...

Ermənipərəst qüvvələrin yazıları Türkiyə-Azərbaycan münasibətlərini korlaya bilməz - türkiyəli deputat

Siyasət Materials 1 May 2010 13:59 (UTC +04:00)
Türkiyə Böyük Millət Məclisinin Milliyətçi Hərəkat Partiyasından olan deputatı Şenol Bal hesab edir ki, Türkiyə mətbuatında ermənipərəst yazarların məqalələri Türkiyə-Azərbaycan münasibətlərinə əsla təsir etməyəcək.
Ermənipərəst qüvvələrin yazıları Türkiyə-Azərbaycan münasibətlərini korlaya  bilməz - türkiyəli deputat

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milliyətçi Hərəkat Partiyasından (MHP) olan deputatı Şenol Bal hesab edir ki, Türkiyə mətbuatında ermənipərəst yazarların məqalələri Türkiyə-Azərbaycan münasibətlərinə əsla təsir etməyəcək.

"Kimliyindən və hansı qüvvəni təmsil etməsindən asılı olmayaraq, istər Mehmet Əli Birant, istərsə də başqa yazarların yazdıqları əsla və əsla Türkiyə-Azərbaycan əlaqələrinə kölgə sala bilməz", - Bal şənbə günü Ankaradan telefonla Trend -ə bildirib.

Trend-in arayışı: Türkiyə ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsi, iki qardaş ölkənin vahid mövqedən çıxış edərək müxtəlif güc mərkəzlərinin təzyiqlərinə ləyaqətlə davam gətirməsi, prinsipial mövqedən geri çəkilməməsi Türkiyə və Azərbaycan əleyhinə olan qüvvələri bərk narahat edir.

Türkiyəli yazar Mehmet Əli Birant davamlı olaraq antiazərbaycan təbliğatı aparır, Türkiyə ilə Azərbaycan arasında ziddiyyətlər olduğunu isbat etməyə çalışır, öz primitiv məntiqi ilə Azərbaycanın Türkiyənin maraqlarının müdafiəsi istiqamətində heç nə etmədiyini bildirir.

M.Ə.Birantın "Hürriyyət" qəzetinin 15 aprel 2010-cu il tarixli sayında dərc olunmuş məqaləsində irəli sürdüyü iddialara Azərbaycan mətbuatı əsaslandırılmış arqumentlərlə cavab verdi. Lakin onun "Hürriyyət"in 28 aprel tarixli nömrəsində dərc olunmuş məqaləsi göstərir ki, bu şəxs qərəzli şəkildə Azərbaycan-Türkiyə münasibətlərini təftiş etmək, imkan daxilində mövcud əlaqələrə zərbə vurmaq üçün təlimatlandırılıb.

Bal onu da bildirib ki, Türkiyədə olan Azərbaycan sevgisindən heç kim satılmış yararların yazısı ilə vaz keçməz.

"Təəssüflər olsun ki, Türkiyədə ermənipərəst qüvvələr var. Onların ermənilərə olan sevgisinin qaynağının səbəbini söyləmək çətindir. Lakin bir şeyi qeyd etmək istərdim ki, onlar heç vaxt türk xalqının rəğbətini qazanmayıblar", - Bal qeyd edib.

Xəbər lenti

Xəbər lenti