıq", - RF Təhlükəsizlik Şurasının katibi deyib. - "Gürcüstan və onun Saakaşvili kimi lideri var. O, bir dəfə müharibə törədib. Yenidən müharibə törədəcəyi istisna olunmur".

Martın 29-da Moskva metsorunun "Lubyanka" və "Park kulturı" stansiyalarında partlayış baş verib. İlkin məlumatlara görə, 38 nəfər həlak olub, 64 nəfər yaralanıb.

Gürcü ekspertlərin fikrincə, bu cür bəyanatlar acınacaqlı nəticələr verə və iki ölkənin münasibətlərindəki gərginliyi daha da artıra bilər.

Gürcü siyasətçiləri Rusiyanı Gürcüstanda daim düşmən axtarmağa son qoymağa çağırıblar.

Gürcüstan Moskvada törədilmiş terror aktlarının üstünün açılmasında Rusiya ilə əməkdaşlıq etməyə hazırdır. Bu barədə Gürcüstanın reinteqrasiya üzrə dövlət naziri Temur Yakobaşvili "Rustavi-2" telekanalının canlı efirində bildirib. Bununla da o, RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Moskvada baş vermiş partlayışlarda "gürcü izi"nin olması barədə bəyanatını şərh edib.

"Əgər Rusiya tərəfinin bu terror aktlarında Gürcüstanın iştirakına dair hər hansı məlumatı varsa, onlar bizə müraciət edə bilərlər. Zəruri format var və biz bu çərçivədə əməkdaşlıq edə bilərik", - Yakobaşvili deyib.

Bununla yanaşı o, Rusiyanın "Gürcüstan tərəfinə qarşı ittihamla bağlı gecikməsi"ndən təəccübləndiyini bildirib. "İki bəyanat var - xarici işlər naziri Sergey Lavrovun izlərin Əfqanıstan və Pakistana gedib çıxması barədə bəyanatıdır ki, bu da Qərb üçün nəzərdə tutulub. İkincisi, "gürcü izi"nin olması barədə Patruşevin bəyanatıdır ki, bu da Gürcüstanı düşmən etmək məqsədilə daxili istehlak üçün nəzərə tutulub", - dövlət naziri vurğulayıb.

Gürcü ekspertlər hesab edirlər ki, Rusiya gürcü tərəfinin terror aktlarında iştirakı bəhanəsi ilə yeni təcavüzə əl ata bilər. "Belə terror aktlarından sonra Gürcüstan tərəfinə qarşı ittihamlar irəli sürmək adi hala çevrilib və Rusiyada heç bir terror aktı qondarma "gürcü izi" olmadan ötüşmür, halbuki, bu versiyalar heç vaxt öz təsdiqini tapmayıb", - Trend -a ekspert Soso Sinsadze bildirib.

Gürcü deputat Nika Laliaşvilinin sözlərinə görə, Patruşevin "gürcü izi" barədə bəyanatı Gürcüstana qarşı yeni təcavüz üçün siqnal ola bilər.

"Rusiya Gürcüstana qarşı yeni təcavüzə hazırlaşır və bundan ötrü bəhanə axtarır", - Trend -a Gürcüstan Parlamentindəki müxalifətdə olan xristian-demokratlar fraksiyasının liderlərindən biri Rusiya tərəfinin Moskvada törədilmiş terror aktları ilə bağlı bəyanatını şərh edərkən bildirib.

Gürcüstanın Milli Demokrat Partiyası (MDP) RF Milli Təhlükəsizlik Şurasının katibi Patruşevin Moskvada törədilmiş terror aktlarında "gürcü izi"nin olması barədə bəyanatına rəsmi reaksiyanın verilməsini tələb edir.

"Bu, Moskvanın rəsmi mövqeyidir, Kremlin belə yüksəkvəzifəli məmuru tərəfindən səslənib və təcili rəsmi və kəskin cavab tələb edir", - Trend -a parlamentin deputatı, MDP-nin liderlərindən biri Quram Çaxvadze bildirib. Onun sözlərinə görə, bu, dezinformasiya və təxribatdır.

"Bu bəyanatlar bizdə narahatlıq doğurur, belə ki, bizim dövlətimizə qarşı yönələn təcavüzkar məqsəd güdür", - o bildirib.

Çaxvadze hesab edir ki, Gürcüstan üçün "belə ağır dövrdə" dünya birliyi yardım göstərməli, "Moskvanın ittihamları ilə bağlı öz aydın mövqelərini bildirməlidirlər".

"Biz bütün siyasi qüvvələrin adından ağır nəticələrə səbəb ola biləcək belə insinuasiyaların və ittihamların yolverilməzliyi haqqında ümumi bəyanat qəbul etməliyik", - deputat vurğulayıb.

Remizovun fikrincə, Moskvada baş vermiş terror aktlarında "gürcü izi"nin olması barədə bəyanatı deklarativ şəkildə deyil, böyük qeyd-şərtlə vermək lazım idi.

"Əgər bu bəyanat Rusiya FTX-ni və Rusiyanın xüsusi xidmətini bilavasitə məsuliyyətdən yayındırmaq məqsədilə verilibsə, bu pisdir", - Remizov bildirib. - "Qəbul edilməsi baxımından qonşuların nəsə törətdiklərini demək xüsusi xidmət orqanlarının öz vətəndaşlarına yaxşı nəzarət etməməsindən daha yaxşıdır, baxmayaraq ki, peşəkarlıq baxımından bu eyni dərəcədə səhvdir".

Remizovun sözlərinə görə, Şimali Qafqazda gizli fəaliyyət və ziddiyyətlər çoxluğu bir çox xarici regional oyunçuların, o cümlədən gürcülərin maraqlarını üzə çıxarır; yeri gəlmişkən, gürcülər müxalifətçi Qafqaz kanalı yaratmaqla bunu gizlətmirlər. Ehtimal ki, Rusiyanın xüsusi xidməti əmindir ki, Gürcüstan Şimali Qafqazda böyük oyunda iştirak edir.

"Fikrimcə, Patruşevin bəyanatı Gürcüstanın terror aktlarının təşkilatçısı və sifarişçisi olması kontekstində düzgün başa düşülmür, çox güman ki, söhbət terror şəbəkəsində gürcü amilinin olmasından gedir", - Remizov deyib.

"Bu bəyanat, əlbəttə, nəsə bir siyasi demarş ola bilər, lakin çox güman ki, bu, xüsusi xidmət üçün təbii etirafdır ki, Şimali Qafqazın regional problemləri Rusiyanın qonşu dövlətlərlə münasibətlərindən kənarda mövcud deyil", - o hesab edir.

Odur ki, onun sözlərinə görə, bu cür bəyanatı deklarativ şəkildə deyil, böyük qeyd-şərtlə vermək lazım idi.

Materialın hazırlanmasında N.Kirsxaliya (Tbilisi) iştirak edib

Xəbər lenti

Xəbər lenti