...

Serbiya Prezidenti may ayında Azərbaycana səfər edəcək

Siyasət Materials 31 Mart 2010 15:42 (UTC +04:00)
Serbiya Prezidenti Azərbaycana səfər edəcək. Bu barədə söhbət Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov və Serbiya Prezidenti Boris Tadiç arasında keçirilən görüş zamanı müzakirə edilib.
Serbiya Prezidenti may ayında Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir S.Ağayeva/

Serbiya Prezidenti Azərbaycana səfər edəcək. Bu barədə söhbət Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov və Serbiya Prezidenti Boris Tadiç arasında keçirilən görüş zamanı müzakirə edilib.

Görüş Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov cari ilin mart ayının 25-də Prezident sarayında Serbiya Prezidenti cənab Boris Tadiçə etimadnaməsini təqdim etməsi zamanı təşkil olunub.

Görüşün əvvəlində Serbiya Prezidenti Azərbaycan Respublikasının Serbiyada Səfirliyinin açılması zəruriliyini qeyd edib və fəaliyyətə başlaması münasibətilə Eldar Həsənovu təbrik edib.

Yaxın zamanda Azərbaycana səfər edəcəyini xatırladan cənab Tadiç, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də Serbiyaya səfərindən çox məmnun olacağını bildirib. Həmçinin, səfər zamanı Serbiya və Azərbaycan münasibətlərini tənzimləyən bir neçə müqavilə və sazişlərin imzalanacağı qeyd edilib.

Görüş zamanı cənab Prezident Tadiç bir daha Serbiyanın Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini dəstəklədiyini vurğulayıb.

O, eyni zamanda, Azərbaycan rəhbərliyinə Serbiyanı Kosovo məsələsində dəstəklədiyinə görə təşəkkürünü bildirib.

Görüşdə, həmçinin, Serbiya-Azərbaycan iqtisadi-ticarət əlaqələrinə toxunan Serbiya Prezidenti bu əlaqələrin dostluq və əməkdaşlıq münasibətlərinin yeni müstəviyə yüksəldilməsi üçün iki ölkə hökuməti üzərinə mühüm vəzifələr düşdüyünü və məsələ ilə bağlı Serbiyanın bir sıra dövlət qurumlarına artıq müvafiq göstərişlər verdiyini bildirib.

Eldar Həsənov cənab Boris Tadiçə Azərbaycan Prezidenti cənab İlham Əliyevin səmimi salamlarını çatdıraraq, ölkədəki siyasi, iqtisadi vəziyyət, aparılan demokratik islahatlar barədə, həmçinin, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib.

Diplomat, həmçinin, iki ölkə prezidenti arasında mövcud olan şəxsi münasibətlər, cənab Boris Tadiçin cari ilin may ayında  Azərbaycana həyata keçiriləcək səfəri, ölkələrimizin qarşılıqlı maraqları ikitərəfli münasibətlərin bütün sahələrinin inkişaf etməsi üçün mühüm zəmin yaradacağını və ona güclü təkan verəcəyini vurğulayıb.

Səfir Eldar Həsənov iqamətgahları Serbiya ilə qonşu ölkələrdə yerləşən və Serbiyaya yeni təyin olunmuş səfirlər üçün təşkil edilmiş və Serbiyanın Baş nazirinin müavini, elm və texnologiya inkişafı naziri cənab B.Celiç, xarici işlər naziri cənab V.Yeremiç və müdafiə naziri cənab D.Sutanovacın da iştirak etdiyi konfransda çıxış edib və Azərbaycan rəhbərliyinin Serbiya ilə hərtərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayıb.

28 may 2010-cu il tarixində Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyinin rəsmi açılış mərasimi keçiriləcək. Belqradda Serbiya - Azərbaycan Ticarət-İqtisadi Palatasının və Azərbaycan Mədəniyyət Mərkəzinin təsisi barədə qərar qəbul edilib.

Xəbər lenti

Xəbər lenti