...

Azərbaycanın müxalifət bloku növbəti aksiyanın vaxtını müəyyənləşdirib

Siyasət Materials 4 May 2010 11:43 (UTC +04:00)
Azərbaycanın bir neçə partiyasının təmsil olunduğu blok mayın15-də kütləvi aksiya keçirmək niyyətindədir.
Azərbaycanın müxalifət bloku növbəti aksiyanın vaxtını müəyyənləşdirib

Azərbaycan, Bakı, 04 may /Trend, müxbir A.Hüseynbala/

Azərbaycanın bir neçə partiyasının təmsil olunduğu blok mayın 15-də kütləvi aksiya keçirmək niyyətindədir.

"İşçi qrupun ümumi razılığı əsasında aksiyanın keçirilməsinə razılıq verilməsi üçün bu gün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik", - çərşənbə xşamı Trend-ə "Azadlıq" blokunda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının işçi qrupundakı nümayəndəsi Ramil Hüseynov bildirib.

Hüseynovun sözlərinə görə, aksiyanın keçirilməsi üçün Füzuli meydanı, Səməd Vurğun, Hüseyn Cavid bağları, Nərimanov metrostansiyasının və Cəfər Cabbarlı heykəli qarşısındakı ərazilərın ayrılması xahiş olunub: "Bakı Şəhər İcra Hakimiyyətinin müsbət, yaxud mənfi cavabından asılı olmayaraq, aksiyanı keçirməkdə israrlıyıq", - işçi qrupun üzvü əlavə edib.

Onun fikrincə, bu aksiyada da tələblər seçkilərin azad, demokratik və şəffaf keçirilməsi, sərbəst toplaşma azadlığının təmin olunması ilə bağlı olacaq.

"Azadlıq" bloku aprelin 26-da Bakı Şəhər İcra Hakimiyyətinin binasl qarşısında razılaşdırılmamış aksiya keçirməyə cəhd etsə də, buna imkan verilməyib.

"Azadlıq" blokunu 2005-ci il Parlament seçkiləri ərəfəsi Azərbaycan xalq cəbhəsi, demokrat, müsavat və liberal partiyaları təsis ediblər. Seçkilərdən sonra demokrat və müsavat partiyaları blokdan çıxıblar, Vətəndaş və İnkişaf Partiyası isə "Azadlıq" blokuna üzv olub.

Bloka daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası Parlament seçkiləri ərəfəsi kütləvi aksiyaların keçirilməsi haqqında qərar verib.

Xəbər lenti

Xəbər lenti