...

Ermənistan təzyiq altındadır - britaniyalı analitiklər

Siyasət Materials 3 May 2010 11:31 (UTC +04:00)
Yerevan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin davam etməsində maraqlı olan xarici qüvvələrin təzyiqi altına düşüb. Britaniyalı analitiklər belə hesab edirlər.
Ermənistan təzyiq altındadır - britaniyalı analitiklər

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir Ü.Sadıxova/

Yerevan Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin davam etməsində maraqlı olan xarici qüvvələrin təzyiqi altına düşüb. Britaniyalı analitiklər belə hesab edirlər.

Bilkənt Universitetinin jurnalistika fakültəsinin müəllimi David Barçardın fikrincə, Ermənistan Prezidenti Serj Sarkisyan ötən həftə Türkiyə ilə münasibətlərin normallaşması prosesinin dayandırılması barədə qərardan çox şey qazanmadı.

"Maraqlıdır ki, o, qəbul olunmuş qərarla bağlı nə dərəcədə təəssüflənir?" - Baçard sual edib. Trend-in müxbiri ilə söhbətində o, əlavə edib ki, Türkiyə Ermənistanla protokolların ratifikasiyası məsələsində öz mövqeyini dəyişməyəcək.

Beynəlxalq münasibətlər üzrə professor Mark Almondun fikrincə, Yerevan və Ankara arasında münasibətlərin normallaşması prosesinin davam etməsində ən çox Qərb ölkələri maraqlıdır. "Onlar Aİ ilə mümkün yaxınlaşmanın əvəzində Ermənistandan protokolların ratifikasiyasını tələb edə bilər", - Trend-ə Bilkənt Universitetinin professoru Almond deyib.

"Öz növbəsində, Türkiyə yalnız xarici siyasi səyləri sayəsində deyil, həm də iqtisadi artım və bütün region üzrə əlaqələrin genişləndirilməsi hesabına Cənubi Qafqazda öz rolunu gücləndirməkdə davam edir", - Almond belə hesab edir.

"Lakin normallaşma prosesinin dondurulması barədə Ermənistanın qərarı ilə Tükiyənin regiondakı səylərinin qarşısı alına bilər", - Almond ehtimal edir.

Ötən həftə Ermənistan Prezidenti Serj Sarkisyan ötən ilin oktyabrında iki ölkə XİN-i arasında imzalanmış Ermənistan-Türkiyə münasibətlərinin normallaşması haqqında protokolların ölkə parlamentində ratifikasiyasının dayandırılması barədə fərman verib.

Sarkisyan protokolların ratifikasiyasının müvəqqəti dayandırılması prosesini "milli maraqlar"la əsaslandırıb.

Münasibətlərin pozulmasının və 1993-cü ildə Türkiyə-Ermənistan sərhədinin bağlanmasının səbəbi Yerevanın "erməni soyqırımı"nın dünyada tanınmasına iddia etməsi və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsidir.

"Əgər bir ölkə digər ölkənin təşəbbüsündə maraqlı deyilsə, oyun başa çatacaq və regionda status-kvo saxlanılacaq", - britaniyalı analitik açıqlama verib. Ermənistanın qonşuları ilə münaqişələr ucbatından üzləşdiyi iqtisadi problemləri nəzərə alaraq, belə vəziyyət ölkədə onsuz da çətin durumu daha da çətinləşdirir. Lakin məsələ ondadır ki, ölkə buna nə qədər davam gətirəcək.

Xəbər lenti

Xəbər lenti